Azərbaycan aktiv bir siyasi-hərbi düzənin içərisindədir

Regionda bir-birindən maraqlı proseslər cərəyan etməkdədir. Birləşmiş Ştatlar ayrı-ayrılıqda Tehran, Moskva və Ankaraya qarşı müxtəlif təsir rıçaqlarından istifadə edib hər üç ölkəni siyasi və iqtisadi baxımdan zəiflətmək, nəticə etibarilə adıçəkilən dövlətləri Yaxın Şərqdən, xüsusilə də Suriyadan sıxışdırıb çıxarmaq istiqamətində fəaliyyət apardığı bir zamanda, Türkiyə, Rusiya və İran da öz növbəsində Qərbə, Birləşmiş Ştatlara qarşı koalisiya formalaşdıraraq Vaşinqtonun atdıı addımlara adekvat gedişlər edir. Hər halda artıq ənənə halını almış Putin-Ərdoğan-Ruhani görüşü belə deməyə əsas verir. Bundan əlavə tez-tez ikitərəfli formatda da dövlət başçıları səviyyəsində görüşlər keçirilir ki, həmin görüşlərdə də əsas müzakirə mövzularından biri məhz Birləşmiş Ştatlar və Qərbə qarşı koalisiya formalaşdırmaq olur.  Düzdür, tərəflər sözügedən məsələdə hələlik tam razılıq əldə edə bilməsələr də, ancaq ümumilikdə keçirilən görüşləri səmərəli hesab etmək olar. Onu da qeyd edək ki, Moskva-Ankara-Tehran formatının istənilən səviyyədə gerçəkləşə bilməməsinin əsas səbəblərindən biri də məhz elə Suriya məsələsidir. Çünki hər üç ölkənin Suriyada müəyyən maraqları var.

Bu arada Soçidə keçirilən Putin-Ərdoğan görüşü də dünyanın diqqət mərkəzində sayıla bilər. Məlumat üçün qeyd edək ki, son illər Kreml rəhbərinin ən çox görüş keçirdiyi şəxslərdən biri məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Hər iki liderin il ərzində hətta bir neçə dəfə həm Ankara, həm də Soçidə təmasda olmaları ikitərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı indiyə qədər Türkiyə ilə Rusiya arasında mövcud olan bəzi problemli məsələlərin həllinə də yol açır. Onu da qeyd etmək yerinə düşər ki, Putin-Ərdoğan görüşü öz növbəsində yerlışdiyimiz coğrafiya,  Cənubi Qafqaz üçün də əlverişlidir və belə görüşlər, Azərbaycanln dostu, qardaşı, yaxın müttəfiqi olan iki ölkənin getdikcə yaxınlaşması, strateji müttəfiqə çevrilməsi xüsusilə bu regionda mövcud olan problemlərin həllinə yol aça bilər.

Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşünə ekspertlərin yanaşması, münasibəti də birmənalıdır və bu kiimi görüşlərin əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğu vurğulanır  

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu prezidentlərin Soçi görüşünə münasibət bildirərkən qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Tehranda türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanı eşitmədi, onun Suriyanın İdlib şəhəri üçün atəşkəs istəyinə 3 dəfə "yox" dedi. Onun sözlərinə görə, Tehranda bir az dərinə getsəydilər Astana prosesi (Türkiyə-Rusiya-İran dialoqu) dağılacaqdı: "Ötən gün Ərdoğan yenə Putinlə görüşdü. Bu dəfə Putin Ərdoğanın arqumentlərini qəbul etdi. Rusiya İdlibə hücum etməyəcək. Bunun əvəzinə rusiyalı və türkiyəli hərbçilər İdlib ətrafında təhlükəsizlik zolağı yaradacaqlar. Ancaq Putinin iki şərti yenə gündəmdədir.Birinci şərt - İdlib istiqamətindən Rusiyanın Suriyadakı hərbi bazalarına hücum təhlükəsi olmamalıdır. İkinci şərt - İdlibdəki terrorçular ağır silahları ərazidən çıxartmalı, bir müddət sonra isə özləri də şəhəri tərk etməlidirlər. Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək. Bütün hallarda ötən günkü razılaşma hər iki dövlətin xeyrinədir". Elxan Şahinoğlu hesab edir ki, Rusiya İdlibə hücum etməyib terrorçuların bölgəni tərk etməsinə nail olarsa, həm Qərbin təzyiqlərindən yaxa qurtaracaq (çünki hücum olsaydı çox sayda insan öləcəkdi), həm də Suriyada hərbi varlığını gücləndirəcək: "Türkiyə isə İdlibə hücumun qarşısını almaqla həm qətliamın qarşını aldı, qaçqın axını ilə üzləşməyəcək, həm də Suriyadakı hərbi varlığını Rusiya ilə birgə gücləndirəcək".

Millət vəkili Zahid Oruc isə deyir ki, Türkiyə prezidentinin İranda üçtərəfli görüşlərdən 10 gün sonra Soçiyə yola düşməsi Ankara və Moskva arasında İdlib ətrafındakı gərginlikdən birgə çıxmaq məqsədinə xidmət etsə də, belə təcililik və o cümlədən, Tehranın bir qədər kənarda saxlanması çox düşündürücüdür: "Avrasiya qitəsinin sabiq imperiyalarını sanksiyalarla dalana dirəyən Avroatlantik İttifaqı Suriyadakı xaosu dərinləşdirərək, bir neçə ilin sınaqlarından keçən "Üçlər İttifaqı"nda parçalanma yaratmağa ümid bəsləyir. Belə bir şəraitdə Ərdoğan və Putin arasındakı ötən günkü danışıqlar gerçəkdən də tarixi xarakter daşıyır. Belə ki, son illərdə iki dövlət arasındakı münasibətlər nəinki lokal mənada bir şəhərdəki vəziyyətdən asılıdır, eləcə də müxtəlif regionlar arasında cərəyan edən oxşar hadisələr kontekstində ehtimal olunan gələcək sülh formulları və formatları da indi masa üzərinə qoyulub.Ərdoğan cəmi bir il əvvəl Rusiya prezidenti ilə Qarabağ haqda müzakirələri apararkən ATƏT-in Minsk qrupundakı formal üzvlüyünə deyil, daha çox Yaxın Şərq və Cənubi Qafqaz bölgəsinin vahid geopolitik müstəvi təşkil etməsindən çıxış edirdi. O biri tərəfdən, rəsmi Bakı prezident İlham Əliyevin liderliyi altında son 100 ildə ilk dəfə ən əlverişli dövlətlərarası münasibətlər formalaşdırmasının üzərindən sükutla keçmək olmaz. Bir tərəfdən Tehran-Ankara-Moskvanın mənafeləri xüsusilə də 90-cı illərdən bu yana heç zaman indiki qədər müsbət planda çulğalaşmayıb, o biri tərəfdən qoca tarix sübut edir ki, ölkə rəhbərləri siyasi xəritələri dəyişdirmək və ya keçmişdə formalaşan status-kvonu korreksiyaya məruz qoymaq üçün hər zaman yalnız bir nöqtəyə fokuslanmırlar. Heç uzaq təcrübələrə, məsələn 2-ci dünya savaşının ən şiddətli dövründə böyük dövlət başçılarının Potsdam,Tehran konfranslarında gələcək Avropanın arxitekturasını necə görmələrini xatırlatmağa ehtiyac yoxdur, cəmi 4 il əvvəl Türkiyə Krım ətrafında Kreml sahibi ilə uzlaşmaya getdi və buna hansı hesablaşmalar, sövdələşmələr naminə əl atdığını yalnız ehtimal etmək olar. Hərçənd Ukrayna ilə müqayisədə Azərbaycan Avrasiya qitəsi, o cümlədən, türk dünyası və konkret Türkiyədən ötrü daha böyük siyasi-iqtisadi və təhlükəsizlik əhəmiyyətinə malikdir, belə olanda Ərdoğanın xarici siyasət üzrə müşavirlərinin Soçidə Qarabağ fürsətini əldən buraxması tarixi şansın qaçırılması olardı".

Millət vəkili deyib ki, bir il əvvəl noyabrda Putinin Qarabağ məsələsində məsuliyyəti tərəflərin üzərinə qoyması və "ümidsiz olması"ndan çıxan nəticələrlə bir il sonrakı durumda ediləcək təşəbbüslərin eyni nəticə ilə sonuclanacığını düşünmək əbədi bədbinlərin işidir: "Nədən? Axı Ermənistanda o vaxt hakimiyyətdə olanlar birbaşa Kremlin iradəsinə tabeydilər və belə olanda Azərbaycan tərəfinin ən həssas regional siyasi kontekstdən faydalanmaq istəkləri də arzu etdiyi yekunlara çatmağa qoymurdu. Ancaq indi vəziyyət kökündən dəyişib. Cənubi Qafqazda Gürcüstanın ardınca ikinci bir paytaxtda qərbləşmə tərəfdarları hakimiyyətə gəliblər. Bir əsr ərzində hökmranlıq edən siyasətin buzu sınmağa başlayıb. Düzdür, hələ də konspirasiya həvəskarları Paşinyanı az qala Dumadakı sistem müxalifətinin üzvləri kimi qələmə verirlər, lakin reallıq odur ki, hazırki İrəvan siyasi elitası Qərbin təsir agentlərindən və gerçək casuslarından ibarətdir. Fransa prezidenti Makronun inqilab liderini az qala Avropa Birliyinin üzv dövlət nümayəndəsi kimi qəbul etməsi və demokratiyaya yardım vədlərinin hansı məqsəd güddüyünü anlamaq o qədər də çətin deyil. Belə olan təqdirdə Yaxın Şərq və Qafqazlarda Türkiyənin Rusiya ilə razılaşmaları üçün geniş zəmin var. Hər halda Əsədi legitim dövlət başçısı kimi qəbul etməmək AKP hökumətinin özü işidir, amma İdlib ətrafında qurulan məxfi ssenarilərdə Azərbaycanın bölgəsəl maraqlarını da ələ almaq Türkiyənin mövqeyini gücləndirir və ən sonda nəhayət, Moskvanın Qarabağ münaqişəsinə münasibətinin dəyişməsinə səbəb ola bilər. Onsuz da rəsmi Ankaranın Paşinyan hökumətinə münasibəti tam aydın deyil, amma tabloya bütöv baxmaq türk diplomatlarının borcudur. Digər məqam isə ABŞ-ın hazırki prezidenti ölkədaxili gərginlik səbəbilə bizim yerləşdiyimiz məkana yönəlik fəal xarici siyasət layihələrini irəli sürə bilmir və belədə Azərbaycana gələn son nümayəndə heyətinin münaqişə ilə bağlı yeni təkliflərini də gözləməyinə dəyməz".

Zahid Orucun sözlərinə görə, Prezident İlham Əliyevin liderliyi müxtəlif regional mərkəzlərin və beynəlxalq güclərinin maraqlarını çox uğurla uzlaşdırmağa imkan verir və getdikcə hamı əmin olur ki, Bakını bu tarazlaşdırıcı mövqeyindən çıxartmaq təşəbbüsləri əbəsdir: "Ona görə də Rusiya prezidenti çox uğurlu bir şəkildə öz ordusunun Qafqazlarda və onun timsalında bütün dünyada imicini dəyişməyə imkan verər, üstəlik, bütün türk dünyası ilə münasibətləri üçün taleyüklü addımlar atmağa qadir ola bilər. Əgər kimsə soruşsa ki, Ərdoğan Putin razılaşmasının Qarabağ komponentinin detallarını necə təsəvvür edirsiniz, onda Ali Baş komandan İlham Əliyevin 20 minlik ordu birləşmələrinin keçirdikləri hərbi təlimləri işğal olunan torpaqlara yönəltdiyi zaman Kremlin hərbi neytrallığını qoruyub saxlamasını istəmək yetərlidir. Axı bunun "Zeytun budağı" əməliyyatı zamanı Afrini tərk edən rus generalları razılaşmaların müharibə sənəti olduğunu sübuta yetiriblər. İndi də Suriyada Rusiyanın rolunu tanıyan Ankara Qarabağda eyni güzəştləri Moskvadan istəyə bilər. Bu isə öz növbəsində Əliyev Ərdoğanın türk aləmində liderliyinin böyük göstəricisi olmaqla yanaşı, Putinə də Qərblə savaşda olduğu indiki şəraitdə çoxlu tərəfdaş dövlətlər qazandırardı.  Ən nəhayət, bütün yeni konfiqurasiyalarda regionda heç kəs, o cümlədən İran da ziyan çəkmir, əksinə gərginlik mənbələrindən və Qərbi buaraya gətirən müharibə ocaqlarından ən böyüyü olan Qarabağ konfliktindən xilas ola bilir. Güclənmiş və torpaq bütünlüyü təmin olunmuş Azərbaycan heç bir qonşusu üçün təhülkə törətməz, əksinə sülhü daha çox ixrac edə bilər. Bütün hallarda, siyasət bəzən okean fırtınalarından yan keçməyi deyil, onları özü yartamağı və mümkün olduğu qədər idarə etməyi buyurur.O üzdən, son aylar ərzində Bakıya gələn diplomatik heyətlərin trafiki bütün bölgə dövlətləri ilə müqayisədə 3 dəfə çoxdur. Azərbaycan aktiv bir siyasi-hərbi düzənin içərisindədir. Cəmiyyəti böyük dəyişikliklərə hazırlamaq gərəkdir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31