“Bundan sonra Minsk qrupunun münaqişənin həlli ilə bağlı fəaliyyət göstərməsi də artıq absurddur”
Deyəsən Dağlıq Qarabağ probleminin həlli istiqamətində yeni “həll variantı” tapılıb. Özü də bu “həll variantı”nı 20 ildən artıqdır ki, münaqişənin həlli istiqamətində heç bir irəlilləyişə nail ola bilməyən, yalnız regiona turistik səfərlər edərək boş-boş bəyanatlar səsləndirməklə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri və onları təmsil edən üç həmsədr ölkə tapıb.
26 Noyabr 2018 13:52 SiyasətDeyəsən Dağlıq Qarabağ probleminin həlli istiqamətində yeni "həll variantı" tapılıb. Özü də bu "həll variantı"nı 20 ildən artıqdır ki, münaqişənin həlli istiqamətində heç bir irəlilləyişə nail ola bilməyən, yalnız regiona turistik səfərlər edərək boş-boş bəyanatlar səsləndirməklə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri və onları təmsil edən üç həmsədr ölkə tapıb. Bu "həll variantı" isə Dağlıq Qarabağın separatçı rejiminin tərəf kimi qəbul edilməsidir. Hər halda separatçı rejimin rəhbəri Bako Saakyanın üç həmsədr ölkəyə baş tutan səfərləri, eləcə də vasitəçilərin regiona səfərləri zamanı onların Azərbaycanın icazəsi olmadan işğal altında olan ərazilərə səfər edərək orada separatçıların lideri ilə görüşməsi belə deməyə əsas verir. Görünən odur ki, vasitəçilər və onların mənsub olduğu ölkələr separatçı Dağlıq Qarabağ rejiminin problemin həlli istiqamətində aparılan danışıqlarda tərəf kimi iştirakına çalışırlar və bunun Azərbaycan tərəfindən də qəbul edilməsi niyyətindədirlər. Əks halda həmsədr ölkələr separatçıların liderinə qucaq açmazdılar. Elə əksəriyyət ekspertlər də bu qənaətdədirlər. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, erməni separatçılarının lideri Bako Saakyanın ard-arda 3 həmsədr dövlətə, Fransa, Birləşmiş Ştatlar və Rusiyaya səfərə dəvət edilməsi təsadüfi deyil. Onun sözlərinə görə, bu 3 dövlətin həmsədrləri bir müddət əvvəl bölgədə olmuşdular, Xankəndidə Bako Saakyanla da görüşmüşdülər: "Mümkündür ki, bu görüş zamanı onun gələcək səfərləri barədə fikir mübadiləsi aparılıb. Sadəcə, Bako Saakyanın 3 dövlətə dəvət edilməsi həmsədrlərin nəyinə lazımdır? Söhbət Bako Saakyanın mövqeyinin öyrənilməsindən gedirsə, onsuz da Xankəndində onunla görüşüb istəklərini dinləyirlər".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, bu səfərlərin arxasında Azərbaycan üçün başqa təhlükəli tendensiya gizlənir: "Həmsədr dövlətlər separatçıların liderini Paris, Vaşinqton və Moskvaya dəvət etməklə bizə onu tərəf kimi sırımağa çalışırlar. Beləcə həmsədrlər Ermənistan hakimiyyətinin illərdir bizə qəbul etdirməyə çalışdıqları mexanizmi işə salmaq istəyirlər. Elə Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın da istəyi budur". Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bu tələdən çıxış yolu tapmalıyıq: "Əslində bu işlə birbaşa Prezident Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzi məşğul olmalı, müxtəlif ssenarilər və təkliflər hazırlamalıdır. Ancaq onların son illərdə nə işlə məşğul olduğunu özlərindən başqa heç kim bilmir. Əgər bu işi bacarmırlarsa, heç olmazsa kənar mütəxəssislərə müraciət etsinlər. Ancaq Mərkəzin qapısı həmin mütəxəssislərə də bağlıdır".
Politoloq Ramiz Alıyev isə deyir ki, separatçıların liderinin üç həmsədr ölkəyə səfər etməsi və həmin səfərə heç bir maneçiliyin törədilməməsi beynəlxalq hüququn pozulması deməkdir: "Hər kəsə bəllidir ki, Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılan qurum separatçı rejimdir. Həmsədr ölkələr separatçıların liderinə Rusiya, Fransa və Birləşmiş Ştatlarda görüşlər keçirməyə imkan yaratmaqla əslində beynəlxalq hüquq və prinsipləri pozmuş olurlar". Ramiz Alıyev deyir ki, separatçıların liderinin üç həmsədr ölkəyə səfər etməsi həmçinin vasitəçi dövlətlərin obyektivliyi, ədalətli davranış ortaya qoyacaqlarına ziddiyət təşkil edir: "Ümumiyyətlə, bu kimi addımlar vasitəçilik missiyasına tamamilə ziddir. Vasitəçilər tərəfsizlik nümayiş etdirməli olduqları halda, onlar açıq-aşkar tərəf tuturlar. Özü də separatçıların tərəfi. Münaqişənin həlli ilə məşğul olan qurumun, dövlətlərin belə bir mövqe nümayiş etdirməsi çox pis president ola bilər. Həmçinin belə bir mövqe, yanaşma onu deməyə əsas verir ki, ATƏT-in Minsk qrupunu heç də problemin həlli düşündürmür. Onları düşündürən yalnız və yalnız separatçıların tərəf kimi danışıqlar prosesində iştirakına nail olmaqdır". Politoloq hesab edir ki, Azərbaycan tərəfi heç bir halda vasitəçilərin bu mövqeyini qəbul etməyəcək və buna öz kəskin etirazını bildirəcək: "Düşünürəm ki, bundan sonra Minsk qrupunun münaqişənin həlli ilə bağlı fəaliyyət göstərməsi də artıq absurddur".
Süleyman