“Saakyanın səfərini həmsədrlər özləri təşkil edib"
28 Noyabr 2018 12:39 Siyasət"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə (Fransa, ABŞ, Rusiya) səfərini elə məhz həmsədrlərin özləri təşkil edib. Ən azından onlar bu səfərin təşkilinə razılıq veriblər. Məqsəd isə qondarma Dağlıq Qarabağa dair qurulmuş xristian ölkələrinin böyük qüvvəsindən gedir". Bunu politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, onlar münaqişələrin eyni ssenaridə həll olunmasını söyləsələr də, dəstəkləsələr də, ayrılıqda Dağlıq Qarabağ məsələsinə fərqli yanaşma metodunu işləyib hazırlayıblar: "Təbii ki, bu metodun bir parçası da Bako Saakyanın həmin ölkələrə səfəridir. Söhbət millətlərin öz müqəddəratını təyin etməsi hüququ ilə ərazi bütövlüyü məsələlərinin sintezləşdirilməsindən gedir. Onların bunu necə sintezləşdirəcəkləri bəllidir. Yəqin ki, bu məsələ ətrafında fikir mübadiləsi aparılıb və onun necə reallaşdırılması barədə beynəlxalq hüquqazidd münaqişələr aparılıb. Bu səfəri təşkil edənlər açıq-aydın dövlətlərin suveren hüquqlarına da müdaxilə ediblər".
SİA