Moldovada anonim sosial media hesablarına məhdudiyyət gündəmdədir- ÖZƏL
12:18 DünyaMaya Sandu ölkədə sosial mediada anonim hesabların məhdudlaşdırılması ilə bağlı yeni təşəbbüslərin müzakirə olunduğunu açıqlayıb. Prezidentin sözlərinə görə, bu addımın əsas məqsədi onlayn mühitdə şəffaflığı artırmaq və saxta hesabların təsirini azaltmaqdır. Olaylar.az xəbər verir ki, Sandu bildirib ki, söz azadlığı real insanlar üçün nəzərdə tutulub və anonim hesablar, botlar və saxta profillər bu anlayışa uyğun gəlmir. O, belə hesabların cəmiyyət daxilində normal ünsiyyət vasitəsi kimi qəbul edilməsinin doğru olmadığını vurğulayıb. Həmçinin qeyd edib ki, Moldova hakimiyyəti bu sahədə digər ölkələrin təcrübəsini diqqətlə öyrənir. Onun sözlərinə görə, yalnız beynəlxalq praktika analiz edildikdən sonra konkret qanunvericilik addımları atıla bilər.
Bununla yanaşı, müzakirələr çərçivəsində uşaqların internetdə məzmuna çıxışı məsələsi də gündəmdədir. Rəsmi Kişinyov hesab edir ki, yeni qaydalar həm də gənc istifadəçilərin təhlükəsizliyinin təmin olunmasına xidmət edə bilər.
Qeyd edək ki, son illərdə bir çox ölkədə sosial mediada anonimliyin tənzimlənməsi və dezinformasiya ilə mübarizə məsələləri aktuallaşıb. Moldova da bu istiqamətdə addım atmağa hazırlaşır.