İşğalçı ölkə iqtisadi tənəzzüldən qurtula bilər
31 Avqust 2018 12:56 SiyasətƏgər Qarabağ məsələsində konstruktiv mövqeyə gəlsə
Son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarında müəyyən işartılar görünməkdədir. Məsələ orasındadır ki, artıq beynəlxalq təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri münaqişənin həllinə yanaşma tərzində dəyişiklik ediblər. Daha dəqiq, Azərbaycanın artan iqtisadi inkişafı və beynəlxalq nüfuzu dünyanın güc mərkəzlərini dərindən düşünməyə vadar edib. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol Avropa Birliyinə daxil olan dövlətlərin məsələyə baxışında əsaslı dönüşə səbəb olub. Elə Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri zamanı işlətdiyi "Almaniya Qarabağ münaqişəsinin həllinə yardım göstərməyə hazırdır" cümləsi dediklərimizi bir daha sübut edir. Bu isə o deməkdir ki, hazırda beynəlxalq aləmdə yaranmış vəziyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin iqtisadi yolla həllini gündəmə gətirmiş olur. Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi, Qərb dövlətlərinn TANAP layihəsinə dəstəyi, Türkiyə-Rusiya siyasi məsləhətləşmələri, İran-Azərbaycan-Rusiya ortaq iqtisadi layihələri, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərləri və keçirilən görüşlər, İsrail-Azərbaycan, Rusiya-Azərbaycan, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığını münaqişənin həllini tezləşdirə biləcək hadisələr kimi qiymətləndirmək olar. O da etiraf edilməlidir ki, Azərbaycanın yürütdüyü çoxsahəli xaric siyasət ölkəmizin beynəlxalq aləmdəki mövqeyini artırıb. Prezident İlham Əliyevin işgal olunmuş ərazilərlə Bağlı əminliklə söylədiyi fikirlər də Azərbaycanın bu məsələdə mövqeyinin möhkəmləndiyini deməyə əsas verir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Bunu başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Biz, sadəcə olaraq, öz səylərimizi daha da artırmalıyıq və artırırıq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək".
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində BMT Baş Məclisinin 6 sentyabr 2006-cı il tarixli "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsində Azərbaycanın işğal edilmiş ərazilərində baş verən yanğınlardan və onun vurduğu böyük ekoloji ziyandan ciddi narhatlıq vurğulanıb. Dağlıq Qarabağ münaqişəsinin BMT Baş Məclisinin sessiyasında müzakirəyə çıxarılması isə Ermənistanda siyasi atmosferi gərginləşdirməsinə səbəb olub. Rəsmi İrəvanın məsələyə soyuqqanlı yanaşmağa çalışması erməni siyasətçilərinə münaqişənin BMT səviyyəsinə çıxarılmasının Ermənistan üçün nə dərəcədə təhlükəli olduğunu demələrinə maneçilik törətmir. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın mövqelərinin getdikcə möhkəmlənməsi erməni siyasətçilərini son hadisədən hakimiyyət uğrunda mübarizədə yararlanmağa vadar edir.
O ki, qaldı münaqişənin sülh yolla nizama salınması məqsədilə yaradılan ATƏT-in Minsk qrupuna, qətiyyətlə demək olar ki, indiyədək ATƏT-in Minsk qrupun həmsədrlərlərin növbəlik sistemində dəyişməsi belə nəticəsiz olub. Qurumun uzunmüddətli fəaliyyəti Dağlıq Qarabağ probleminin həlli prosesində hər hansı ciddi dəyişikliyə gətirib çıxartmayıb. Ekspertlər hesab edirlər ki, buna səbəb Minsk qrupunun səlahiyyətinin kifayər qədər olmamasıdır. Həmçinin həmsədrlər sadəcə olaraq orta səviyyəli diplomatlardır. Baxmayaraq ki, Minsk Qrupu həmsədrləri hər dəfə dəyişəndə müəyyən sənədlər, təkliflər hazırlayır, ancaq bunun da heç bir nəticəsi olmur. Bu isə o deməkdir ki, artıq Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Minsk Qrupu həmsədrlərinin səlahiyyətlərindən çıxıb. Bu baxımdan ATƏT-in Minsk Qrupu həmsədrləri yalnız öz dövlətlərinin mövqeyini səsləndirir.
Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan öz qonşuları ilə uzunmüddəli iqtisadi, nəqliyyat və mədəni sahələri əhatə edən irihəcmli layihələr həyata keçirəcək. Bu, Azərbaycana imkan verəcək ki, öz enerji məhsullarını dünya bazarlarına çoxşaxəli formada çıxara bilsin. İstər Bakı-Tiflis-Qars, istər Bakı-Tiflis-Ceyhan, istərsə də Cənubi Qaz Dəhlizi ilə düzənlənən siyasət özü Qarabağ prosesində bir tənzimləmə amili kimi iştirak edə bilər. O üzdən bu məsələlər erməniləri ciddi şəkildə düşündürməkdədir. Siyasi ekspertlər hesab edirlər ki, Qarabağ məsələsinin iqtisadi yollarla həlli mümkündür və bundan ötrü bölgəyə həm də tam vahid yanaşmaq lazımdır. Nəzərə almaq lazımdır ki, sadalanan layihələr Ermənistandan keçə və işğalçı ölkə tənəzzülə uğaramaqdan qurtula bilərdi. Lakin Ermənistanın qeyri-konstruktiv siyasəti bu ölkəni bütün regional və beynəlxalq lahihələrdən təcrid edib. Bu isə işğalçı dövlətin iqtisadi çöküşünə səbəb ola bilər.
Alim