Azərbaycan xalqı daima dövlətçiliyini dəstəkləyib

Və istənilən situasiyada birlik nümayiş etdirib

Azərbaycanın son dövrlərdə hərbi sahədə əldə etdiyi nailiyyətlər ətrafımızdakılar, yaxın və uzaq qonşularımız tərəfindən diqqətlə izlənməkdə, müşahidə olunmaqdadır. Azərbaycana dost və qardaş, strateji tərəfdaş, müttəfiq olan ölkələr hərbi sahədə əldə etdiyimiz nailiyyətlər, uğurları sevinclə qarşıladığı halda, Bakının hər hansı bir sahədə inkişaf etməsini, irəli getməsini istəməyən dövlətlər və dövlətciklər isə bunu qısqanclıqla, hətta təşvişlə qarşılayırlar. İyunun 26-da Azərbaycanın paytaxtında keçirilən möhtəşəm paraddan sonra genişmiqyaslı hərbi təlimlərin keçirilməsi ölkəmizə qarşı düşmən mövqedə dayanan, ərazilərimizin 20 faizə yaxını işğala məruz qoyan Ermənistan tərəfindən ciddi təlaş, təşvişlə qarşılanır. Son 2 həftə ərzində Azərbaycanın hərbi sahədə etdiyi manevrlər, eləcə də nümayiş etdirdiyi hərbi potensial işğalçı Ermənistanı təxirəsalınmaz tədbirlər görmək məcburiyyətində qoyub. Düşmən ölkənin kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, Ermənistan rəhbərliyi Azərbaycanın nümayiş etdirdiyi hərbi potensialdan qorxuya düşərək cəbhə xəttində adekvat addımlar atmağı qərarlaşdırıb. Belə tədbirlərdən biri kimi Ermənistanın daxili qoşunlarının cəbhə xəttinə yeridilməsi olub.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə İrəvanın bu addımını Azərbaycandan ehtiyat etmək kimi dəyərləndirib.

O, bildirib ki, 26 iyun paradından sonra keçirilən hərbi təlimlər Ermənistanda ciddi şəkildə qorxu yaradıb: "İyulun 2-dən 6-a kimi Azərbaycan Müfafiə Nazirliyi geniş miqyasda 20 minlik şəxsi heyətin iştirakı ilə ərazilərin işğaldan azad olunmasına hesablanan hərbi təlimlər keçirir. Qeyd edək ki, bu hərbi təlimlər Cənubi Qafqaz regionunda şəxsi heyətin və zirehli texnikanın iştirakı ilə keçirilən ən böyük təlimlərdi. Ermənistan və Rusiya təbii ki, ölkəmizin bu kimi uğurlu və taktiki təlimlərindən natahatdır. Rusiya istəməz ki, güclü orduya sahib olaq".

Politoloq deyib ki. ölkədə keçirilən hərbi parad, bunun ardınca hərbi təlimlər daxildə Rusiyaya bağlı 5-ci kolonda qəzəb doğurur: "Unutmayaq ki, Rusiyanın ölkəmizdə köklü dayaqları var, onlar müxtəlif düşərgələrdə təmsil olunurlar. Tarix boyu ölkəmizin müstəqilliyinə və ərazilərimizin işğalında bu qüvvələr xüsusi rol oynayıb. Hazırda SSR dövründə yüksək post tutmuş şəxslər indi də məsul vəzifədədirlər, onların qibləsi məhz Rusiyadır. Cənubi Qaz Dəhlizinin və onun əsas seqmenti olan TANAP-ın işə düşməsi, Qərblə enerji sahəsində uğurlu əməkdaşlıq şimal qonşumuzu narahat etməyə bilməzdi. Əgər, uzaq İtaliya parlamentində Rusiya TANAP və onun Avropa hissəsi olan TAP-a qarşı etiraz təşkil edə, siyasi təxribatlara oradakı partiyaları sövq edə bilirsə, Bakıda Kremlin bunu etməsi iki vur ikidir. Çünki, nə qədər ki, Rusiyaya bağlı olan şəxslər önəmli postlardadırsa, biz belə təxribatlarla üzləşə biləcəyik".

Məhəmməd Əsədullazadə deyib ki, Rusiyaya bağlı olan şəxslər bir başa Sergey Lavrovun kurasiyasındadırlar: "Sergey Lavrov da Ermənistanın Rusiyada əsas himayəçisi və ölkəmizə qarşı təxribatlar edən mərkəzin rəhbəridi. Rusiyanın siyasi-ictimai adamlarını ölkəmizə gətirilməsi, Cocuq Mərcanlıda konfrans düzənlənməsi və buradan verilən mesajlar bir növ Rusiyada erməni cəbhəsinə hücumun əsas tərkib hissəsidir". Mərkəz rəhbəri onu da diqqətə çatdırıb ki, regionumuzda hadisələr dəyişə bilər: "Yuxarı eşalonda revanş və intiriqalar yalnız dövlətçilimiyə zərbə altına alır. Mütləq şəkildə milli qüvvələr qabağa çəkilməli, orduda və strateji əhəmiyyət kəsb edən postlarda gənc nəsil təmsil olunmalıdır. Sovet -rus nomenklaturasının üzvləri önəmli vəzifələrdən uzaqlaşdırılmalıdır. Hazırda Ermənistanla müharibə şəraitindəyik. Ermənistan üzərində hərbi-psixoloji üstünlüyümüz, Naxçıvanda uğurlu Günnüt hərbi əməliyyatı və işğalçı ölkəyə davam edən təzyiqlər fonunda daxildə bu kimi dövləti təxribatlara cəhd edənlər, bir mərkəzdən idarə olunur".

Politoloq onu da deyib ki, Azərbaycan xalqı daima dövlətçiliyini dəstəkləyib və istənilən situasiyada birlik nümayiş etdirib: "Fürsətçilər və daxili problemlərə yol açanlar var və bundan sonra da olacaq. Əsas odur ki, problemləri dəf edə bilək"

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31