Soçi görüşü nəticələrinə görə tarixi-siyasi hadisədir - ŞƏRH

Prezidentlərin görüşü Azərbaycan-Rusiya əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin növbəti təzahürüdür

Prezident İlham Əliyevin Rusiyaya səfəri rəmi Kremllə Bakı arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyub. Səfər çərçivəsində imzalanan sənədlər, dövlət başçılarının verdikləri bəyənatlar bu fikri bir daha təsdiq etmiş olur. Millət vəkili Sahib Alıyev deyib ki, Prezident İlham Əliyevin Soçiyə son səfəri ölkələrimiz arasında həlli mürəkkəb görünən məsələlərin çözümü yönündə irəliyə doğru mühüm addımların atıldığı, Rusiyanın regionda "ənənəvi müttəfiqi" kimi təqdim edilən Ermənistanın yeni hakimiyyətiylə isə müəyyən narazılıqların baş qaldırdığı bir vaxtda gerçəkləşdi. Millət vəkilinin dediyinə görə, Azərbaycan prezidentin də vurğuladığı kimi, bu, son üç ayda onun prezident Putinlə 3-cü görüşüydü: "Elə bu faktın özü hər iki ölkə arasında əlaqələrin yetərincə yüksək səviyyədə olmasından xəbər verir. Bu, öz təsdiqini ticarət dövriyyəsində də tapır. Hazırda Rusiya Azərbaycana ən çox mal idxal dən ölkədir, eyni zamanda da, Azərbaycanın qeyri-neft sektoruna aid olmayan məhsullarının bir nömrəli bazarıdır.Ən maraqlısı odur ki, Azərbaycanla Rusiya hər iki ölkənin maraqlarının müəyyən dərəcədə kəsişdiyi məslələrdə belə razılığa gəlməyi bacardılar və hətta tərəfdaşa belə çevrilirlər. Bunlardan biri Çini Avropayla birləşdirən Şərq-Qərb dəhlizidir ki, indi Rusiya da mallarının bir hissəsini məhz həmin dəhlizləTürkiyəyə göndərməyi planlaşdırır, hətta, artıq buna başlanılıb da. Üstəlik Rusiya Ermənistanı regiondakı nəqliyyat yollarından tam təcriddə saxlayan Simal-Cənub dəhlizini də Azərbaycanla birgə reallaşdırır.İki ölkə arasında həlli çətin məsələlərdən biri Xəzərin statusu və Transxəzər kəməri idi. Soçidə bizim Dövlət Neft Şirkəti ilə Rosneft arasında Xəzərin Azərbaycana aid sektorunda birgə əməkdaşlıq haqda müqavilə onu göstərir ki, artıq Transxəzər layihihəsinin reallaşması mümkündür. Və bu cəmisi son bir ayda keçirilən  Putin-Berdimühəmmədov, Merkel-Putin, Əliyev-Merkel, Əliyev-Putin danışıqlarının məntiqi nəticəsi olaraq meydana çıxır. Anlaşılan budur ki, Rusiya Şimal axını-2 layihəsinin yolunun tam açılmasının qarşılığında Transxəzər kəmərinin çəkilişinə göz yuma bilər. Amma bu kəmərdə Türkmənistanın rəqiblik potensialı Azərbaycanla Rusiyanın müəyyən etdikləri çərçivədən çıxmamalıdır. Eyni zamanda, Xəzərdə ARDNŞ-lə  Rosneft arasındaki yeni müqavilə Azərbaycanın reallaşdırdığı Cənub Qaz Dəhliziylə Rusiya qazının da gedə biləcəyi perspektivini daha da gücləndirir. Beləliklə, iki ölk arasında dostluq və strateji tərəfdaşlıq haqda anlaşmanın 10-cu ildönümündə bizim təkcə sənəddə deyil, realda da strateji tərəfdaşa çevirildiyimizi görürük. Qarşıda strateji müttəfiqlik var. Bu isə bir halda mümkündür- Dağlıq Qarabağ problemi həllini tapanda. Bunun bizim üçün necə əhəmiyytli məsələ olduğu mətbuat qarşısında birgə bəyantda da özünü göstərdi. Cənab İlham Əliyev iki ölkə arasında əlaqələrdən danışarkən birinci məhz Dağlıq Qarabağ probleminin həlli zəruriliyini qabartdı. Bu məsələdə necə Rusiya gözlənilən addımı atacaqmı? Təəssüf ki, bu haqda hələlik qəti nəsə demək mümkün deyil. Bəli, bayaq da vurğuladığım kimi, Ermənistanın yeni hakimiyyətinin yeritdiyi siyasət Moskvanın ürəyindən deyil, orada belə davam edərsə, Rusiyanın  Qarabağ məsələsinə yanşamasının dəyişəcəyinə eyham vurulur. Rusiyanın rəsmi İrəvandan narazılığı elə Vladimir Putinin Ermənistanın keçmiş prezidenti Robert Koçaryana zəng edib, onu doğum günüylə bağlı təbrik etməsi və bunun qabardılmasından da görünür. Yeri gəlmişkən, Koçaryan təbrik edilməsi Donbas separatçılarının lideri Zaxarçenkonun öldürülməsiylə bağlı Kreml adından başsağlının verilməsiylə eyni günə düşdü". Millət vəkili vurğulayıb ki, Ukraynada Zaxarçenkoya yanaşma necədirsə, Azərbaycanda Koçaryana yanaşma ondan da pisdir, çünki o Zaxarçenkodan daha ağır cinayətlərə baş vurub: "Rusiya necə, bu iki separatçının hər ikisinə də eyni cürmü yanaşır və bu yanaşma gələcəkdə də davam edəcəkmi? Ölkələrimiz arasında əsl müttəfiqliyin baş tutmasında bax bu yanaşmanın rolu az olmayacaq, çünki burada söhbət biri məhv edilmiş, digəri üçünsə Qobustandakı həbsxananın darıxdığı iki separatçıdan getmir, bizim torpaq bütünlüyümüzdə qonşu və dost Rusiyanın tutacağı qəti, eyni zamanda da ədalətli və prinsipial mövqedən gedir. Biz Moskvadan məhz belə bir mövqe gözləyirik, gerisi necə deyərlər, təfərrüatdır".

Millət vəkili Eldar İbrahimov  hesab edir ki,Azərbaycan prezidentinin səfərinin zəngin proqramı, Azərbaycan və Rusiya prezidentlərinin görüşlərində müzakirə olunan məsələlərin geniş spektri iki dövlət arasında münasibətlərin inkişafı üçün yeni və daha dinamik bir dönəmin başlandığını nümayiş etdirir. E. İbrahimovun dediyinə görə, bu, Azərbaycan-Rusiya münasibətlərində növbəti mərhələdir. Azərbaycan və Rusiya prezidentlərinin mətbuata bəyanatları da bir daha sübut edir ki, hər iki dövlətin başçısı münasibətlərin inkişafında, əməkdaşlığın ölkə həyatının bütün istiqamətləri üzrə genişləndiriliməsində maraqlıdır və qərarlıdır.Azərbaycanla Rusiya arasında tarixən qonşuluq, dostluq münasibətlərinin mövcud olduğunu xatırladan E. İbrahimov Soçi görüşünü də bu münasibətlərin, iki ölkə arasında qarşılıqlı əlaqələrin məntiqi davamı  kimi dəyərləndirib və bildirib ki, proseslər bundan sonra da məhz bu istiqamət, bu xətt üzrə ardıcıllıqla davam edəcək:"Heç kim, heç bir qüvvə, heç bir kənar güc də bunu əngəlləyə, buna mane ola bilməyəcək. Çünki dərin köklərə və möhkəm dayaqlara malik münasibətlər, hətta, deyərdim ki, strateji müttəfiq münasibətləridir". Deputat əlavə edib ki, bu münasibətlər səmimi, qarşılıqlı inam, qarşılıqlı etimad və etibar üzərində qurulub, möhkəmlənib."Cənab prezidentin rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin etimadlılıq səviyyəsinin yüksəldilməsi, qarşılıqlı faydalılıq müstəvisində inkişaf etdirilməsi baxımından da müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin səfərinin uğurlu nəticəsini müəyyənləşdirən amillərdən biri də şübhəsiz ki, iki ölkə arasında imzalanan sənədlərin qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərini əhatə etməsidir. Bu sırada Rusiya Federasiyası və Azərbaycan Respublikası Hökumətləri arasında imzalanan 2024-cü ilə qədər Əməkdaşlıq Proqramını və Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını - "Yol xəritəsi"ni xüsusi qeyd etmək olar. Hər iki sənəd Azərbaycan-Rusiya əməkdaşlığının konseptual platformada, ardıcıl, dövlətlərin maraqlarına uyğun bir formada davam etdiriləcəyini, Azərbaycan-Rusiya münasibətlərinin tamamilə yeni və daha sıx əməkdaşlıq müstəvisinə qədəm qoyduğunu göstərir"-deyən, E.İbrahimovun sözlərinə görə,  Azərbaycan və Rusiya zəngin enerji resurslarına sahib olan ölkələrdir. Millət vəkili qeyd edib ki, bu baxımdan, iki ölkə arasında enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı imzalanan sənədlər də təbii qəbul olunmalıdır: "Bununla yanaşı, Azərbaycan ilə Rusiya arasında imzalanan sənədlərin hər iki ölkə üçün mühüm strateji əhəmiyyət kəsb edən istiqamətlərinə də diqqət çəkmək vacibdir. Elə bu yerdə onu xatırlatmaq istərdim ki, cənab prezident  milli iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorun inkişafı ilə bağlı yol xəritələrini təsdiq edib və bu istiqamətdə ölkəmizdə çox sürətli, çox dinamik və genişmiqyaslı islahatlar həyata keçirilir. Qeyri-neft sektorunun inkişafı Azərbaycanla yanaşı, Rusiya üçün də mühüm əhəmiyyət kəsb edir. Bu müstəvidən yanaşanda imzalanan sənədlər arasında yer alan "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlığın inkişafı haqqında Saziş"in, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum"un, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Saziş"in, "Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya" Səhmdar Cəmiyyəti ilə "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi" Publik Hüquqi Şəxs arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi"nin hər iki ölkə üçün qeyri-neft sektorunun inkişafı baxımından müstəsna əhəmiyyət daşıdığını deyə bilərik. Sənaye, nəqliyyat sektoru, turizm qeyri-enerji sektorunun bünövrəsini təşkil edir. Eyni zamanda, Azərbaycanın əlverişli geostrateji mövqeyi, nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşməsi hər iki ölkənin bu resurs və imkanlardan daha səmərəli şəkildə faydalanmasına şərait yaradır. Bu isə öz növbəsində ölkənin prioritet istiqamətlərindən olan yeni iş yerlərinin açılması, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi deməkdir...". E. İbrahimov səfərin ən mühüm və vacib məqamlarından biri kimi, 30 ildən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsinin iki dövlət və onun ali rəhbər şəxsləri səviyyəsində bir daha geniş müzakirə olunmasını, konfliktin çözümü ilə bağlı ümidverici, danışıqlar prosesinə impuls verəcək notların səsləndirilməsini vurğulayıb: "Bu baxımdan hesab edirəm ki, cənab prezidentin Rusiyaya bu səfəri beynəlxalq birlik tərəfindən tanınmış ərazilərimizin işğaldan azad edilməsi prosesinə də ciddi təkan verəcək. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın bu prosesdə mühüm rola malik olduğu kimsəyə  gizli və sirr deyil. Rusiya prezidenti Vladimir Putinin öz bəyanatlarında ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcəyini bildirməsi, Azərbaycanın artan önəminə və regionda davamlı sabitliyin qorunmasına, təhlükəsizliyin təmin edilməsinə diqqət çəkməsi də rəsmi Moskvanın bu istiqamətdə fəallığını nəzərəçarpacaq dərəcədə artıracağından xəbər verir. Mətbuat konfransında da cənab prezidentin səsləndirdiyi "Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək" sözləri də məhz bu inamdan irəli gəlir və hər birimizdə də münaqişənin sülh, danışıqlar yolu ilə həllinə ümidləri artırır. Deməli, hələ də danışıqlar, sülh yolu  ilə münaqişənin həlli perspektivləri qalır və qalmaqdadır. Sülh, danışıqlar limiti hələ tükənməyib. Odur ki, böyük qonşumuz və strateji müttəfiqimiz olan Rusiyadan, ATƏT-in Minsk qrupunun 3 həmsədrinin birindən bu istiqamətdə növbəti önəmli  və əməli addımları gözləyirik. Artıq bu münaqişəyə ədalətli şəkildə son qoyulımalıdır və təcavüzkar, işğalçı dövlətə ən böyük təsir, təzyiq imkanlarına malik  olan  dövlət kimi Rusiya da burada, bu prosesdə öz töhfəsini verməlidir. Hər halda Rusiyadan da bunu ummağa, bunu gözləməyə haqqımız var".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31