“Gürcüstanda istənilən siyasi hadisə bizim diqqət mərkəzimizdədir”
28 Noyabr 2018 12:51 Siyasət"Gürcüstan bizə qonşu dövlətdir və Azərbaycanla dostluq, qardaş əlaqələri olan bir ölkədir. Bizim bu ölkə ilə uzun illik tarixi münasibətlərimiz var. Dövlətlərimiz arasındakı bugünkü münasibətlər də ən yüksək strateji səviyyədədir. Təsadüfi deyil ki, bütün layihələrdə həyata keçirilən həm enerji, həm də nəqliyyat layihələrində Gürcüstan Azərbaycanla birlikdə iştirak edir. Bu baxımdan şübhəsiz ki, Gürcüstanda baş verən istənilən siyasi hadisə bizim də diqqət mərkəzimizdədir". Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Gürcüstanda keçirilən prezident seçkilərinin nəticəsindən asılı olmayaraq Gürcüstan-Azərbaycan münasibətlərinə ziyan verəcək hər hansı bir hadisə baş verməyəcək: "Yəni seçkinin nəticələri Gürcüstan vətəndaşlarının iradəsinə uyğun şəkildə öz əksini tapacaq. Kim seçilirsə-seçilsin bu strateji baxımdan Azərbaycan üçün fundamental əhəmiyyət kəsb etmir. Şübhəsiz ki, vətəndaş olaraq hər kəsin subyektiv baxışları ola bilər. Təbii ki, mənim də subyektiv baxışlarım var. Bu seçkidə iştirak edən namizədlərə düşünürəm ki, "Gürcü arzusu-demokratik Gürcüstan" partiyasının dəstəklədiyi nümayəndəsinin prezident seçkilərində qalib gəlməsi Gürcüstanın özü üçün də çox da ciddi perspektivlər vəd etmir. Amma bütün hallarda bu seçim gürcü xalqının öz iradəsinə uyğun şəkildə həyata keçirilən seçki idi.
Şübhəsiz ki, dövlətlərarası münasibətlərimiz elə bir müstəvidə qurulub ki, Azərbaycanla Gürcüstan elə bir sıx formada bir-birinə birləşib ki, bu münasibətlərə xələl gətirə biləcək hər hansı bir faktın, siyasi qüvvənin ortaya çıxması mümkün deyil. Çünki Gürcüstanın dövlət olaraq müstəqilliyinin təminatçısı kimi həm də Azərbaycan çıxış edir. Azərbaycanın verdiyi dəstək, ölkəmizin Gürcüstanda həyata keçirdiyi layihələr, bu ölkəyə investisiya yatıran dövlətlərin sırasında Azərbaycanın ilk sırada olması əslində çox şeyi deyir. Bu baxımdan prinsip etibarilə bizi eyni tale, coğrafiya, yaxın mədəniyyətlər və qonşuluq əlaqələri birləşdirir".
sia