Paşinyanı xələfinin taleyi gözləyir
Brüssel görüşü nə vəd edir?
10 İyul 2018 13:12 SiyasətBrüssel görüşü nə vəd edir?
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş yeri və tarixi açıqlanıb. Azərbaycanın baş diplomatı Elmar Məmmədyarov bildirib ki, iyulun 11-də Brüsseldə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşəcək. Nazir deyib ki, görüş NATO-nun Brüsseldə keçiriləcək sammiti çərçivəsində baş tutacaq: "Azərbaycan tərəfi danışıqlarda irəliləyiş əldə olunacağına ümid edir". Ardınca Azərbaycanın Xarici İşlər Nazirliyi də nazirlərin Brüssel görüşü barədə məlumat yayıb. Nazirlikdən bildirilib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa və Əndrü Sxofer ABŞ) vasitəçiliyi ilə iyulun 11-də Brüsseldə görüşü keçiriləcək. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq. Maraqlıdır, artıq nazirlərin görüç yeri, görüş vaxtı və müzakirə olunacaq məsələlər müəyyən edilib. Ancaq işğalçı dövlətin yeni baş naziri Nikol Paşinyan hələ də müxtəlif yollarla danışıqlardan yayınmaqda davam edir. Əgər, işğalçı ölkənin prezidenti danışıqlara hazır deyilsə, xarici işlər nazirləri rəhbərlərinin görüşü hansı sonluqla bitə bilər? Nəzərə almaq lzımdır ki, münaqişənin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu hələ ki, proseslərə qatılmayıb, nəinki heç bir təkliflə çıxış etməyib, hətta məsələyə münasibətini belə bildirməyib. Belə halda, görüş xatirinə görüşün keçirilməsinin nə əhəmiyyəti var?
Əvvala bir daha xatırladaq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması iqtiqamərində aparılan danışıqlar işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi səbəbindən dalana dirənib. İşğalçı ölkədə hökm sürən siyasi böhran Ermənistanın danışıqlardan yayınaraq mövcud status-kvonu saxlamasına şərait yaradıb. Bu ölkədə siyasi sabitliyin nə zaman bərpa olunacağı isə hələ ki, sual altındadır. Yaranmış vəziyyət hətta münaqişənin dinc yolla həlli məqsədilə yaradılan ATƏT-i Minsk qrupunun əl-qolunu bağlayıb. Çox güman ki, sözgedən qurum Ermənistanda cərəyan edən hakimiyyət böhranını nəzərə alaraq hansısa təklif üzərində baş sındırmağı əhəmiyyətsiz hesab edir. Beynəlxalq təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri məsələyi ikili standartlardan yanaşaraq problemin həllini münqaişə tərəflərinin öhdəsinə buraxıblar. İşğalçı dövlətdən fərqli olaraq Azərbaycan isə işğal altında olan torpaqlarının geri qaytarılması, ərazi bütövlüyünün təmin olunmasında israrlıdır. Lakin bütün sadalananlara baxmayaraq Azərbaycan münaqişənin həlli istiqamətində mövqeyini dəyişməyib. Yəni, münaqişə ilə bağlı Azərbaycanın mövqeyi əvvəllər olduğu kimi konstruktivdir və beynəlxalq hüquqi sənədlərə əsaslanır. Baxmayaraq ki, Ermənistan destruktiv mövqedə qalaraq status-kvonun bir qədər də davam etməsi üçün manipulyasiyalarını davam etdirir, Azərbaycan sülh danışıqlarına sadiq olduğunu dəfələrlə sübut edib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın prinsipial mövqeyi dəyişməzdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Yeri gəlmişkən xatırladaq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqmətində siyasi və hüquqi zəmin mövcuddur. Lakin işğalçı dövlətin yeni baş naziri Nikol Paşinyanın xələfinin siyasətini davam etdirməsi bütün razılaşmaların üstündən xətt çəkmiş olur. Bu isə o anlama gəlir ki, Paşinyanın ikiüzlü siyasəti, müstəqil siyasət yürütmək imkanına malik olmaması danışıqlar prosesinin uzadılmasına səbəb olur. Qeyd edək ki, Paşinyan çox gözəl anlayır ki, danışıqların dayaq nöqtəsindən tərpənməsi üçün isə beynəlxalq hüququn normaları tam tətbiq edilməli, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır. Ermənistanın yeni siyasi rəhbərliyi də yaxşı anlayır ki, Azərbaycan heç vaxt tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Problemin həlli Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunmasından keçir. Lakin bu etirafları etmək Paşinyan üçün ölüm-dirim məsələsidir. Bu məsələdə xırda bir səhv onun hakimiyyətini itirməsilə nəticələn bilər. Ancaq Paşinyan dərk etməldir ki, ortada tarixi faktlar və beynəlxalq hüquqi əsaslar mövcuddur. Həmin faktlara əsasən Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, 1992-ci il mart ayının 2-də BMT tərəfindən Azərbaycanın müstəqilliyi Dağlıq Qarabağ da daxil olmaqla onun mövcud sərhədləri daxilində tanınıb. Qalır bircə beynəlxalq təşkilatlar və güc mərkəzlərinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşma prinsipinə sədaqət nümayiş etdirmələri. Artıq bu məsələ üçün də beynəlxalq şərait yetişib. Əgər Paşinyan sadalanan faktları etiraf edib Azərbaycanın ərazi bütövlüyünü tanımasa, heç şübhəsiz ki, onun da taleyi Sarkisyanın taleyindən fərqlənməyəcək.
Nurlan