“Ermənilərin neytrallaşması sahəsində Fransanın rolu çox önəm daşıya bilər”

"Fransa prezidentinin Azərbaycana edəcəyi səfər sıradan bir səfər kimi qiymətləndirilə bilməz. Çünki xarici siyasət sahəsində kontinental Avropanın ən fəal və ən böyük dövlətidir.

Almaniya böyük olmağına baxmayaraq, xüsusilə hərbi sahədə birinci və ikinci dünya müharibələrinin nəticələrinə görə o qədər aktiv fəaliyyət göstərə bilmir. Amma Fransa xarici siyasətində hər zaman sözünü deməyə çalışıb. Həm Avropa İttifaqında, həm də dünyada müəyyən bir ton verir".

Bu fikirləri millət vəkili Tahir Kərimli deyib.

O bildirib ki, Rusiyaya müəyyən sanksiyalar tətbiq ediləndə Fransa təyyarə daşıyan gəmilərin tikintisindən imtina etdi: "Halbuki o gəmi demək olar ki, tamamilə tikilib başa çatmışdı və Rusiyaya təhvil verilməli idi. Yüz milyonlarla ziyana düşsə də bu addımı atdı. Fransa özünün keçmiş müstəmləkələrində, Asiyada, Afrikada çox güclü nüfuza malikdir. Eyni zamanda, BMT-nin daimi nümayəndəsi olaraq da bunu demək mümkündür. Azərbaycanla Fransa arasında diplomatik münasibətlər fəal şəkildədir. Hətta vaxtı ilə ümummilli lider Heydər Əliyev ilk səfərini Fransaya etmişdi. Yəni iki ölkə arasındakı münasibətlər çox yüksəkdir".

Deputat qeyd edib ki, hərbi əməkdaşlıq sahəsində Fransa ilə Azərbaycan arasında müəyyən ümidlər gözlənilir: "Çünki Fransa aviasiya, raket və silah istehsalında önəmli dövlətdir. Daim öz silah tədarükünü təkmilləşdirir. Düşünürəm ki, bu sahədə Azərbaycanla da irəliləyişləri olacaq. Bu da həmçinin ona görə əhəmiyyətlidir ki, Fransa ənənəvi erməni diasporunun yaşadığı bir dövlətdir. Ermənilərin neytrallaşması sahəsində Fransanın rolu çox önəm daşıya bilər". 

T.Kərimli hesab edir ki, Azərbaycanın maliyyə imkanı, Qoşulmama Hərəkatında olması, potensialı, Ermənistan xaric bütün dövlətlərlə dinc münasibətdə olması dünya dövlətləri ilə hərbi əməkdaşlığı inkişaf etdirəcəyi ilə şərtlənir: "Məndə olan məlumata əsasən, Azərbaycanda keçirilən silah sərgisi nəticəsində Azərbaycanla bir neçə müdafiə sənayesi ilə məşğul olan şirkətlər arasında müəyyən razılaşmalar əldə olunub. Zənnimcə, bu da ölkəmiz üçün çox faydalı olacaq".

azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31