Bakıdan dünyaya mesaj -134 milyon insan yardıma ehtiyac duyur
25 Oktyabr 2018 18:36 SiyasətVI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb
Oktyabrın 25-də Bakıda, Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Foruma ümumilikdə 86 ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən çox nümayəndə qatılıb. Məlumat üçün qeyd edək ki, Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə 2011-ci ildən etibarən Azərbaycanda keçirilir. 2010-cu ilin yanvarında Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Dmitri Medvedev təşəbbüsü ilə Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul olunmuş qərara əsasən, Birinci Bakı Beynəlxalq Humanitar Forumu təşkil olunmuşdu. Forumun əsas məqsədi - humanitar və inteqrativ impulsların yaradılması ilə yanaşı, gələcəkdə beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırmaqdan ibarətdir, dəyirmi masalar vasitəsilə dialoqun qurulmasıdır. Forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün nəzəri və tətbiqi platforma yaratmaqdır. Forumun nəticəsi beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr və müraciətlərdə təcəssüm olunur. Forum təşkilatçılarının və iştirakçılarının, təbii, sosial və humanitar elmlər üzrə Nobel mükafatçılarının və beynəlxalq qurumların rəhbərləri, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşılarında qoyduqları iddialı məsələ, gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədi ilə yeni humanitar gündəmin formalaşmasıdır. Forum təşkilatçıları sırasına həmçinin dövlətlərin cari və ya keçmiş rəhbərləri və transmilli korporasiyaların təsisçiləri daxildir.
Dövlət başçısı Forumun açılışında nitq söyləyib. Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Prezident Vladimir Putinin Forum iştirakçılarına müraciətini oxuyub və çıxışında Forumun ildən-ilə inkişaf etdiyini, Bakının humanitar dialoq mərkəzinə çevrildiyini bildirib. Rusiya dövlət başçısının forum iştirakçılarına ünvanladığı məktubunda qeyd edilib ki, yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu müasir cəmiyyət üçün çox əhəmiyyətlidir. Müraciətdə tədris və maarif sistemlərinin təkmilləşdirilməsi, mədəniyyət və incəsənətin dəstəklənməsi, informasiya təhlükəsizliyinin və əqli mülkiyyətin qorunması ilə bağlı aktual məsələlər üzrə hərtərəfli müzakirələrin vacibliyi vurğulanıb. Rusiya Prezidenti əmin olduğunu bildirib ki, forum iştirakçıları peşəkar təcrübələrini bölüşəcək və səmərəli beynəlxalq əməkdaşlığın yeni perspektivli forma və istiqamətlərini müəyyənləşdirəcək. Daha sonra BMT baş katibinin müavini Rəşid Xalikov, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO-nun baş direktorunun müavini Qu Ksinq və Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron çıxış etdilər. ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxışında deyib ki, dünya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli, səmimi və qətiyyətli olmalıdır. O bildirib ki, özgə torpaqlar işğal olunduğu müddətdə sülh və təhlükəsizliyə nail olmaq mümkün deyil. Bu, beynəlxalq hüquqa, dini təlimlərə, etika və mənəviyyata ziddir. Əl-Tuveycri əlavə edib ki, problemin həlli üçün beynəlxalq hüququ tətbiq etmək lazımdır: "Dünya indi problemlərlə doludur - Fələstin, Dağlıq Qarabağ, Cammu və Kəşmir, Myanma. Çoxlu sayda insan əziyyət çəkir, amma dünya ictimaiyyəti sadəcə bunu müşahidə edir və bir qədər kömək göstərir". Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dayanıqlı İnkişafa dair Bakı Konfransının rəsmi açılış mərasimində deyib ki, dünyada milyonlarla insan aclıq və iqtisadi çətinliklərdən sıxılır: "Biz üzərimizə düşən öhdəlikləri yerinə yetirməliyik və elə dünya qurmalıyıq ki, orada aclıq olmasın, insanlar xəstəlik tapmasın". Əli Əhmədov bildirib ki, qarşıda duran vəzifələr dövlətləri daha ciddi şəkildə işləməyə vadar edir: "Bu vəzifələri reallıqdan uzaq saymaq da olmaz. Mən bunu deyərkən Azərbaycan reallığına söykənirəm. 13-15 il ərzində Azərbaycan yoxsulluğu 55 faizdən 5 faizə endirə bilib, 2 milyon iş yeri açılıb. Bu rəqəmlərin reallıq olduğunu sübut etməyə ehtiyac yoxdur. Amma dəyişikliklər yalnız statistikada özünü tapmır, Azərbaycanın siması da artıq dəyişib. Bakı gözəl və müasir şəhərə çevrilib. Azərbaycanın bütün regionlarının siması dəyişib. Bütün bunların 13-15 il ərzində əldə edilməsi bizi inandırır ki, dünyamızı da 13-15 il ərzində dəyişdirmək mümkündür".Əli Əhmədov əlavə edib ki, dünyanın simasını dəyişmək üçün bir neçə şərt mövcuddur: "Dünya dövlətləri və liderlərinin ortaya iradə qoyması lazımdır. Qaçqınlar, toqquşmalar, müharibələr, ölkələrin darmadağın edilməsi dünyamızın əsas problemləridir. Bunlar həll edilmədən, 2030-cu ilə qəddər dünyanın simasını dəyişdirmək mümkün deyil. Azərbaycan məcburi köçkün problemini yaşayan ilk dövlətlərdir. 10 milyon əhalisi olan Azərbaycanın 1 milyon məcburi köçkünü var. Erməni təcavüzü, Azərbaycan torpaqlarının işğalı nəticəsində bu insanlar qaçqın vəziyyətinə düşüb. Azərbaycaan hökuməti fəaliyyətini qaçqınların daha layiqli yaşaması üçün səfərbər edib. Amma insanlar öz doğma evlərinə qayıtmayıb, torpaqlar işğal altında qalır. Odur ki, bəşəriyyət, o cümlədən BMT səy göstərməlidir ki, qaçqın problemi öz həllini tapsın. Biz bu problemlərin həlli üçün beynəlxalq əməkdaşlığın vacibliyini bilirik".
Daha sonra forum öz işini panel iclaslarla davam etdirib. İlk panel iclas "Təhsil və elm kapitalının inkişaf kontekstində" mövzusuna həsr olunub. Birinci plenar iclasa Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov moderatorluq edib. Paneldən çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi üçün ciddi işlər həyata keçirilir: "Hökumət hər kəsə yüksək təhsil vermək istiqamətində işlər görür. Savadlılıq dərəcəsinin artırılması istiqamətində işlər görülür, təhsil sahəsi inkişaf etdirilir". O bildirib ki, Azərbaycanda hər kəs üçün eyni təhsil almaq imkanı yaradılıb. Ceyhun Bayramovun sözlərinə görə, ötən dövr ərzində bu sahədə xeyli islahatlar həyata keçirilib. BMT-nin İqtisadi və Sosial Şurasının sədri İnqa Ronda Kinq Forumu təşkil etdiyinə görə, Azərbaycana təşəkkür edib: "Bu gün 134 milyon insanın humanitar yardıma müdafiəyə ehtiyacı var. İnsanların şəxsiyyət ləyaqəti, BMT-nin əsas qayəsidir. İnsanların sağlamlığığının müdafiəsi əsas prinsiplərdəndir. BMT-nin yeni planında davamlı inkişaf məsələləri öz əksini tapıb. Müxtəlif sahələrə nüfuz edərək sektorları özündə cəmləyir. Təhsil əsas insan hüquq bazası, məqsədlərə çatmaq üçün əsas pillə, davamlı inkişafın mühüm tərkib hissəsidir. Dünyada 260 milyona yaxın uşaq hələ də məktəbə getmir. 800 milyona yaxın uşaq ən fundamental qabiliyyətlərə malik olmayacaqlar. Buna səbəb münaqişələr olacaq. Biz bu minvalla hökumətlərə bunun üçün mühit gücləndirməyi təşviq etməli, hamı üçün keyfiyyətli təhsili təmin etməliyik. Təhsilin inkişafı müharibə və Təbii fəlakətdən didərgin düşən insanlara təbliğ edilməlidir. Biz daha yaxşı dünya üçün çalışmalıyıq. Təhsilin gələcəyə təsirini düşünməliyik. Bu, yoxsulluğun azalmasına rəvac verəcək. İnsanlar arasında ünsiyyətin, əl çatan resurslardan maksimum faydalanmağa geniş imkanlar açacaq. Burada insan potensialını gücləndirməliyik. Nəticələrə əsaslanan məsələlərə yer ayrımalıyıq. Artıq biz sıra ölkələrdə tədqiqat nəticəsində yaradıcı kapital ən mühüm dəyərə çevrilib. 2030 proqramında bu mühüm məsələ kimi ortaya qoyulub. Davamlı inkişaf naminə insanların, ölkələri buna uyğunlaşmalı, bilik, bacarıq, qabiliyyət kimi dəyərlərinin gələcəkdə töhfə verməsinə şərait yaratmalıyıq".
Küveyt dövlətinin İslam Xeyriyyə Təşkilatının sədri Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdulla Matuqu Foruma görə. Azərbaycana dərin təşəkkürümü ifadə edib: "Beynəlxalq şəxslərin bur araya toplanması çox vacibdir. Təşkilatımız təbii fəlakətlərdən əziyyət çəkən insanlara kömək edirik. Bu fəaliyyət əsasən beynəlxalq təşkilatla birgə həyata keçiririk. Xüsusilə də təhsil, səhiyyə və digər sahələrdə bağll birgə proqramlar həyata keçiririk. Küveyt dövləti Suriya ilə bağlı xeyriyyə tədbirlə həyata keçirib, onların ağrı acılarını az da olsa azalmasına çalışıb. Bundan başqa Küveytin himayəsi altında keçirilən tədbirlərdə toplanan maliyyə Suriyaya yönəldilib. Biz dünya ictimaiyyəti olaraq münaqişələrin qarşısının alınması istiqamətində çalışmalıyıq. Biz bir birimizə dəstək olub, həll yollarını araşdırmalıyıq. Habelə biz xeyriyyə fəaliyyətin əhatə dairəsini genişləndirilməliyik Küveyt təhsil dərsliklərinə xeytiyəçiliklə bağlı fənn salıb. Xalqımızın bu işə verdiyi böyük önəmin bariz nümunəsidir. Şübhə yoxdur ki, təhsil sahəsində xeyriyyəçiliyin həyata keçirilməsi mühümdür. Həmçinin gənclərin bu sahə ilə bağlı proqramlara cəlb olunması bu işə öz töhfəsini verə bilir. Aparılan təcrübələr sübut edir ki könüllü fəaliyyət təkcə yardımla kifayətlənmir, bu elə bir mənəvi davranışdır ki həmrəylik baxımından mühümdür. Xeyriyyəçilik İslamın məqsədlərindən biridir. Biz övladlarımızı bu dəyərlərə sövq etməliyik".
VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İnnovasiyalar yaradıcı inkişafın əsas mənbəyi kimi" adlı panel təşkil olunub. Paneldə çıxışı zamanı müasir dünyada innovasiyaların iqtisadiyyata tətbiqi məsələsinə toxunan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, hazırda dünya üzrə kreativ müəssisələr ən geniş inkişaf edən sektorlardandır. Bu müəssisələr dinamik iqtisadi inkişafın resursudur, bununla yeni iş yerləri açılır. Kreativ sektor bilikləri yaradır və yayır. Nazir müavini bildirib ki, kreativ müəssisələr həm də sosial, iqtisadi inkişafa təkan verir: "Kreativ müəssisələr kiçik və orta müəssisələri əhatə edir. Dünya Əqli Mülkiyyət təşkilatı tərəfindən aparılan araşdırmalara görə, kreativ müəssisələr ÜDM-ni 1.5 faiz, iş yerlərinin sayını 5.5 faiz artırır". E.Vəlizadə bildirib ki, Azərbaycanda da dayanıqlı sənaye, innovasiyaların təşviqi ilə cəmiyyət və iqtisadiyyatın inkişafı təmin edilir: "İnnovativ inkişaf iqtisadi, sosial inkişafın əsas şərtidir. Bu gün hər bir ölkə qarşısında duran əsas məsələ innovativ, yaradıcı olmaqdır. BMT dayanıqlı inkişaf proqramı bizim qarşımızda cəmiyyətin inkişafı ilə bağlı tələblər müəyyən edir. Azərbaycan höküməti innovativ inkişafın bütün sahələrdə tətbiqinə təşviq edir. Startapların təşkili bizim üçün əsas prioritetdir. Bu gün Azərbaycan kosmosu fəth edir, son 5 ildə orbitə 3 peyk çıxarılıb. Düşünürəm ki, inkişafda olan ölkə üçün böyük addımdır. Bu gün Azərbaycanda əhalinin 80 faizi internet istifadəçisidir. Əqli mülkiyyət Agentliyinin 2013-2016-cı illər üçün açıqlamasına görə, müəllif hüquqlarına əsaslanan sənaye istehsalı 50 faiz artıb, kooperativ inkişafdan əldə olunan gəlir 15 faizə (1 milyard ABŞ dollarına) bərabərdir". Nazir müavini əlavə edib ki, Azərbaycan kreativ texnologiyalar sahəsində nadir təcrübə toplayıb: "Azərbaycanda yenilikçi təşəbbüslərə xüsusi diqqət yetirilir. Ölkə iqtisadiyyatını şaxələndirməyə çalışırıq". Nazir müavini ölkədə orta və kiçik biznesin əksər hissəsinin elektron üsulla qeydiyyata alındığını, bunların arasında öz biznesini dəstəkləyən və inkişaf etdirənlərin mühüm yer tutduğunu vurğulayıb. E.Vəlizadə İKT sahəsində orta və kiçik biznesin artdığını, ona xidmət göstərən texnoparkların yaradıldığını da qeyd edib.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının proqram rəhbəri Yevgeniy Sesitski isə qeyd edib ki, əvvəllər təyyarə, antibiotik istehsalına maraq yüksək idisə, bu gün 3 d çap, nanotexnologiyalar, süni zəka dəbdədir. Onun sözlərinə görə, bu gün dövlətlər süni zəkaya daha çox sərmaye yatırır: "Məlumata görə, 2035-ci ilə qədər süni zəkaya 85 milyard ABŞ dolları yatırılacaq. Lakin bəzi alimlərin fikirlərinə görə, süni zəka və texnologiyanın inkişafı həmçinin zərər də gətirə bilir. Hesablamalara görə 2035-ci ilə qədər 5 milyon insan, 2055-ci ilə qədər işləyənlərin 50 faizi öz işini itirəcək. Bu da süni zəkanın inkişafı ilə bağlıdır. Bu prosesin qarşısını almaq üçün yaradıcı sahənin inkişafının təşviqini vacib hesab edirik. Bununla yanaşı qeyd etməliyik ki, artıq süni zəka sistemləri muxtar şəkildə işləyə və hətta yardıcı sahədə fəaliyyət göstərə bilərlər".
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli qeyd edib ki, bu gün dövlətlər yaradıcı iqtisadiyyata təkan verməlidirlər. Bu yalnız bir nazirlik və dövlət qurumunun işi deyil. ASAN xidmət bu səpkidə işləri yüksək səviyyədə həyata keçirir. A.Cəfərli bildirib ki, şəffaflıq ASAN Xidmətin əsas məqsədidir. Bu da insanların məmnunluğuna səbəb olan faktordur: "Son 5 il ərzində ASAN Xidmət mərkəzlərinə 25 milyon ərizə qəbul edilib. Hər gün ASAN Xidmət mərkəzlərinə təxminən 3 min ərizə qəbul edirik, xidmətlərimizdən məmmnunluq 95 faizə bərabərdir. Bir sıra ölkələr bu xidmətin ölkələrində tətbiqində maraqlı olduqlarını deyirlər. ASAN xidmətin korrupsiyanın qarşısının alınması, xidmətlərin elektronlaşması kimi üstün imkanları var. Bizim məqsədimiz inkişaf xidmətləri ilə üst-üstə düşür. 167 hədəfin 2030-cu ilə qədər əldə edilməsinə nail olacağıq". A.Cəfərli dövlət qurumu olaraq ASAN xidmətin innovasiyalara dəstək istiqamətində gördüyü işlərdən danışıb: "Biz dövlət qurumu olaraq fərdi sahibkarlara töhfə veririk. Bunun üçün ailə sahibkarlığına, brendin yaradılması, dizayn, məhsulun bazara çıxarılmasına dəstək oluruq. Biz yalnıza kreativ iqtisadiyyatın bir hissəsi olmağa çalışmır, həm də yaddan çıxmış sənətlərin gündəmə gəlməsinə çalışırıq. Ailələr bazar tələblərini müəyyən edib məhsullarını bazara çıxarmağa çalışırlar. Sənətkarlıq və ərzaq məhsulların emalına qədər bir çox sahələrə dəstək oluruq".
BMT baş katibinin müşaviri Rəşid Xalikov deyib ki, dünyada 134 milyon insan yardıma və dəstəyə ehtiyac duyur: "Dayanıqlı inkişaf baxımından bu cür həssas şəxslərin kənarda qalmamasına nail olmaq əsas deyil. Bu reallıq həm də 2030-cu ilə qədər qarşıya qoyulan gündəliyin həyata keçirilməsinə maneə olur. İnanırıq ki, birgə səylərimiz, ortaq məxrəclərimiz insanların həyatında konkret irəliləyişə nail olacaq. 2021-ci ilə qədər yoxsulluğun konkret hədəfə uyğun olaraq azaldılması da vacibdir. Ayrı-ayrı hökumətlər, donor təşkilatlar da bu prosesdə iştirak etməlidir. Qarşılıqlı səylər ortaq nəticələrin əldə olunmasına kömək etməlidir. Çətinliklər və maneələrə baxmayaraq yolumuza davam edəcəyik. Bakı forumu bu baxımdan mühümdür. 2030-cu il ilə bağlı gündəlik BMT baş katibinin fikrincə, ədalətli qloballaşmaya uyğundur".
Form çərçivəsində həmçinin "Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi" panel və Dayanıqlı İnkişafa Dair Bakı konfransı keçirilib. Konfransda "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi" mövzusunda müzakirələr aparılıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi" plenar sessiyasında çıxışı zamanı deyib ki, ölkəmizdə dini və etnik siyasət dövlət tərəfindən tənzimlənir: "Şükürlər olsun ki, Azərbaycanda daxili sabitlik mövcuddur".A.Paşazadə bildirib ki, Azərbaycanda multikultural dəyərlərə həm dövlət, həm də xalq tərəfindən çox böyük önəm verilir: "Çünki Azərbaycan xalqı humanist xalqdır. Xalqımız başqa dinlərə, başqa dövlətlərdə yaşayanlara qarşı loyal olub". Prezident İlham Əliyevin 2016-2017-ci illəri "Multikulturalizm" və "İslam Həmrəyliyi İli" elan etdiyini xatırladan A.Paşazadə Azərbaycan xalqının tolerant xalq olduğunu xüsusi vurğulayıb: "Həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə inkişaf üçün Azərbaycanda hər bir şərait var. Azərbaycanda dinlərarası əlaqələrin mərkəzini yaratmışıq. Bu mərkəzə dünyanın bir çox dövlətlərindən nümayəndələr gəlirlər". Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Himayəçilik Şurasının sədri, Xarici Dillər Universitetinin rektoru Kamal Abdulla deyib ki, Azərbaycanda ən mühüm mədəni proses multikultiralizm hərəkatıdır. Multikultiralizm Azərbaycan xalqı üçün tarixən məxsusi xüsusiyyət olub. K.Abdulla bu gün multikulturalizmin dövlət siyasəti olduğunu və bunu dəfələrlə Cənab Prezident İlham Əliyevin dilə gətirdiyini bildirib: "Azərbaycanda multikultural düşüncənin dövlət səviyyəsində qorunması multikultural təhlükəsizliyin qorunması ilə bağlıdır. Hər bir ölkənin multikultural təhlükəsizliyi olmalıdır. Bu təhlükəsizliyi qoruyan ölkə potensial katakilizmləri qorumaq imkanına malik olur. Azərbaycan Prezidentinin son illər müxtəlif dinlərə olan münasibətini, sənədlərin gözü ilə baxsaq, ölkəmizdə heç bir dinin başqa dindən yüksək səviyyədə durmadığını müşahidə edirik. Bu sənədlərə baxanda ölkə Prezidentinin dil, milli, dini müxtəlifliklərə bərabər baxışını müşahidə edirik. Azərbaycanda yaşayan heç bir milli azlıq nümayəndəsi digərlərindən fərqi müşahidə etmir". K.Abdulla multikulturalizmin Avropada özünü doğrultmadığını deyib: "Azərbaycanda isə multikulturalizmin nikbin qütbü təntənə çaldı. Bu da Azərbaycanda dil, milli və dini ayrı-seçkiliyin olmamasından irəli gəlir". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, bu gün də Azərbaycan ailəsi öz övladını nə dini, nə də etnik baxımdan başqa millətə qarşı düşmənçilik ruhunda tərbiyə etmir. M.Qurbanlının sözlərinə görə, Bakı beynəlxalq humanitar xarakterli məsələlərin müzakirəsində önəmli rol oynayan şəhərə çevrilib: "Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan humanitar məsələlərin müzakirə məkanına çevrilib". Komitə sədri əlavə edib ki, Azərbaycanın ideoloji baxımdan qazandığı uğurlar ermənilərin təcavüzkar siyasətinin ifşa olunmasında, Azərbaycanın həyat tərzinin, siyasətinin təcavüzkar ölkədən qat-qat yüksək olduğunu nümayiş etdirməkdə böyük rol oynayır. M.Qurbanlı qeyd edib ki, bu forum Azərbaycanın azad ölkə olduğunu, mətbuat azadlığının təmin olunduğunu, demokratik dəyərlərin təbliğ edildiyini də bir daha nəzərə çatdırır: "Hesab edirəm ki, bunlar Azərbaycanın qarşısında dayanan strateji vəzifələrin icrasına çox əhəmiyyətli təsir göstərmiş olur".
Bakı konfransında çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dayanıqlı İnkişafa dair Bakı forumunda deyib ki, iqtisadi artımın dayanıqlığını təmin etmək üçün həm ətrafın mühitin qorunması təmin edilməlidir, həm də hər kəs üçün bərabər imkanları yaradılmalıdır. Onun sözlərinə görə, Azərbaycan höküməti tərəfindən əhalinin məşğulluğu baxımından silsilə addımlar atılır: "Həm qanumvericliyin təkmilləşdirilməsi istiqamətində addımlar atmışıq, əlilliklə bağlı qanunvericilik aktları, əməyin mühafizəsi istiqamətində normativ hüquqi sənədlər hazırlamışıq. Bununla yanaşı, əmək bazarının ehtiyacları ilə insan resursları arasında müvafiq təhlillərin aparılması və balansın qurulması istiqamətində, əməyin mühafizəsi fondunun yaradılması istiqamətində işlər aparılır". S.Babayev vurğulayıb ki, real həyatda məşğulluğun genişləndirilməsi üçün müxtəlif mexanizmlərdən istifadə olunur: "Bu ilin 9 ayı ərzində 100 mindən çox Azərbaycan vətəndaşına peşə yönümlü dəstəklər, məsləhətlər, tədrislər və digər istiqamtdə yardımlar göstərilib. Özünəməşğulluq proqramının icrası ilə əmək bazarında məşğulluq imkanları məhdud olan şəxsləri tam şəkildə əmək bazarına cəlb edirik. Gəlirlərin, ÜDM-in artımı və digər əldə edilən uğurlar Azərbaycanın əmək resurslarının səriştəsinin inkişafına bir sübutdur. Lakin görüləcək işlər çoxdur. Azərbaycan gənc ölkə kimi öz qarşısında duran çağırışlara adekvat cavab verməlidir". Nazir bildirib ki, hər il Azərbaycan əmək bazarına 100 minə yaxın yeni işçi qüvvəsi gəlir. 10 mln.luq ölkə üçün kifayət qədər böyük həcmdir. 15 ildə açılan 2 mln.dan çox iş yerinin 1,6 mln.u daimi olub. Cari işsizlərin problemini həll etməklə yanaşı, ildə əlavə 100 min şəxsin əmək bazarına gəlməsi üçün imkanlar yaratmalıyıq. Azərbaycanda pensiya yaşına çatanlar 14 %-ə yaxındır və kifayət qədər aşağı rəqəmdir. Əhali gənclərin məşğulluq qabiliyyəti var, onları məşğulluğu təmin olunması istiqamətində işlər görülməlidir. Azərbaycan tək ölkəmizdə məşğulluğu təmin etmir, eyni zamanda regionda məşğulluğu və iqtisadi artıma ciddi töhvələr verir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələr, neft, qaz boru kəmərləri, nəqliyyat layihələri və s. regionun iqtisadi artımına, məşğulluğuna ciddi dəstəkdir. Bu tip layihələr artırılmalıdır".
Alim
Süleyman