"Putinin Cənubi Qafqazda yeganə ümidi Azərbaycandır" - SƏFƏRİN PƏRDƏARXASI
27 Sentyabr 2018 16:18 Siyasət" Rusiya artıq Azərbaycanla münasibətləri yeni mərhələyə - strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru yüksəltmək qərarına gəlib"
"Rəsmi Moskva Bakıya yaxınlaşmaqla, Ermənistandakı anti-Rusiya hakimiyyətinin uzaqlaşdırılmasına çalışa bilər"
"İlk olaraq mübaliğəsiz onu qeyd edim ki, Azərbaycan yeni dünya düzəninin formalaşmasında açar ölkələrdən biri olacaq".
Bunu "Sherg.az"a "Rusiya prezidenti Vladimir Putinin Bakı səfərini şərh edərkən tanınmış politoloq Nəzakət Məmmədova söyləyib.
Ekspert fikrini onunla əsaslandırıb ki, Orta Şərqdə 7 ildir davam edən proseslər səngiməyə doğru gedir və belə bir şəraitdə böyük güclərin geosiyasi qarşıdurma poliqonu Orta Şərqdən Cənubi Qafqaza doğru dəyişib:
"Artıq bu yeni güc mərkəzi ABŞ-ın üç rəqibi - Rusiya, Türkiyə və İranın bilavasitə sərhədlərində baş verir. Ermənistanda Amerikadakı erməni diasporunun, konkret olaraq Amerika Erməni Milli Assambleyasının əlbir olduğu bəzi siyasi dairələrlə birləşib çevriliş etməsindən sonra bu savaş açıq müstəviyə keçib. Gürcüstan da Saakaşvili dövründə olduğu kimi açıq Qərbyönümlü siyasət yeritməsə də, lakin avqust ayında başlanan NATO-nun "Nəcib tərəfdaş" proqramına ev sahibliyi etməsi, habelə Brüsseldə NATO-ya üzvlük müzakirələrinin aparılması balanslı siyasət yeridən Azərbaycanı Rusiyanın tək potensial müttəfiqi qismində meydana çıxarıb. Bir ay içərisində Azərbaycan prezidentinin Rusiyaya səfəri, Putinin Azərbaycana səfəri əlaqələrin yüksək səviyyəsini göstərir. Putinin Ermənistana vəd etdiyi səfərinin qeyri-müəyyən müddətədək təxirə salınması diplomatik protokol və nəzakət qaydalarının pozulmasından da dərin səbəbləri var.
Ermənistanda vəziyyət mürəkkəbdir, olduqca gərgindir və belə bir şəraitdə görünür, Rusiya prosesləri nümayişkaranə yox, pərdəarxası yönləndirməyə üstünlük verir".

N.Məmmədova hesab edir ki, hazırda Ermənistanda siyasi, hərbi, konstitusion-hüquqi mexanizmlər Rusiyanın üstünlüyü şəraitindədir:
"Ölkənin ən ali vəzifəli şəxsi prezident yox, baş nazirdir. Baş naziri isə son konstitusiya islahatlarına əsasən parlament təyin edir. Parlamentdə çoxluq isə Rusiyayönümlü Respublika Partiyasının tərəfindədir. Deməli, dövlət başçısı təkrar seçilmək üçün parlamentin razılığını almalıdır. Hazırkı şəraitdə bu, mümkün deyil. Odur ki, Paşinyan növbədənkənar parlament seçkiləri keçirmək, indiki parlamenti buraxıb öz tərəfdarlarını parlamentə toplayaraq təkrar seçkilərdə hakimiyyətə gəlməsinin lejitim əsaslarını formalaşdırmağa çalışır. Hazırda Rusiyanın Ermənistandakı proseslərə ən güclü təsir vasitələri hərbi baza və parlamentdəki "Respublika" partiyasıdır. Rusiya istənilən an bu vasitələrdən birini işə salıb prosesləri istədiyi kimi yönləndirə bilər. Paşinyan bunların hər ikisindən yaxa qurtarmağa çalışır, lakin onun baş nazir kimi siyasi karyerası müddətində bunu edə biləcəyi mümkün görünmür. Belə bir mürəkkəb şəraitdə Putinin Cənubi Qafqazda tək ümidi Azərbaycandır. Azərbaycan birtərəfli Qərbyönümlü siyasət yeritsə, ki, bu inandırıcı deyil, Rusiyanın Qafqazdakı 200 illik hegemonluğu xeyli dərəcədə zəifləyə bilər.
Yeni dünya düzəninin formalaşma məkanlarından biri olan Cənubi Qafqazda hansı güc mərkəzinin üstün mövqe qazanması Azərbaycandan asılıdır. Rusiya artıq Azərbaycanla münasibətləri yeni mərhələyə - strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru yüksəltmək qərarına gəlib. Bunun ilk işartılarını biz Cocuq Mərcanlıda Duqin və başqa rus siyasətçilərinin keçirdiyi " Azərbaycan - Cənubi Qafqazda Rusiyanın tək müttəfiqi" adlı konfranssa gördük. Sonradan bir sıra hadisələr - Azərbaycan prezidentinin Rusiyaya uğurlu səfərləri, çoxşaxəli müqavilələrin imzalanması, Xəzərin statusunun müəyyən edilməsi barədə yekun razılıq, separatçılıqda ittiham olunan Abbaszadənin həbsi və s. Rusiyanın Azərbaycana ilıq münasibətinin təzahürləri hesab oluna bilər".
Politoloq vurğulayıb ki, Qərb güc dairələri Putinin Azərbaycana səfərini Qafqazda nüfuz əldə etmək istəyən xarici güclərə Rusiyanın bu regionda ən güclü, ən şanslı dövlət olduğunu göstərmək kimi qiymətləndirirlər:
"Rusiyaya və onun Suriyadakı müttəfiqləri Türkiyə və İrana qarşı sanksiyalar, Ermənistanda dövlət çevrilişi Moskvanın nüfuzuna xeyli zərbə vurub.
Putin Cənubi Qafqazın ən nüfuzlu ölkəsinə etdiyi bu səfərlə təbii ki, bir çox dairələrə mesaj vermiş oldu. Bizi Azərbaycan olaraq maraqlandıran bu səfərdən Ermənistanın siyasi dairələrinin, xaricdəki erməni diasporunun çıxardığı nəticədir. Nəticə isə ondan ibarətdir ki, Rusiyanın siyasi-hərbi elitasına yaxın olan nüfuzlu media orqanları yazır ki, Qarabağda müharibə ehtimalı olarsa, Ermənistan Rusiyanın dəstəyinə ümid bağlamamalı, öz başına çarə axtarmalıdır.
Putinin Ermənistana səfər vəd edib sonradan imtina etməsini də bu baxımdan təsadüf hesab etmək olmaz. Rusiya bununla Azərbaycanı daha önəmli ölkə hesab etdiyini göstərmiş oldu".
Xanım politoloq onu da əlavə edib ki, Azərbaycan Ermənistandakı daxili siyasətə təsir etmək gücündədir:
"Hər nə qədər etiraf edilməsə də, Ermənistanın təcavüzünə qarşılıq olaraq Azərbaycanın apardığı təcridetmə siyasəti öz nəticəsini verdi. Ermənistanın iqtisadi süqutu onun siyasi süqutunu və hakimiyyətin qeyri-sabitliyini, dayanıqsız olmasını şərtləndirir. Belə bir şəraitdə Rusiya Azərbaycana yaxınlaşmaqla, Ermənistandakı anti-Rusiya hakimiyyətinin uzaqlaşdırılmasına çalışa bilər. Azərbaycana silah satışı, iqtisadi layihələrdə iştirak, müharibə başlayacağı təqdirdə Ermənistanı KTMT-nin dəstəyindən məhrum etmək Paşinyanın devrilməsinə səbəb ola bilər. Bunu bilən Rusiya Putinin Azətbaycan səfəri ilə çoxşaxəli gedişlər etmiş oldu".
Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sentyabrın 27-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. "Sherg.az" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.