“Ermənistan daim Rusiyanın əlinin altında olub”

"Rusiya ilə Ermənistan arasındakı münasibətlər son müstəqillik dönəmində heç vaxt müşahidə etmədiyimiz həddə kəskinləşib. Rusiya bu saat Ermənistanın ümumiyyətlə cızığından çıxmasını həzm edə bilmir". Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Ermənistan daim Rusiyanın əlinin altında olub, otur deyəndə oturub, dur deyəndə isə durub: "Ona görə də Rusiya bu saat çaşqınlıq içərisindədir ki, bunlar birdən-birə niyə özlərindən çıxdılar və ümumiyyətlə bunlar hələ də anlamırlar ki, Rusiya olmadan Ermənistan məhv olacaq. Bax, Rusiya üçün bu sualın cavabını tapmaq çətindir. Ona görə də yavaş-yavaş adamlara bir növ izah etməyə çalışırlar ki, yəni siz bizsiz heç kimsiniz. Amma gördüyünüz kimi adamlar anlamırlar. Niyə anlamırlar? Çünki sadəcə olaraq dövlət və dövlətçilik təcrübələri yoxdur. Eyni zamanda da bir balaca Azərbaycan torpaqlarını işğal altında saxladıqlarına görə elə düşünürlər ki, bəlkə doğurdanda bu güc onların öz gücüdür. Təbiidir ki, Rusiya öz gücünü Ermənistanın arxasından çəksə, işğalçı ölkə günün birində Azərbaycanın qarşısında diz çökməli olacaq. Bu gerçəyi anlamadıqlarına görə də Rusiya ilə oyun oynamağa çalışırlar. Yəqin ki növbəti mərhələdə Rusiya bir qədər də sərt addımlar atacaq.

Artıq bu gün Ukrayna ilə bağlı Rusiyanın davranışlarını gördük. Yəni Rusiya qlobal gücdür. Hətta bir misal var. "Dəvə nə qədər zəifləsə də, təkcə dərisi bir eşşəyin yüküdür". Beləcə Rusiya nə qədər zəifləsə də, dünyada sıxıntılara məruz qalsa da yenə də güclü dövlətdir. Xüsusilə də bizim coğrafiyamızda Rusiya söz sahibidir. Təbiidir ki, normal ağlı başında olan dövlət rəhbərləri Rusiya amilini nəzərə alırlar, onunla öz ləyaqətlərini alçaltmadan bərabərhüquqlu tərəflər kimi davrana bilirlər. Məsələn, cənab Prezident İlham Əliyev onu çox ustalıqla, təcrübəli bir siyasətçi kimi edə bilir. Amma təbiidir ki, Paşinyan bunu edə bilmir və etməsi də mümkün deyil. Çünki adamın nə təcrübəsi, ustalığı, nə də siyasəti var".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31