“Azərbaycanla Çeçenistan arasında çox sıx əlaqələr var"
28 Noyabr 2018 12:52 Siyasət"Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun Azərbaycana səfəri ölkəmizin Qafqaz regionunda oynadığı böyük rola verilən qiymət kimi də dəyərləndirmək olar. Azərbaycan bu gün təkcə coğrafi qonşusu Rusiya ilə deyil, eyni zamanda ona məsafəcə yaxın yerləşən Rusiya subyektləri ilə də sıx əlaqə saxlayır". Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Deputatın sözlərinə görə, bu gün Azərbaycanla konkret olaraq Çeçenistan Respublikası arasında çox sıx əlaqələr vardır: "Bu, Ramzan Kadırovun Azərbaycana ilk səfəri deyil. İki tərəf arasında ticarət, iqtisadi, hümanitar, o cümlədən dini sahədə də çox sıx əlaqələr vardır. Ramzan Kadırovun ölkəmizə səfəri bu əlaqələri daha da genişləndirmək, Azərbaycanla əlaqələri daha da dərinləşdirmək məqsədidir. Onun Prezident cənab İlham Əliyevlə görüşdə Azərbaycanla, konkret olaraq isə cənab Prezidentimiz haqqında söylədiyi fikirlər onu göstərir ki, Rusiyanın cənub regionları ölkəmizlə əlaqələrə çox böyük önəm verirlər. Həmçinin bu əlaqələri daima diqqətdə saxlayırlar. Ramzan Kadırovun cənab Prezidentə xitabən "siz müsəlman dünyası üçün çox böyük işlər görürsünüz" fikri Azərbaycanın regionda stabilliyinin qorunub saxlaması, Azərbaycanla digər ölkələrin əlaqələrinin güclənməsi üçün ciddi addımların atılması, islami dəyərlərin qorunub saxlanması üçün ölkəmizin apardığı prinsipial siyasətə verilən növbəti qiymət kimi qəbul etmək olar. Bu səfərdə ikitərəfli əlaqələrin, qarşılıqlı investisiyanın, hümanitar əlaqələrin genişləndirilməsinə, qarşılıqlı surətdə bir-biri haqqında məlumatların daha çox yayılmasına, mədəni əlaqələrin gücləndirilməsinə də diqqət yetirilməsinə çox böyük fikir verildi.
Bu səfər həm Azərbaycanla Rusiyanın Qafqaz regionundakı subyektlər arasında sıx əlaqələrin vacibliyini bir daha göstərdi, həm də regionda sülhün qorunub saxlanması üçün mütləq region xalqlarının bir-birini daha yaxşı tanımasına, bir-birinin fəaliyyətinə hörmətlə yanaşmasının vacibliyini göstərdi. Hesab edirəm ki, bu səfər bir daha göstərdi ki, region problemlərinin həllində Azərbaycanın rolu böyükdür və Azərbaycan qonşu xalqlarla münasibətlərdə həmişə mehriban qonşuluq, dostluq və qarşılıqlı inkişaf məsələlərinə ciddi diqqət edir".
SİA