Kim cəzalandırılmalıdırsa cəzalandırılacaq

Sahib Alıyev: "Hansı nəticə çıxarılmalıydısa, ümid edirəm ki, artıq çıxarılıb" 
 

Bu günlər Azərbaycan cəmiyyəti bir daha birlik və bərabərliyini, dövlətin, dövlətçiliyin yanında olduğunu sübuta yetirdi. Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində paytaxt və bir çox regionların elektrik enerjisi ilə təminatında yaranmış qısamüddətli problemi az qala fəlakətə çevirməyə, bununla cəmiyyəti hakimiyyətə qarşı qaldırmağa çalışan məlum qüvvələrin bu cəhdi alınmadı. Xalq, ictimaiyyət baş vermiş hadisənin heç də hakimiyyətin günahı olmadığını dərk etdiyindən məkirli qüvvələrin daha bir pozuculuq cəhdinə layiqli cavab verdi.

Baş vermiş məlum qəza ilə əlaqədar Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi mövqe, həmrəylik ötən gün dövlət başçısı Cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Prezidentin yanında keçirilən müşavirədə dövlət başçısı bildirdi ki. Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstəriblər: "Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilib. Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birlərinə kömək göstərmişlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur".

Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi soyuqqanlılıq və həmrəylik əksər ekspertlər tərəfindən də müsbət qiymətləndirilib və təqdir olunub. Eyni zamanda müvafiq qurumların məsələyə olan məsuliyyətsiz davranışı, zamanında adekvat addımlar atmaması da tənqid olunub. Millət vəkili Sahib Alıyev deyib ki, bir neçə gündür ölkəmiz elektrik qıtlığı baxımından bəzi yerlərdə bir-iki saat, bəzi yerlərdə daha çox təqribən olmaqla  90-cı illərin əvvəlindəki vəziyyətlə üzləşib. Onun sözlərinə görə, bu texnogen qəza nəticəsində baş vermiş bir olaydır ki, ondan da heç bir dövlət sığortalanmayıb: "Onlarla örnək gətirmək olar, ancaq bir çoxları bu haqda yazdıqlarından xatırlatmağa ehtiyac duymuram.
İnsanların adət etdikləri həyat tərzi pozulursa, təbii ki, bu müəyyən narazılıq doğrumalıdır, hər yerdə də doğurur. Amma heç yerdə bizdəki bəziləri kimi bundan faydalanaraq öz dövlətlərini aşağılamağa çalışmırlar. Halbuki heç də hər yerdə dövlət institutları Azərbaycandakı sayaq tez bir zamanda toparlanaraq yaranmış problemi operativcəsinə çözə bilmirlər. Əgər Mingəçevir İES-də qəza baş veribsə və bu qəza ölkənin enerji sistemini iflic vəziyyətinə salaraq böyük problemlər yaradıbsa, demək, bu sahədə nöqsan və çatışmazlıqlar var. Nədir bunlar və ona görə kimlər məsuliyyət daşıyır, heç şübhəsiz ki, o müəyyənləşdiriləcək. Cənab Prezidentin tapşırığıyla yaradılan komissiya həm də bunun üçündür. Eyni zamanda o da müəyyənləşdiriləcək ki, fors-major halda ayrı-ayrı qurumlar necə işlədilər, belə bir vəziyyətə kim nə dərəcədə hazır idi. Yəni kim cəzalandırılmalıdırsa cəzlandırılacaq, hansı nəticə çıxarılamlıydısa, ümid edirəm ki, artıq çıxarılıb". 
Millət vəkili Sahib Alıyev onu da qeyd edib ki, ancaq cəmiyyət olaraq bizim də nəticə çıxarmağımız vacibdir: "Müvəqqəti işıqsızlığa görə haray-həşir salmaqdan, kimlərləsə haqq-hesab çürütməyə cəhddən, lağ-lağılıqdan başqa biz nə etdik? Eyni vəziyyətlə üzləşən başqa cəmiyyətlərdə hamı olmasa da yüzlərlə, minlərlə adam dövlətinə öz dəstək və köməyini təklif edir. Biz necə, aramızda nə qədər adam bu haqda düşündü? Bilirsiniz, vətəndaş cəmiyyəti deyirik, amma bu cəmiyyətə haqq etmək üçün ilk növbədə özümüz vətəndaş olmağı bacarmalıyıq.  O ki qaldı doxsanıncı illərin əvvələrdində hakimiyyətdə olanların və onların yan-yörəsindəkilərin baş vermiş bu olaya görə təkcə ölkə rəhbərliyinin deyil, bir çox hallarda olduğu kimi yenə dövlətin üzərinə getmələrinə, mən nə qədər desəm də bunların hərəkətlərinə daha təəccüblənməyəcəm, amma yenə təəccübləndim.  Əvvəldə də vurğuladım, sizin dövrünüzdə axı Azərbaycanda vəziyyət həmişə texnogen qəza üzündən üzləşdiyimiz son iki gündəki kimi, hətta ondan da pis idi. Və təkcə elektrik qıtlığı yaşamırdı bu məmləkət, çörək növbələri, ərzaq çatışmazlığı yaddan çıxmasın gərək. Gərək o da yaddan çıxmasın ki, bəzi əli silahlı cinayətkar ünsürlər o zaman şəhər və kəndlərimizdə necə at oynadırdılar. Bu baxımdan fərqlənən şəhərlərdən biri də Gəncə idi. Gəncənin adını həm də ona görə çəkdim ki, dünən texnogen qəza üzündən müəyyən problemlər yaşandığı bir vaxtda bu şəhərin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə cəhd edildi. Belə görünür ki, bunu edən 90-cı illərin əvvəlində Gəncədə at oynadan quldurlarla eyni psixologiyanın daşıyıcısıdır. Şükürlər osun ki, ölüm-itim olmadı və cinayətkar da tutuldu. Yəqin izləyənlər görürlər, o kəsim ki texnogen qəza üzündən yaranmış problemə görə dövlətimizi aşağılayır, çeşidli yaramazlıqlar edirdilər, həmən cinayətkarı da az qala milli qəhrəmana çevirməyə çalışdılar. Bu da təbiidir. Çünki belə hallar onlara keçmişlərini xatırladır, sözün hər anlamında qaranlıq keçmişlərini. Amma həmin cinayətkarın tez bir zamanda tutulması, elektrik çatışmazlığıyla bağlı problemin operativcəsinə yoluna qoyulması üçün görülən kompleks tədbilər onu göstərir ki, o keçmiş elə keçmişdə də qalacaq. Çünki bu ölkənin başında İşıqlı Adam durur. Və cəmiyyət də 90-cı illərin əvvəllərindəki kimi işıqsız qalmaq istəmir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31