Türkdilli ölkələrlə qurulan əlaqələr xüsusi əhəmiyyətə malikdir

Gövhər Baxşəliyeva: "Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət türkdilli xalqların əməkdaşlığına böyük töhvə verir"

Azərbaycanın Milli Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının altıncı iclası keçirilib. İclasda Qeyd edilib ki, Azərbaycan türkdilli dövlətlər arasında sosial, siyasi, iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində dünyaya bir nümunə göstərir. Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun direktoru, akademik qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətdə türkdilli xalqların inteqrasiyası, o sıradan Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan respublikaları ilə qurulan hərtərəfli əlaqələr xüsusi önəm daşıyır.Türkdilli ölkələrin dövlət başçıları ilə görüşlər, imzalanan bəyannamələr, bağlanan siyasi, iqtisadi, mədəni, hərbi, hüquqi müqavilələr forma və məzmun baxımından mükəmməl və genişdir: "Respublika Prezidenti qazax, qırğız və digər türk xalqlarının görkəmli şəxsiyyətlərini qəbul edərək onların fəaliyyətini yüksək qiymətləndirir. 2008-ci ildə Özbəkistan Prezidenti İslam Kərimovun Bakıya səfəri çərçivəsində özbək mütəfəkkir-şairi Əlişir Nəvainin Bakıda heykəlinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünün və böyük şairimiz Nizami Gəncəvinin heykəlinin Daşkənd şəhərində ucaldılması, görkəmli qazax ziyalısı Oljas Suleymenovu qəbul edərək 75-illik yubileyi münasibəti ilə "Dostluq" ordeni ilə təltif etməsi və digər hadisələr mədəni əlaqələrdə böyük önəm daşıyır. Azərbaycan Respublikasının dövlət siyasətində türkdilli ölkələr ilə qurulan əlaqələrdə beynəlxalq təşkilatlarda Azərbaycanın təmsilçiliyi xüsusi əhəmiyyətə malikdir. Belə ki, beynəlxalq qurum və təşkilatların, konfrans və digər tədbirlər çərçivəsində respublikamız türkdilli xalqlar ilə hərtərəfli və çoxşaxəli əlaqələrin inkişaf etdirilməsində ciddi addımlar atmışdır. Türkdilli Ölkələrin Dövlət Başçılarının zirvə görüşləri, xüsusilə 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında gerçəkləşən IX zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası haqqında sazişin imzalanması, Naxçıvan bəyannaməsinin qəbulu, 8 sentyabr 2008-ci ildə "Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın strategiyası", Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Təşkilatının fəaliyyətində Azərbaycan dövlətinin və onun Prezidentinin uğurlu siyasi fəaliyyəti türkdilli xalqların inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir. Türkdilli xalqların inteqrasiyası istiqamətində baş tutan digər bir çox önəmli hadisə - Türkdilli Dövlətlərin Parlament Assambleyasının (Türk PA) təsisi və baş katibliyinin Bakıda yerləşdirilməsidir".

Onun sözlərinə görə, İran İslam Respublikası ilə qarşılıqlı faydalı qonşuluq münasibətlərinin saxlanması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir: "Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Azərbaycan-İran qarşılıqlı əməkdaşlığı kifayət qədər yüksək səviyyədədir.Müsəlman ölkələri arasında həmrəyliyi və əməkdaşlığı möhkəmlətməyi, sülh şəraitini təmin etməyi, islam mənəvi dəyərlərini, mədəniyyətini, ənənələrini qoruyub saxlamağı və inkişaf etdirməyi rəhbər tutan İslam Əməkdaşlıq Təşkilatı ilə yaxından əməkdaşlıq etmək, onun vasitəsi ilə müsəlman dünyasının haqq işimizdə bizə dəstəyinə nail olmaq prinsipləri xarici siyasətimizin vacib istiqamətidir. İƏT ilə əlaqələr Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək, yeni mərhələyə qədəm qoydu. 2005-ci ildə İƏT-nin Məkkədə keçirilən fövqəladə sammitində Azərbaycan Prezidenti şəxsən iştirak etdi. Onun təşəbbüsü ilə 2006-cı ildə (19-21 iyun) Təşkilata üzv Ölkələrin Xarici İşlər Nazirlərinin XXXIII konfransı Bakıda keçirildi. Bakıda keçirilən İƏT Turizm Nazirlərinin V konfransının (10-11 iyun 2009) nəticəsi olaraq qəbul edilmiş yekun bəyannamədə Ermənistanın Azərbaycana təcavüzü pislənməklə yanaşı, işğal edilmiş ərazilərdə və habelə Ermənistan daxilindəki mədəniyyət və islam abidələrinə qarşı həyata keçirilən vandalizm siyasəti, eləcə də işğal olunmuş ərazilərin təbii resurslarından istifadə edilməsini pisləyən maddələr əksini tapıb".

Millət vəkili əlavə edib ki, Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti İƏT Parlament İttifaqında müntəzəm iştirak edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təcavüzkarı pisləyən, Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən bir sıra qətnamələrin qəbuluna nail olmuşdur: "Keçən illər ərzində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərar və qətnamələr, o cümlədən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının son Qahirə sammitinin sənədləri artıq münaqişənin həlli çərçivəsini, hüquqi bazasını və onun əsas elementlərini müəyyənləşdirmişdir. Beynəlxalq ictimaiyyətin əsaslandığı bu sənədlər ATƏT-in Minsk qrupunun daha nəticə yönümlü fəaliyyəti üçün əsasdır. Azərbaycan öz növbəsində təşkilatın qərarlarının qəbul edilməsində fəal iştirak edir. İslam dövlətlərində baş verən proseslərə münasibətdə konstruktiv mövqe tutur. Təşkilatın bütün tədbirlərində Azərbaycan nümayəndələri birmənalı şəkildə Fələstin xalqının suverenlik hüququnu müdafiə edib, Qüdsdəki islam abidələrinin toxunulmazlığına tərəfdar çıxıb.Azərbaycan İƏT-nın aidiyyəti strukturları ilə də sıx əməkdaşlıq edərək, həmin qurumların işində, eyni zamanda, üzv ölkələrdə keçirilən tədbirlərdə çox yaxından iştirak edir. Bu nöqteyi-nəzərdən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti və onun ISESCO-nun xoşməramlı səfiri təyin edilməsi və təşkilatın humanitar məsələlər üzrə xüsusi elçisi diplomu ilə təltif edilməsi təqdirəlayiqdir".

G. Baxşəliyeva bildirib ki, regionda strateji əhəmiyyət daşıyan ərəb ölkələri ilə də ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir: "Ərəb dünyasının nəhəngləri olan Səudiyyə Ərəbistanı, Misir Ərəb Respublikası, müsəlman dünyasının liderləri olan İndoneziya, Pakistan, Malayziya və başqa dövlətlərlə də qardaşlıq və dostluq əlaqələri qurmaq Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi Prezident İlham Əliyev tərəfindən diqqətə alındı. Əlbəttə, regiondakı siyasi durum bu siyasətin taktika və strategiyasını qurmaqda mühüm və başlıca amillərdən biri oldu.Yaxın və Orta Şərq regionundakı bütün ictimai-siyasi ab-havanı müəyyənləşdirən əsas məsələ artıq 70 il davam edən İsrail - ərəb qarşıdurmasıdır. İslam dünyası və İsrail arasındakı gərginliyin hələ də qalması, Fələstin probleminin bu günədək həll olunmaması hər iki tərəfə münasibətdə Azərbaycan Respublikasının həyati maraqlarına cavab verən bir siyasətin aparılmasının vacibliyini göstərir. Bu siyasi xətt konstruktiv olmalı, birtərəfli xarakter daşımamalıdır. Bir tərəfdən İsraillə əlaqələrimizdə ölkəmizdə böyük bir yəhudi icmasının yaşayaraq fəaliyyət göstərdiyini, iqtisadi, mədəni, elmi və hərbi sahələrdə bu ölkə ilə əməkdaşlıq etməyin bizim strateji maraqlarımıza cavab verdiyini nəzərə almalı, digər tərəfdən güclü potensiala malik olan müsəlman aləminə məxsus olmamız, ənənəvi iqtisadi və mədəni əlaqələrimizin mövcudluğu yaddan çıxarılmamalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasət xətti bütün bunları incəlikləri ilə nəzərə aldı. Düzgün ölçülmüş və tarazlaşdırılmış siyasi xəttin nəticəsidir ki, ölkəmiz həm İƏT çərçivəsində böyük müvəffəqiyyətlər qazanmış, həm də İsraillə sabit və konstruktiv əməkdaşlıq edir. Bu gün Azərbaycanın əksər ərəb dövlətləri ilə (Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Suriya, Qətər, İordaniya və s.) gözəl dostluq və əməkdaşlıq münasibətləri var. Ölkəmizdə bir sıra ərəb ölkələrinin səfirlikləri fəaliyyət göstərir. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı, Misir, BƏƏ, Suriya, İordaniya, Liviya və s. ərəb ölkələrində səfirlikləri var.2004-cü ildən başlayaraq Prezident İlham Əliyevin ərəb ölkələrinə bir sıra rəsmi dövlət səfərləri baş tutdu: 2004-cü ildə Qətərə, 2005-ci ildə Səudiyyə Ərəbistanı Krallığına, 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərinə, 2007-ci ildə Misir Ərəb Respublikasına və İordaniya Haşimilər Krallığına, 2009-cu ildə Küveytə. 2016-cı ilin fevralında BƏƏ-yə rəsmi səfər etdi. Növbəti ilin fevral ayında Qətər Əmiri Şeyx Təmim əl-Tani Azərbaycana səfər etdi. Aparılmış böyük işlərin, yaradılmış mühüm əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın nəticəsidir ki, 2008-ci il martın 14-də BMT-nin Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamənin qəbul olunmasına dair keçirilən səsvermədə müsəlman ölkələri Azərbaycanın mövqeyini dəstəkləmişdir.2017-ci il ölkəmizdə "İslam həmrəyliyi ili" elan olunmuş, Bakıda IV İslam Həmrəyliyi İdman Oyunları keçirilmişdir. Həmin ilin may ayında dövlətimizin başçısı Ərəb-İslam-Amerika sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanına işgüzar səfər etmişdir. ISESCO ilə də əməkdaşlıq yüksələn xətlə inkişaf edir, təşkilatın Baş Katibi Əbduləziz Tuveycri Bakıya müntəzəm səfər edir, burada ən müxtəlif mədəni layihələrin açılışında iştirak edir, ölkə rəhbəri və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə müntəzəm görüşlər keçirir, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edir. Son illərdə Bakının, daha sonra Naxçıvanın "İslam mədəniyyəti paytaxtı" elan edilməsi bu əməkdaşlığın bariz nümunəsidir.İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də böyük işlər görülüb. 2017-ci ilin mart ayında Azərbaycan Prezidenti təşkilatın XIII sammitində iştirak etmək üçün Pakistana işgüzar səfər etmişdir. Çin, Yaponiya, Koreya, Monqolustan, Pakistan, Hindistan, İndoneziya, Malayziya və digər ölkələrlə əlaqələr möhkəmləndirilir, dövlət başçılarının qarşılıqlı səfərləri təşkil olunur, müqavilələr və digər sənədlər imzalanır, müxtəlif sahələrə aid əməkdaşlıq edilir".

Millət vəkili bildirib ki, Bu gün Azərbaycanın 38 Asiya və 23 Afrika ölkəsi ilə diplomatik əlaqələri var. Bu ölkələrdəki səfirliklərimiz ölkəmizin milli maraqlarının təmin olunmasında, xarici siyasətin həyata keçirilməsində, iqtisadi əlaqələrimizin coğrafiyasının genişləndirilməsində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsində, eləcə də respublikamızın xarici ölkələrdə təbliği, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiə edilməsi işində onların qarşısında qoyulan vəzifələri icra edirlər: "Etibarlı tərəfdaş olan və beynəlxalq münasibətlərə beynəlxalq hüququn prinsipləri çərçivəsində yanaşan Azərbaycan ikitərəfli münasibətlərin fəlsəfəsinə, siyasi, hüquqi çərçivəsinə uyğun olaraq hər bir dövlət ilə olan əlaqələrini üçüncü tərəfə qarşı istifadə etməkdən tamamilə uzaq, xoşməramlı, tarazlı siyasətinə görə dünya dövlətlərinin etimad və rəğbətini qazanmışdır.Çoxtərəfli diplomatiyamızın tərkib hissəsi kimi Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Şurası, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər bu kimi universal və regional beynəlxalq təşkilatların üzvü olaraq bu təşkilatlar çərçivəsində də fəal iş aparır. Etiraf olunmalıdır ki, bir çox hallarda məhz Azərbaycanın təklifləri bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində başlıca rol oynayır.İkitərəfli və çoxtərəfli qaydalar əsasında xarici siyasətimizin coğrafiyasının genişləndirilməsini şərtləndirən vacib amillərdən biri də Azərbaycanın iqtisadi imkanlarının artmasıdır. Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Azərbaycan artıq investisiya qəbul edən ölkədən investisiya ixrac edən ölkəyə çevrilmişdir. Yürütdüyü çoxistiqamətli siyasət nəticəsində Azərbaycan bu gün kəsişmə nöqtəsində yerləşdiyi Xəzər, Qara və Aralıq dənizləri hövzələri, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa regionlarının siyasi-iqtisadi proseslərində, onları birləşdirən enerji, nəqliyyat layihələrində yaxından iştirak edir və bir çox hallarda belə layihələrin təşəbbüskarı kimi çıxış edir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31