“Çağırış sistemində həddindən artıq şəffaflıq təmin edilib"
27 Noyabr 2018 12:31 Siyasət"Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi milli ordu quruculuğu sahəsində də mühüm işlər görüldü. Ümummilli Liderin bu sahədə milli kadrların hazırlanması ilə bağlı böyük xidmətləri olub. Ordu quruculuğuna böyük diqqətin yetirilməsi, 26 iyun tarixinin "Silahlı Qüvvələr Günü" kimi qeyd olunması və digərləri milli ordu quruculuğu sahəsində böyük işlər kimi dəyərləndirilir". Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, müasir ordu quruculuğu sahəsində Prezident İlham Əliyevin verdiyi töhfələr isə misilsizdir: "Azərbaycanda nizami ordu formalaşdırmaq, ordumuzun regionda önə çıxarılması sahəsində görülən işlər xalq qarşısında ən böyük xidmətlər kimi dəyərləndirilir. Azərbaycan ordusu bu gün çətinliklərin öhdəsindən gələn hərbi təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyevin hərbi xidmətə çağırışla bağlı imzaladığı sərəncamdan sonra hər il xeyli sayda gənclərimiz böyük həvəs və ruh yüksəkliyi ilə hərbi xidmətə yollanırlar. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bütün sahələrdə islahatlar həyata keçirir. Ən əsas qarşıya qoyulan tələb vətəndaşların məmunluğudur, onlara istənilən sahədə diqqət və qayğının göstərilməsidir.
Çağırış sistemində həddindən artıq şəffaflıq təmin edilib. Vətəndaşlar harada hərbi xidmətdə qulluq edəcəyini saytına daxil olub şəxsiyyət vəsiqəsinin nömrəsini yazmaqla və sms yolu ilə məlumat əldə edirdisə artıq tətbiq olunan yeniliklə vətəndaşlara birbaşa sms gəlir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) əsgərlərin yola salma, qarşılama prosesini yüksək səviyyədə həyata keçirir: "Eyni zamanda gənclərin xidmətə hazırlanması, "Vətənin müdafiəsinə hazıram" tədbirlərinin, yazı müsabiqələrinin, jurnalistlər arasında Atıcılıq turnirlərinin keçirilməsi, mətbuatla, qeyri-hökumət təşkilatları ilə iş yüksək səviyyədə təşkil edilib. SHXÇDX-nin işi günün tələblərinə uyğundur. Müdafiə Nazirliyinin keçirdiyi təlimlərdə bir günə 10 mindən artıq səfərbərlikdə olan insanı lazımi qaydada lazımi təlim məntəqələrinə təhvil verib. Bu həm Azərbaycan gəncliyinin, ehtiyatda olanların nə qədər vətənpərvər olmağından irəli gəlir, həm də görülən işlərin günün tələblərinə uyğun səviyyədə qurulmağının göstəricisidir".
sia