“Azərbaycanın bir sıra dövlətlərlə hərbi sənaye kompleksi istiqamətində böyük irəliləyişləri var”

"Azərbaycanın hər bir dövlətlə istər siyasi, istər iqtisadi, istərsə də hərbi cəhətdən əlaqələri mümkündür. Bu istiqamətdə çox mühüm müqavilələri də var".

Bu fikri  politoloq Arzu Nağıyev deyib.

O bildirib ki, Azərbaycan təkcə Qərb ölkələri ilə deyil İsrail, Rusiya və digər ölkələrlə də hərbi əməkdaşlığa söykənən çox vacib müqavilələr imzalayıb: "Azərbaycanın bir sıra dövlətlərlə hərbi sənaye kompleksi istiqamətində böyük irəliləyişləri var. Ötən ay keçirilən "ADEX-2018" Beynəlxalq Müdafiə Sərgisində də bir daha nümayiş olunan həm Azərbaycanın öz silahları, həm lisenziya əsasında düzəldilmiş, həm də xaricdən alınan silahların sərgilənməsində göründü ki, Azərbaycanın tək dost olan Türkiyə, Pakistan deyil, eyni zamanda Qərb dövlətləri ilə çox mühüm əlaqələri var".

Politoloq qeyd edib ki, Azərbaycanın NATO-nun tərkibinə daxil olan dövlətlərlə, həmçinin Fransa ilə də mühüm əlaqələr vardır: "Hətta bir müddət əvvəl Fransadan helikopterlərin alınması ilə bağlı danışıqlar gedirdi. Azərbaycanda keçirilən paradda nümayiş olunan helikopterlərdən sonra bəzi məsələlər ortaya çıxdı. Bəzi dövlətlər müharibə aparılan ölkələrə silah satmaqdan imtina edirdi. Bizdə də Dağlıq Qarabağ münaqişəsi var deyə satmırlar. Lakin son vaxtlar prezident İlham Əliyevin fransalı həmkarı ilə olan danışıqları və digər istiqamətdə atılan addımlar bir daha çox mühüm münasibətlərin ola biləcəyini nümayiş etdirir. Bu həm iqtisadi cəhətdən, həm siyasi, həm də hərbi potensialın güclənməsi baxımından vacib müqavilələrin imzalana bilməsi deməkdir".

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31