Qarabağla əlaqədar ən kəskin münasibət prezident tərəfindən göstərilir
5 Oktyabr 2018 15:28 SiyasətBəzi insanların bu məsələni ortaya atması, erməni dəyirmanına su tökməklə yanaşı, cəmiyyətdə çaşqınlığa xidmət edir
Milli Məclisin oktyabrın 5-də keçirilən plenar iclasında millət vəkilləri müxtəlif məsələlərdən danışıblar. İlk olaraq çıxış edən deputat Aydın Mirzəzadə bütün müəllimlərin peşə bayramını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzu edib: "Azərbaycanda təhsilə göstərilən qayğı özünü göstərir. Ölkəmizdə son 15 ildə 3500 məktəb ya təmir edilib, ya da yenidən tikilib. Azərbaycanda orta məktəb, eləcə də universitet məzunlarının uğurları göz qarşısındadır. Deputatlar arasında da müəllim fəaliyyəti ilə məşğul olanlar var. Onları da bu gün münasibətilə təbrik edirəm". Milli Məclisin spikeri Oqtay Əsədov da bu təbriklərə qoşulub və Azərbaycan müəllimlərini peşə bayramları münasibətilə təbrik edib.
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə qeyd edib ki, son dövrlərdə bir qrup insan "Qarabağ mitinqi" adı altında müxtəlif kütləvi aksiyalar keçirir. Qarabağla heç bir bağlılığı olmayan insanların bu məsələni ortaya atması, erməni dəyirmanına su tökməklə yanaşı, cəmiyyətdə çaşqınlığa xidmət edir. Dağlıq Qarabağla bağlı məsələnin hər zaman diqqətdə saxlanıldığını deyən deputat qeyd edib ki, Azərbaycan prezidenti bu istiqamətdə işlər görür: "Bütün beynəlxalq təşkilatlarda nəinki işğal olunmuş ərazilər, eyni zamanda vaxtilə Azərbayana aid olan torpaqlarla bağlı həqiqətlər dünyaya çatdırılır. Azərbaycan prezidenti danışıqlarla bağlı mütəmadi olaraq vətəndaşlara hesabat verir. İstər forumlarda, istər də regionlara səfərləri zamanı hər zaman Dağlıq Qarabağ məsələsinə toxunur. Bu, ictimaiyyətə bəllidir. İctimaiyyət də bu il keçirilən prezident seçkilərində ölkə başçısına yekdilliklə səs verərək, bu hüququn yalnız prezidentə aid olduğunu təsdiqləmiş oldu". S.Novruzov qeyd edib ki, Dağlıq Qarabağla əlaqədar ən kəskin münasibət cənab prezident tərəfindən göstərilir: "Azərbaycan xalqının verdiyi mandatla problemin həlli istiqamətində məsələlər davam edir. Qarabağ bütün azərbaycanlılarındır. Azərbaycan bütün danışıqlarda, ordunun gücləndirilməsində bu məsələyə hazırlığını sübut edir və ortaya qoyub. Bu il ölkədə keçirilən iki hərbi parad buna nümunədir. Azərbaycan sülh tərəfdarı olduğunu bildirib. Əks təqdirdə, hərbi yola əl atacağını hər zaman açıqlayıb. Lakin bundan sui-istifadə edənlər, torpaqlarından didərgin düşən qaçqın və məcburi köçkünlərə çağırış edərək, onları mənəvi terrorla üz-üzə qoyurlar". Deputat bildirib ki, birinci Qarabağ müharibəsində hər bir azərbaycanlı döyüşüb, mübarizə aparıbsa, bu, hər zaman belə də olacaq: "Burada mənim, sənin məsələn ola bilməz. Bu məsələ kimlərəsə terror etməyə hüquq verməyib. 1 milyon qaçqını təhdid etməklə nəyə xidmət edirlər? Bu gün onlar üçün evlər, mənzillər tikilir. Təbii ki, onlar öz yurd-yuvalarına qayıdacaqlar. Lakin onları mənəvi terrora məruz qoymağa, onları aşağılamağa heç kimə hüquq verilməyib. Milli Məclis üzvləri və hər kəs bilir ki, Dağlıq Qarabağ münaqişəsi hər hansı futbol meydançasında keçirilən mitinqlə həll olunan məsələ deyil. Dağlıq Qarabağ məsələsi Ali baş Komandanın rəhbərliyi ilə beynəlxalq hüquq çərçivəsində, qanuni yolla azad olunacaq. Biz problemin sülh yolu ilə həllinə çalışırıq, olmayacağı təqdirdə hərbi yola əl atacağıq. Görəsən indi etiraz edənlər bu müharibədə iştirak edəcəklərmi? O mitinqi edənlərin övladları gəlib orada iştirak edəcəklərmi? Necə ki vaxtilə "bir maşın erməni başı gətirəcəyik" deyənlər, həmin mitinqdə ön sırada dayanmışdılar. Çünki, onlar bulanıq suda balıq tutmğa çalışırlar. Azərbaycanın ərazi bütövlüyü onlar üçün əsas şərt deyil, onlar üçün əsas şərt belə oyunlarda oyunbazlıq etməkdir. Azərbaycan xalqı da bunu görür və bunun nəticəsi olaraq da,həmin insanları baykot edir. Çünki, məhz həmin insaların ucbatından bu gün qaçqın və məcburi köçkünlər öz torpaqlarını itiriblər, evlərindən didərgin düşüblər. Bu şəxslər Dağlıq Qarabağ adı altında insanların hisləri ilə oynamsınlar!".
Millət vəkili əlavə edib ki, hansısa beynəlxalq təşkilata qoşulanda xalqın marağından çıxış edərək addım atırıq: "Azərbaycan Prezidenti xalqın maraqlarından çıxış edir. Biz qonşularımızla xoş münasibətdə olmalıyıq. Biz şahidi olduq ki, 1990-cı illərdə qonşularla yaxşı münasibətdə olmamaq hansı nəticələrə gətirib çıxardı. Keçmiş iqtidarın dövründə demək olar ki, qonşuların hər biri ilə düşmən vəziyyətində idik. Ölkəni uçurumdan ümummilli Heydər Əliyev xilas etdi, qonşularla münasibətləri tənzimlədi. Mütəmadi olaraq Avropa təşkilatlarından Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyirlər. Hesab edirəm ki, onlarla da münasibətlərimizi qorumalıyıq, fikirlərimizi deməliyik, öz həqiqətlərimizi çatdırmalıyıq, Avropa meydanında istifadə etməliyik. Bilirik, ədalətsizdirlər, sadəcə, orada olub sözümüzü deməliyik". Deputat həmkarını dəstəkləyən Fəzail Ağamalı sözügedən aksiyanı avantürist mitinq adlandırıb: "Dağlıq Qarabağ adı ilə mitinqə yığışanlar ölkə rəhbərliy ilə birgə olduqlarını sübut etməli idilər. Lakin onlar papulist çıxışlarla özlərinin itirilmiş mövqeyini bərpa etmək niyyətini güdürdülər. Xaricdən maliyyələşən bir kəsim insan təxribat yaratmağa çalışırdılar. Odur ki, belələrinə qarşı ciddi mövqe ortaya qoymalıyıq".
Rusiya Dövlət Dumasının MDB ölkələri, avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi növbəti aqressiv açıqlama Milli Məclisdə də müzakirə mövzusu olub. Deputat Çingiz Qənizadə bu məsələyə diqqət çəkərək deyib ki, MDB ilə iş komitəsinin rəhbərliyində olan şəxsin belə bir mövqeyi qəbulolunmazdır: "Təbii ki, biz onun fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Zatulin iddia edib ki, əgər Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər. Daha sonra iddia edir ki, Azərbaycanın siyasəti sənədlərdən fərqli olaraq başqa cürdür. O, bir həmkarımızın özünəməxsus fikirlərini əsas götürüb bunu Azərbaycan dövlətinin siyasəti kimi təqdim etməyə çalışıb. Təbii ki, biz bunu qətiyyətlə pisləyirik". Deputat daha sonra Zatulinin ermənilərə bağlı olmasına diqqət yetirib: "Zatulin Dağlıq Qarabağda qondarma "parlament seçkiləri" keçirilərkən qanunsuz olaraq ora səfər edib. Bununla da o, Azərbaycan XİN tərəfindən arzuolunmaz şəxslər sırasına salınıb. Üstəlik, o, Batumidə anadan olub və orada acarlara bərabər, ermənilər də yaşayır. Mən bu tribunadan istifadə edib demək istəyirəm ki, biz daha böyük siyasi məsələlərdə olduqca ehtiyatlı olmalıyıq! Biz heç vaxt demirik ki, 20 Yanvar hadisələrini Rusiya törədib. Biz deyirik ki, bu hadisələri SSRİ rəhbərliyinin əmri ilə Sovet ordusu törədib". Deputat Kamran Nəbizadə deyib ki, Azərbaycan qüdrətli ölkədir, uğurları göz önündədir. Bütün ölkələrlə, xüsusilə sərhəddə yerləşən qonşu dövlətlərlə gözəl münasibətlər saxlayır. Hətta cənab prezident İlham Əliyev bəyan edib ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksə, onlarla da münasibətlər yaratmağa hazırıq. Deputat Rusiya parlamentinin üzvü Konstantin Zatulinin son bəyanatı haqqında da danışıb. Bildirib ki, bu bəyanat Rusiyanın mövqeyi olmasa da, ziddiyyətlə doludur: "Bu ermənipərəst bir insanın bəyanatıdır. Təklif edirəm ki, belə bəyanatlara qarşı diqqətli və ehtiyatlı olaq. Çünki deputatların çıxışlarını bəzən bizi sevməyən qüvvələr rəsmi don geydirmək istəyir. Bizim Rusiya ilə münasibətlərimiz yaxşılaşdıqca, Ermənistan-Rusiya münasibətləri pisləşir. Mən həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram. Bununla belə hesab edirəm ki, belə şəxslərin bəyanatlarına cavab verərkən ehtiyatlı olmalıyıq".
Deputat Elşən Musayev qeyd edib ki, bəzən orta ranqlı məmurlar belə mətbuatda haqlarında xırda nəsə gedəndə aləmi bir-birinə qatır, nəsil-nəcabətlərini ayağa qaldırırlar. Amma aylardır dövlət başçısı və onun ailəsi, o cümlədən, parlamentimiz, ayrı-ayrı nüfuzlu insanlarımız haqqında Azərbaycandan kənarda olan bəzi satqınlar tərəfindən ən ağır təhqirlər səsləndirilir, həmin məmurların birindən də səs çıxmır, sanki bunlara aidiyyəti yoxdur: "Məgər, Zahid Orucun ailəsi ailə deyil, məgər, Qüdrət Həsənquliyevin ailəsi ailə deyil, məgər, Siyavuş Novruzovun ailəsi ailə deyil? Onlar belələrinə qarşı hər gün mübarizə aparırlar, söyüşlərə, təhqirlərə baxmayaraq, sözlərini deyirlər. Amma məmurların çoxundan yenə səs yoxdur.
Niyə onlar haqqında cinayət işləri başlanmayıb, prokurorluq orqanları nəyi gözləyirlər? Əgər belələrinə qarşı ciddi tədbirlər görülməsə, yeni Eldar Mahmudovlar, yeni "Quska"lar hələ çox olacaq".
Gənclərlə bağlı görülən işlərdən danışan millət vəkili Şahin İsmayılov qeyd edib ki, Azərbaycanda təhsil alan tələbələrin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə hazırlanmış "Azərbaycan Tələbə Kartı "tələbələrə tamamilə ödənişsiz paylanılır. Bu layihə tələbələrə sosial dəstəyin artırılması məqsədi daşıyır. Deputatın sözlərinə görə, regionda və paytaxtda yaşayan tələbələrin arzuları ondan ibarətdir ki, onlara ictimai nəqliyyatdan istifadə zamanı endirimlər edilsin: "Təbii ki, bizdə bu qiymətlər Avropa ilə müqayisədə çox ucuzdur. Ancaq yenə də tələbələrin müraciətləri nəzərə alınıb. Artıq müvafiq qurumlarla bu məsələ ətrafında danışıqlar aparılır. Ümid edirəm ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq". Deputat Qənirə Paşayeva isə təklif edib ki, müəllimlər də güzəştli ipotekadan yararlanan kateqoriyaya daxil edilsin. O, deyib ki, yerlərdə müəllimlərlə görüş zamanı onlar belə təkliflər səsləndirirlər: "İlkin olaraq ən azı 20 il stajı olan müəllimlərin bundan yararlanması mümkün olsa yaxşı olardı. Çünki gənc müəllimlər sosial mənzil layihəsindən yararlana bilərlər. Amma çox stajlı müəllimlər güzəştli ipotekadan yararlana bilsələr, yaxşı olar. Bu onlar üçün ən böyük bayram hədiyyəsi olardı".
Alim