Azərbaycanın diplomatik gedişləri Ermənistanın regional təcridini dərinləşdirir

Azərbaycanın düşünülmüş və uğurlu xarici siyasəti Ermənistanı getdikcə iflic vəziyyətinə salır.  Xüsusilə, rəsmi Bakının diplomatik gedişləri və haqlı prinsipiallığı nəticəsində İrəvanın regional layihələrdən kənarda qalması işğalçı ölkəyə iqtisadi zərbə vurmaqla yanaşı, onun beynəlxalq, eləcə də regindakı nüfuzunu da əsaslı dərəcədə sarsıldır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsindən tutmuş, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qədər bütün layihələrdən bir qayda olaraq kənarda qalan Ermənistan hər ötən gün daha bir uğursuzluğa düçar olur. Bu günlərdə İrəvan eyni aqibəti yaşadı desək yanılmarıq. Söhbət Azərbaycan, Türkiyə və İran, eləcə də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda keçirilən görüşü və həmin görüşün nəticələrinə dair əldə edilən razılaşmalardan gedir. 

Əvvəlcədən onu qeyd etmək lazımdır ki, Ermənistan ciddi cəhdlə  hər iki formatda, üçtərəfli çərçivədə keçirilən görüşlərə qatılmağa can atırdı. Nədən ki, əvvəlcədən ehtimal edildiyi kimi xarici işlər nazirlərinin üçtərəfli formatda keçirilən görüşünün nəticələrinə əsasən qəbul ediləcək qətnamə və ya digər sənəddə ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı, beynəlxalq hüquq və prinsiplərə hörmət kimi müddüəalar da əksini tapmalı idi. Xarici siyasət idarəsi rəhbərlərinin qəbul edəcəyi qətnamədə sözügedən maddələrin əks olunması isə Ermənistanın işğalçılıq siyasətinin pislənilməsi, bu ölkənin işğalçı olması anlamını verirdi. Xüsusilə Ermənistan Azərbaycan, Türkiyə və İran xarici siyasət idarəsi rəhbərlərinin görüşündə belə bir sənədin qəbul edilməsini heç arzulamırdı. Çünki bu bir danılmaz faktdır ki, hazırkı situasiyada Ermənistanın iqtisadi əlaqələrində İran faktoru mühüm rol oynayır. İranın Ermənistanla bərabər bir neçə layihələr gerçəkləşdirdiyi heç kəsə sirr deyil. İki ölkə arasında azad iqtisadi zona yaradılıb. Ancaq indiki halda sözügedən görüşdə qeyd edilən sənədin qəbul edilməsi İranın da açıq şəkildə Ermənistanı işğalçı ölkə kimi tanıması anlamını verir. Və bundan soinra Tehran istər-istəməz İstanbul bəyannaməsinin prinsiplərinə əməl etməli olacaq. Bu isə o anlamı verir ki, artıq  cənub qonşumuz Ermənistanı növbəti dəfə rəsmi sənəddə işğalçı ölkə kimi qəbul etdiyindən həm Azərbaycanla qonşuluq prinsipləri, həm də İstanbul bəyannməsində yer alan maddələrdən dolayı İrəvanla münasibətlərə yenidən nəzər salmalı olacaq. Bir daha qeyd edək ki, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşünün nəticəsi olaraq üç ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmış İstanbul bəyannaməsində beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir daha təsbit olunub.

Bundan bir gün əvvəl isə İstanbulda keçirilmiş Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşünün nəticəsi olaraq qəbul edilmiş yekun bəyanatda da dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan edilib və bu xüsusda fiziki və hüquqi şəxslərin fəaliyyətlərinin bu prinsiplərlə tam uyğun olmasına dair razılıqlarını ifadə olunub.  Eyni zamanda sözügedən bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri, bəyanatları və qərarlarına uyğun olaraq həllinə nail olmağın əhəmiyyəti vurğulanıb. Bununla yanaşı bütün qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına təhlükəsiz və ləyaqətli qayıdışının zəruriliyini bildirilib.

Göründüyü kimi regionda qüvvələr balansı, üstünlük sürətlə Azərbaycanın xeyrinə dəyişir. Elə Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri fonunda və səfərdən sonra verilən açıqlamalar fonunda da aydın gördük ki, okeanın o tayında da artıq Ermənistanın şıltaqlığından beziblər və Vaşinqton tezliklə Qarabağ probleminin həllinə tərəfdardır. Və bu həll varinatı da ölkələrin ərazi bütövlüyünün təminatı və beynəlxalq hüquq prinsiplərinin qorunmasına əsaslanır. Bu prinsiplər isə özündə işğal altında olan ərazilərimizin azad edilmıəsi, qaçqın və məcburio köçkünlərin öz yurd-yuvalarına qayıtmasını şərtləndirir. Yalnız bu halda Ermənistan Azərbaycanla bərabər regional layihələrdə iştirak edə bilər. Hələlik isə İrəvanın işğalçılıq siyasətinin davam etməsi Ermənistanın regiondakı bütün prosslərdən təcrid olunması ilə sonuclanır.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31