Gövhər Baxşəliyeva: “Şərq və Qərb sivilizasiyalararası dialoq zəmanəmizdə olduqca aktualdır”
1 Noyabr 2018 15:30 SiyasətMoskvada Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun 200 illik yubileyinə həsr edilmiş Beynəlxalq Elmi Konqres keçirilib. "Olaylar" xəbər verir ki, Konqresdə Rusiya Federasiyasının və bir çox xarici ölkələrin görkəmli alimləri, dövlət və ictimai xadimləri iştirak edib. Konqresdə Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi rəhbəri akademik Vitaliy Naumkinin dəvəti ilə fəxri qonaq qismində AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva iştirak edib. Konqresin təşkilatçılarının ümumi rəyi ilə müəyyənləşdirilmiş və əvvəlcədən nəşr edilmiş proqrama əsasən "Şərq-Qərb: bəşər sivilizasiyasının birliyinə doğru sessiyasının moderatorluğu akademik G. Baxşəliyevaya tapşırılıb. G.Baxşəliyeva qeyd edib ki, Şərq və Qərb sivilizasiyalararası dialoq qarşılıqlı əlaqə və təsir məsələləri zəmanəmizdə olduqca aktualdır: "Bildiyimiz kimi bu mövzuya aid BMT tərəfindən müntəzəm tədbirlər, beynəlxalq forumlar keçirilir. 2016-cı ilin aprel ayında BMT-nin "Sivilizasiyaların alyansı" mövzusunda forum Bakıda böyük uğurla keçirilmişdir. Müntəzəm olaraq Bakıda Humanitar forumlar keçirilir. Bir neçə gün öncə bizim ölkədə VI Humanitar forum keçirilmişdir. Dünyanın bir çox ölkələrindən gələn görkəmli alim və ictimai xadimlər, tələbələr bəşəriyyəti bu gün narahat edən müxtəlif problemləri, o cümlədən sivilizasiyaların qarşılıqlı əlaqələrinə dair müzakirələr aparmışlar. Surətlə inkişaf edən, qloballaşan dünyamızda hər şey durmadan dəyişir, xalqlar və ölkələr yaxınlaşır, insanlar və talelər birləşir. Bir vaxtlar Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqə və təsirinin tədqiqi hakim ideologiyanın tələblərinə uyğun olaraq ciddi təhriflərə məruz qalırdı. Şükürlər olsun ki, o zamanlar artıq arxadadır, ön plana isə qarşıdurma yox, sivilizasiyaların dialoqu və ortaq mədəni-mənəvi dəyərlər çəkilib.Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı əlaqə və təsirinin minilliklərlə tarixi var. Eramızdan əvvəl ikinci minillikdə qədim Şərq mədəniyyətinin yunan mədəniyyətinə təsiri inkaredilməzdir. Müxtəlif xalqların qədim eposlarında genetik əlaqələr və tipoloji paralellər aşkar görünür. Bunu "Gilqameş"ın, "Mahabharata"nın, "Ramayana"nın, "İliada"nın, "Odisseya"nın və digər eposların müqayisəli təhlili əyani şəkildə nümayiş etdirir. Ellinizm dövründə isə yunan mədəniyyətinin Şərq mədəniyyətlərinə təsiri danılmazdır. Orta əsrlərdə mədəni təsirin istiqaməti yenə də Şərqdən Qərbə yönəldi. Barbarların hücumları nəticəsində yunan-rum sivilizasiyası süquta uğradıqdan sonra məhz ərəb-iran mədəniyyəti antik və Avropa Renessans mədəniyyəti arasında vasitəçi oldu. Orta əsrlər hind, Şərqi Asiya, Ön Asiya, Bizans və Qərbi Avropa mədəniyyətlərinin təmas xəttində sərhəd ədəbiyyatı adlanan mədəniyyətlər yarandı. Bunlardan ən maraqlısı mütəxəssislərin rəyinə görə ərəb və ispan ədəbiyyatlarının qarşılıqlı əlaqə və təsiri nəticəsində yaranan Əndəlus ədəbiyyatı hesab olunur. XIX əsrin 20-ci illərində antik, ingilis, fransız, ispan, fars, hind, çin ədəbiyyatlarının ən parlaq nümunələri ilə gözəl tanış olan Höte ümumdünya ədəbiyyatı konsepsiyasını irəli sürdü. Lakin o zaman bu konsepsiya Avropameylli olmağa məhkum idi, çünki Şərq ədəbiyyatları özünütəcriddən hələ xilas ola bilməmişdilər. Yalnız bir qədər sonra, əsasən XIX əsrin ikinci yarısından etibarən, ərəb ölkələri Avropanın mədəni təsirinə fəal reaksiya verməyə başladılar. Şərq ölkələrində siyasi və iqtisadi vəziyyətin pisləşməsi, müstəmləkə asılılığı və milli özünəməxsusluğun və bədii ənənələrin itirilmə təhlükəsi mədəni həyatda daha şüurlu mübadiləyə, bəzən isə Qərb təsirinin fəal mənimsənilməsinə yol açdı".