"Pul Eleni Teoxarusa ədalət, həqiqət hissini unutdurub" - AÇIQLAMA
4 Oktyabr 2018 15:15 Siyasət"Eleni Teoxarusun qanunsuz əməli ilk deyil, ona görə də təəccüblənməyə dəyməz. Bu adam Ermənistan aşiqidir, erməni diasporasının maliyyələşdirdiyi, yönəltdiyi, istiqamətləndirdiyi insandır, separat, qondarma rejimi açıq-açığına dəstəkləyən, Avropa İttifaqının adını biabır edən deputatdır".
Bunu millət vəkili Elşən Musayev deyib.
"Deyim ki, elə əsas məsələ də adamın məhz Avropa İttifaqı ilə bağlı olması, daha doğrusu onun bu ittifaqdakı üzvlüyüdür. Yəni absurd olan budur ki, Teoxarusun təmsil olunduğu qurum başqa şey deyir, amma özü başqa. Daha dəqiqi, əgər Eleninin Dağlıq Qarabağa etdiyi qanunsuz səfərlər rəsmi mahiyyət daşıyırsa o zaman məsələyə AP aydınlıq gətirməlidir, yox əgər deyilsə, demək bu özfəaliyyətdir. Həm də riyakarcasına özfəaliyyət. Güman ki, elə ikincidir. Çünki belə olmasaydı, həmin səfərlərdən hazırlanan reportajları, fotoları Avropa Parlamenti rəsmi saytında ürəklə tirajlayardı. Amma tirajlamır, gizlənir, qorxur, ehtiyat edir. Demək, vəziyyət fərqlidir və erməni diasporu, işğala haqq qazandırmaq istəyən mənfur qüvvələr bu adamın maliyyəsini necə verirlərsə, onu necə bəsləyirlərsə bütün Avropa dəyərləri Eleninin yadından çıxıb. Pul ona ədalət, həqiqət hissini unutdurub. Amma bu cür tiplər nə istəyirlər etsinlər, nə dona girirlər girsinlər, Azərbaycanın haqq yoluna, haqq uğrunda aparılan mübarizəyə əngəl, mane ola bilməyəcəklər"-deyə, deputat fikrini tamamlayıb.
SİA