Həmsədrlərin separatçı rejimi tərəf kimi sırımaq cəhdi

Vasitəçi dövlətlər missiyalarına zidd mövqe nümayiş etdirilər

Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" Bako Saakyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun üzvləri ABŞ və Fransanın ardınca Rusiyaya səfər etdiyi bildirilir. Erməni kütləvi informasiya vasitələrində yer almış məlumata əsasən, qondarma rejimin "rəhbəri" Rusiya Federasiyasına səfər edib. Əvvala xatırladaq ki, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" kimi təqdim edən Bako Saakyanın 2017-ci ildə Belçikaya, cari ilin martında ABŞ-a, noyabrında isə Fransaya, ABŞ-a və Rusiyaya bir-birinin ardınca səyahətləri hər şeydən əvvəl beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir və ATƏT-in müvafiq mandatına, vasitəçilik öhdəliklərinə də uyğun deyil. Üstəlik ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, münaqişənin nizama salınması üçün üzərlərinə götürdükləri öhdəliklərə zidd olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın öz ölkələrinin ərazisinə daxil olmasının qarşısının alınması üçün heç bir tədbir görmürlər. Heç şübhəsiz ki, belə vəziyyət Qanunsuz qurumun "rəhbərinin" ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinə səyahətləri, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Məhz bu kimi amilləri nəzərə alan Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə kəskin reaksiya verib. Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, qanunsuz separatçı rejimin nümayəndəsinin Rusiya Federasiyasının ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir: "Rusiya tərəfinin bu addımı Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin yüksək səviyyəsinə uyğun gəlmir və ikitərəfli münasibətlərin normativ-hüquqi bazası ilə, xüsusilə də "Tərəflərin separatçı hərəkatları dəstəkləməmək, digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönələn şəxslərin fəaliyyətini qadağan etmək öhdəliyini" əks etdirən Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə ilə ziddiyyət təşkil edir. Qanunsuz qurumun "rəhbərinin" ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinə səyahətləri, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür".  "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Rusiyaya "səfəri" ilə bağlı bəyanat yayıb. İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov bəyanatı şərh edərək bildirib ki, Bako Saakyan adlı şəxs Azərbaycanın işğal altında olan ərazilərində hərbi gücdən istifadə nəticəsində formalaşdırılmış oyuncaq, qeyri-qanuni rejimin təmsilçisidir. Onun xarici, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrə səyahət etməsinə imkan verilməsi işğal, təcavüz və terrorizm əməlləri nəticəsində yaradılmış rejimin təşviqinə xidmət edir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri belə addımlarla ayri-seçkiliyə əsaslanan siyasət yürüdərək etnik təmizləməyə məruz qalmış Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının hüquqlarının pozulmasına göz yumurlar: "Bir daha xatırladırıq ki, ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləridir və Dağlıq Qarabağ problemini həll etmək üçün beynəlxalq ictimaiyyət tərəfindən verilən mandat əsasında vasitəçilərdir. Onlar birtərəfli addımlar əvəzinə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında barışığa, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına çalışmalıdırlar. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, 26 il ərzində Minsk qrupunun göstərdiyi səylər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. ATƏT-in regionda sülhpərvər fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır. Bu baxımdan biz Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrə (Fransa, ABŞ, Rusiya) "səfər"lərini Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsindən olan məcburi köçkünlər, yəni, 80 mindən çox azərbaycanlı adından kəskin şəkildə pisləyir, eləcə də hiddətimizi ifadə edir, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bu addımını Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı hörmətsizlik kimi qiymətləndiririk". Politoloq Elxan Şahinoğlu deyib ki, erməni separatçılarının lideri Bako Saakyanın ard-arda üç həmsədr dövlətə (Fransa, ABŞ və Rusiya) səfərə dəvət edilməsi təsadüfi deyil. Onun sözlərinə görə, bu üç dövlətin həmsədrləri bir müddət əvvəl bölgədə olmuşdular, Xankəndidə Bako Saakyanla da görüşmüşdülər: "Mümkündür ki, bu görüş zamanı onun gələcək səfərləri barədə fikir mübadiləsi aparılıb. Sadəcə, Bako Saakyanın üç dövlətə dəvət edilməsi həmsədrlərin nəyinə lazımdır? Söhbət Bako Saakyanın mövqeyinin öyrənilməsindən gedirsə, onsuz da Xankəndidə onunla görüşüb istəklərini dinləyirlər. Bu səfərlərin arxasında Azərbaycan üçün başqa təhlükəli tendensiya gizlənir. Həmsədr dövlətlər separatçıların liderini Paris, Vaşinqton və Moskvaya dəvət etməklə bizə onu tərəf kimi sırımağa çalışırlar. Beləcə həmsədrlər Ermənistan hakimiyyətinin illərdir bizə qəbul etdirməyə çalışdıqları mexanizmi işə salmaq istəyirlər. Elə Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın da istəyi budur. Bu tələdən çıxış yolu tapmalıyıq. Əslində bu işlə birbaşa Prezident Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzi məşğul olmalı, müxtəlif ssenarilər və təkliflər hazırlamalıdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31