Gürcüstanda keçiriləcək prezident seçkilərində əsas mübarizə Rusiya və Qərb arasında gedəcək - ŞƏRH

İkincinin şansı daha çox görünür

Cənubi Qafqazda bir-birindən maraqlı prosslər gedir. Xüsusilə, regionun iki ölkəsində. Ermənistan və Gürcüstanda. Ermənistanda Paşinyan hökuməti növbədənkənar parlament seçkilərinə hazırlaşdığı bir vaxtda hazırda qanunverici orqanda çoxluq təşkil edən sabiq prezident Serj Sərkisyanın tərəfdarları ona ciddi mane yaratdığı halda, regionun digər bir respublikası Gürcüstanda Birləşmiş Ştatlarla Rusiya arasında mübarizə açıq müstəviyə keçir. Xüsusilə, seçki yaxınlaşdıqca. Belə ki, həm Vaşinqton, həm də Moskva bu ayın sonlarında Gürcüstanda baş tutacaq prezident seçkilərində özünə yaxın namizədin seçilməsinə ciddi cəhdlə çalışır. Hər halda seçkiöncəsi Gürcüstanda cərəyan edən siyasi proselər belə deməyə əsas verir.

Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də qonşu Gürcüstanda baş tutacaq prezident seçkilərini şərh edərkən deyib ki, bu ölkədə əsas seçki mübarizəsi məhz Rusiya ilə Qərb arasında olacaq: "Gürcüstanda oktyabrın 28-də prezident seçkiləri gözlənilir. Rusiya ilə Qərb arasında əsəblərin tarıma çəkildiyi bu ölkə Moskvanın təhdidləri ilə üzləşməkdədir. Hazırda 46 nəfər prezidentliyə namizədliyini irəli sürüb. Hakim Gürcü Arzusu Partiyası bu ayın sonunda keçiriləcək prezident seçkilərində müstəqil namizədi, keçmiş xarici işlər naziri Salome Zurabişvilini dəstəkləyib. Çox güman ki, seçkilərdə məhz o qalib gələcək və Gürcüstan tarixində ilk qadın prezident olacaq. Mixail Saakaşvili əleyhdarı olan xanım namizəd məhz bu xüsusiyyətinə görə hakim komandanın diqqətini çəkib. Salome Zurabişvilinin reytinqi aşağı olsa da inzibati resurslar hakim partiyanın nəzarətində olduğu üçün onun qalib gəlməsi mümkündür. Hakimiyyətin "Boz kardinalı" Bidzina İvanaşvili digər siyasi partiyaların prezident postunu tutmasına imkan verməyəcək".

Politoloq qeyd edib ki, Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası da seçkilərdə iştirak edəcək: "Artıq, Mixail Saakaşvili Türkiyəyə gələrək, Gürcüstanla sərhəddə ölkəsində gedən siyasi proseslərə təsir etmək üçün fəaliyyətə başlayır. Bundan əlavə, prezident seçkilərində Mixail Saakaşvilinin partiyasının qalib gəlməsi gözlənilməsə də, siyasi aktivliyi qaldırmaqla, növbəti parlament seçkilərinə hazırlaşır. Mixail Saakaşvilinin siyasi aktivliyi ölkəsində növbəti seçkilərə zəmin yaratmaqdı".

Məhəmməd Əsədullazadə deyib ki, Gürcüstanda bu seçkilərdən sonra prezident xalq tərəfindən deyil, 300 nəfərdən ibarət olan kollegiya tərəfindən seçiləcək: "Həmçinin parlamentin funksiyası artmaqla, prezident postunun bir o qədər siyasi əhəmiyyəti olmayacaq. Qeyd edim ki, bu seçkilər Hakim Gürcü Arzusu Partiyasının reytinqinin aşağı düşməsi fonunda keçirilir. Hazırda, bu ölkədə sosial və iqtisadi vəziyyət çətinləşib. Ölkədə korrupsiyanın ilkin işartıları var. Hakim partiya ölkədə yaşayan digər köklü millətlərə qarşı ayrı-seçkiliyə yol verir. Əsasən azərbaycanlıların sıx məskunlaşdığı Borçalı mahalında əhalinin sosial durumu ağırlaşır, soydaşlarımız hakim partiyanın ögey münasibəti ilə üzləşir. Növbəti parlament seçkilərinə qədər hakim partiya daxili siyasətdə bu kimi səhvləri davam etdirərsə və digər sahələrdə islahatlara getməsə seçkilərdə qalib gəlməyəcək. Qeyd edim ki, Borçalı mahalında yaşayan azərbaycanlılara qarşı Bidzina İvanaşvilinin ayrı-seçkilik siyasətinə rəsmi Bakı diplomatik kanallarla etiraz etməlidir".

Politoloq onu da deyib ki, hazırda Gürcüstan Qərbin xüsusi diqqətindədir: "NATO baş katibi bu ölkəyə səfər edir və Gürcüstanın NATO üzv olacağını, gələn il hərbi təlimlər keçirilməsini planlaşdırıldığını vurğulayır. Seçkilər ərəfəsində Qərbin, xüsusilə NATO-nun Gürcüstana diqqəti, Birləşmiş Ştatların müdafiə naziri Maattisin Gürcü vəzifədaşı İzoriya ilə Brüsseldə görüşü və siyasi-hərbi dəstəyi,bu ölkəni Rusiyanın aqressiyasından qorumaqla, ölkədə seçki ərəfəsi siyasi sabitliyə töhfə verməkdir. Qərb Gürcüstanda növbəti Rusiya hakmiyyətinin bərqərar edilməsinə imkan tanımayacaq.  Bir məsələni qeyd edim ki, Gürcüstanda hansı siyasi qüvvələrin hakmiyyətindən asılı olmayaraq, Azərbaycanla strareji tərəfdaşlıq davam edəcək. Çünki, hər iki ölkəni birləşdirən ümumi maraqlar mövcuddur. Gürcüstanın daima Azərbaycanın dəstəyinə ehtiyacı var".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31