Radikalların növbəti dəfə ictimai-siyasi sabitliyi pozmaq cəhdləri

Və Avropanın “ədalət carçıları”nın proseslərə ikili yanaşması

Və Avropanın "ədalət carçıları"nın proseslərə ikili yanaşması

Radikal müxalifət yenə də öz ampluasındadır.  Əsas məram və məqsədi ölkədə sabitliyi pozmaq, gərginlik yaratmaq olan radikal düşərgə ötən həftə sonu yenə də ənənəsinə sadiqlik nümayiş etdirərək ictimai asayişi pozmağa çalışdı. Azərbaycan tarixi, müasir dövrümüz üçün ən əlamətdar hadisələrdən biri sayılan Milli Dirçəliş Günündə radikal düşərgə özünün əvvəlcədən razılaşdırılmammış aksiyasını keçirməyə cəhd etdi. Belə ki, bayram günü Şəhidlər Xiyabanını ziyarət etmək bəhanəsi ilə Parlament prospektində cəmlənən radikallar yenə də paytaxtda qarşıdurma yaratmağa çalışdılar. Milli Şura adlanan qurumun Milli Dirçəliş Günü razılaşdırmamamış aksiyaya etdiyi cəhd və aksiya zamanı siyasi motivli şüarların səsləndirilməsi bir daha sübut etdi ki, radikalları heç də milli bayramlar və ya bu kimi bayramlar ərəfəsində şəhidləri ziyarət etmək düşündürmür. Sadəcə sözüfedən düşərgə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərdən belə öz siyasi məqsədləri üçün istifadə edir. Bunu sübuta yetirmək üçünsə o qədər də ciddi araşdırma və təhlilə ehtiyac yoxdur.

Əgər radikal düşərgəni doğurdanda Şəhidlər Ziyabanını ziyarət etmək, şəhidlərimizin ruhunu yad etmək düşündürürdüsə, o zaman ən azı müvafiq qurumlara xəbərdarlıq məktubu ünvanlamalı idi.  Çünki Şəhidlər Xiyabanı həm tarixi dini məkan, həm də siyasi protokolların keçirildiyi ərazi sayılır. Təsəvvür edək ki, Əli Kərimli və başının dəstəsinin Şəhidlər Xiyabanı ətrafında çığır-bağır saldığı zaman ölkəmizə səfərdə olan hansısa dövlət və hökumət nümayəndə heyəti eyni məkanı ziyarətə gələrdi. O zaman hansı bir mənzərənin yaşandığı və paytaxtımızın qonağı olan dövlət və ya hökumət rəsmisinin Azərbaycan barədə nə fikirləşdiyi, düşündüyünü siz təsəvvür edin. Əslində Əli Kərimli, Cəmil Həsənli və onlarla eyni sırada olan radikal düşərgə təmsilçilərini məhz belə bir mənzərə, situasiya qane edir ki, Azərbaycan barədə beynəlxalq aləmdə, dünyada mənfi rəy, imic formalaşsın.

Ümumiyyətlə, Əli Kərimli və onun patronajlığı ilə fəaliyyət göstərən Milli Şuranın şəhidlərin adından istifadə etməsi, onlardan siyasi məqsədlər üçün yararlanmaq cəhdi birinci dəfə deyil. Artıq radikal düşərgə üçün bu bir ənənəyə çevrilib və öz siyasi məqsədlərinə çatmaq üçün şəhidlərdən istifadə edir, onlardan siyasi alver məqsədlər üçün yararlanırlar. Əgər xatirinizdirsə elə bu ilin fevralında, Xocalı faciəsinin ildönümü ərəfəsində də Əli Kərimli və ətrafı eyni şounu nümayiş etdirdi. Başının dəstəsi ilə giya Xocalı abidəsini ziyarət etməyə gələn Əli Kərimli və ətrafında cəm olmuş radikallar ziyarət zamanı siyasi şüarlar, istefa ifadələri işlətdilər ki, bu da Kərimlinin şəhidlərə nə dərəcədə hörmət qoyduğunun göstəricisi idi. Yaxud oxşar sitasiya Xocalı faciəsinin ildönümündən əvvəl, 20 Yanvar faciəsinin ildönümü ərəfəsində baş vermişdi. Həmin ərəfədə də, daha doğrusu 20 Yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət adı altında Parlament prospekti ilə hərəkət edən Kərimli və onun tərəfdarları "istefa", "azadlıq" şüarları səsləndirdilər ki, bu da radikalların mahiyyətini açıq şəkildə ortaya qoyurdu.  

Nəhayət, Milli Dirçəliş Günü ərəfəsində yaşananlar bird aha sübut etdi ki, hər şeydən əli üzülən, hakimiyyətə gəlmək istiqamətində bütün ümidləri puça çıxan Əli Kərimli indi də şəhidlərdən siyasi məqsədlər üçün yararlanır. Bu il ərzində sadalanan və yuxarıda qeyd etdiyimiz hadisələr radikalların, daha dəqiq desək Əli Kərimlinin mahiyyətini ortaya qoyur. Bir sözlə radikal müxalifət ümummilli bayramları və tarixi günləri öz varlığını yada salmaq üçün istismar etməkdədir. Keçirdikləri qanunsuz aksiya zamanı polislə toqquşma, qarşıdurmaya gedən radikalların əsas məqsədinin şəhidləri ziyarət deyil, paytaxtda ictimai asayişi öozmaq olduğu bird aha təsdiqini tapmış oldu.

Ancaq sevindirici hal ondan ibarətdir ki, ölkənin hüquq-mühafizə orqanları istənilən bu kimi cəhdlərin qarşısını alaraq ictimai asayişin təmin olunmasına çalışır, onu təmin edirlər. Baxmayaraq ki, belə aksiyalar zamanı təşkilatçılar, polisi, asayiş keşikçilərini təxribata, qarşıdurmaya çəkir, gərginliyin artmasına çalışırlar, ancaq hüquq-mühafizə orqanları radikalların təxribatlarına uymayaraq öz vəzifə borclarını ləyaqətlə həyata keçirirlər. Necə ki, həftə sonu polisin razilaşdırılmamış qaydada aksiya keçirmək istəyən siyasilərə qarşı olan münasibətində bunu aydın görmüş oldu. Hər nə qədər Əli Kərimli və tərəfdarları polisi qarşıdurmaya çəkməyə çalışsalar da, lakin radikalların bu cəhdi baş tutmadı və asayiş keşikçiləri kifayət qədər təmkin, qanunun tələblərinə riayət nümayiş etdirdilər. Nəticə etibarilə hüquq mühafizə orqanları tərəfindən qeyri qanuni aksiyanın qarşısını alındı və radikal düşərgəyə Şəhidlər Xiyabanı kimi müqəddəs ziyarətgahı siyasi spekulyasiya və şou meydanına çevirməyə imkan verilmədi. Aksiyanın təşkilatçıları saxlanaraq Səbail rayon polis idarəsinə aparıldılar.

Aksiyadan sonra radikal müxalif fəalları tərəfindən sosial şəbəkələrdə başladılan böyük kampaniya, eləcə də  polis idarəsinə yürüş etmək barədə çağırışlar  onu deməyə əsas verir ki, Əli Kərimli bu aksiyaya əvvəlcədən hazırlaşıb və əsas məqsədi də polislə qarşıdurmaya getmək, ictimai-siyasi sabitliyi pozmaq olub.

Cərəyan edən proseslər və ictimai asayişi pozmaq cəhdlərinin fonunda qəribə bir tendensiya da müşahidə edilməkdədir. Belə ki, radikalların həftə sonu keçirdiyi aksiya zamanı asayiş keşikçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılarla nə qədər xoş, təmkinli davransa da, lakin Azərbaycan polisinin bu istiqamətdəki fəaliyyətinə yenə də qərəzli yanaşma olub. Belə ki, həm etirazçılar, həm də onlara bu və ya digər dərəcədə dəstək verən xarici qüvvələr belə bir rəy formalaşdırmağa çalışıblar ki, guya polis aksiya iştirakçılarına qarşı fiziki güc tətbiq edib, onlara xəsarət yetirib. Halbuki aksiya anından yayımlanan kadrlar, elə aksiya təşkilatçılarına xidmət edən xəbər portalları və intermet medianın yaydığı görüntülər və fotolardan da aydın şəkildə görünür ki, polis aksiya zamanı etirazçılara qarşı heç bir fiziki güc tətbiq etməyib. Sadəcə qanunlar çərçivəsində ictimai asayişin pozulması cəhdinin qarşısını alıb.  Buna rəğmən Qərbin Avropanın bəzi ədalət "carçıları", "insan hüquqlarının müdafiəçiləri"  ölkəmizə qarşı yenə də qərəzli münasibət sərgiləyiblər. Halbuki Azərbaycana ədalət dərsi keçmək istəyənlərin özündə belə həmin ərəfədə polis dinc etirazçılara qarşı fiziki güc tətbiq edir, onlara qarşı amansızlıq edirdi. Məsələn, Fransada qiymət artımına qarşı keçirilən "Sarı jiletlilər"in etiraz aksiyası zamanı 409 nəfər polis təzyiqinin qurbanına çevrilərək müxtəlif dərəcəli xəsarətlər alıb. Hətta aksiya zamanı polis soyuq silahdan belə istifadə etməkdən çəkinməyib. Son məlumatlara görə, hətta aksiya zamanı bir nəfər həlak olub.

Xatırladaq ki, sarı jiletlər geyinmiş nümayişçilər ölkədə qiymət artımına, xüsusilə yanacağın qiymətinin və yanacağa 2019-cu ildən etibarən tətbiq ediləcək verginin artırılmasına etiraz əlaməti olaraq avtomobillərin yollarını kəsərək onların hərəkətinə mane olmağa çalışırlar.

Eləcə də Yunanıstanın paytaxtı Afina şəhərində anoloji hadisələr yaşanıb. Politexnik İnstitutunun tələbələri etiraz aksiyası Afina ilə Sturnari, Tositsa və Tsamadu şəhərlərini də əhatə edib. Polisin etirazçılara güc tətbiq etməsi nəticəsində 22 etirazçı isə saxlanılıb. Saxlanılanlardan 13 nəfər barəsində müxtəlif maddələr üzrə cinayət işi açılıb.

Yaxud Londonda keçirilən aksiya da polisin etirazçılara qarşı fiziki təzyiq göstərməsi ilə yadda qalıb. Belə ki, yüzlərlə insan Londonun mərkəzində toplaşaraq şəhərin əsas körpülərini blok edib. Onlar hökümətdən iqlim dəyişikliyinə ciddi yanaşmasını tələb edir. Londonda keçirilən aksiya zamanı da 30-a yaxın şəxs polis tərəfindən saxlanılıb.

Göründüyü kimi, Avropa polisi belə hər hansı bir ölkədə asayişin pozulmasına qarşı olan cəhdlərin qarşısını alarkən amansızlığa, fiziki gücə üstünlük verir. Lakin qəribədir ki, Avropanın "ədalət carçıları" bunu görməməzlikdən gəlirlər. Əvəzində isə Azərbaycan polisinin ictimai-siyasi sabitliyi pozmağa çalışanlara qarşı qanunlar çərçivəsində etdiyi hərəkəti, təmkini amansızlıq, fiziki təzyiq kimi qələmə verirlər.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31