İrana qarşı qurulan yeni oyun

Birləşmiş Ştatlar bir tərəfdən uzun illər özünə düşmən hesab etdiyi Şimali Koreya ilə münasibətləri tənzimləyib Pxenyanla yeni bir səhifə açmağı hədəflədiyi halda, digər tərəfdən Barak Obama zamanında bir qədər isti münasibətlər yaranan İran İslam Respublikası ilə yenidən sərt tonda danışmağa üstünlük verir. Hər halda bir neçə il əvvəl İranla imzalanmış sənəddən imtina edilmə, Qərb, Avropa dövlətlərinin Tehrana qarşı səfərbər edilməsi, eləcə də cənub qonşumuza qarşı sanksiyaların bir qədər sərtləşdirilməsi bütün bu deyilənləri təsdiqləyir. Hazırda İran İslam Respublikasına qarşı tətbiq edilən sanksiyalar elə bir həddə və səviyyədədir ki, bu sanksiyalar onsuz da yaxşı vəziyyətdə olmayan İran iqtisadiyyatını kifayət qədər böhranlı hala sala bilər. Hər halda əksər ekspertlər, politoloq da belə düşünürlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Birləşmiş Ştatların İran İslam Respublikasına qarşı sanksiyaları, əvvəlki sanksiyalardan fərqli olaraq, daha da sərt və ölkə iqtisadiyyatını defolta apara biləcək səviyyədədir. Onun sözlərinə görə,  İranın Yaxın Şərqdə siyasi-hərbi fəaliyyəti, Birləşmiş Ştatlarla vəkalət müharibəsi aparması, Ağ Ev rəhbəri Donald Trampın Altılıq ölkələri ilə Tehran arasında imzalanmış nüvə sazişindən çıxmasını şərtləndirdi: "Çünki, bu müqavilənin nəticəsində İrana qarşı sanksiyalar ortadan qalxdı. Nəticə etibarilə rejim iqtisadi inkişafdan istifadə edərək, Yaxın Şərqdə silahlı birləşmələri maliyyələşdirdi və bir neçə arealda müharibəyə qoşuldu. Suriya, Yəmən və İraqda İranın rolu danılmaz faktdır. Yəməndə İranın dəstəyi ilə Husi üsyançıları Ərəb koalisiyası ilə şiddətli müharibə aparır, ballistik raketlərlə Səudiyyənin iqtisadi mərkəzlərini hədəf alır. İranın bu siyasətinin qarşısını almaq üçün Birləşmiş Ştatların müqaviməti iqtisadi sferada özünü göstərir. Artıq tətbiq edilməkdə olan sanksiyaların nəticəsində İran milli pulu dollar qarşısında ucuzlaşıb, əhalinin gəlirləri və alıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə azalıb. Qeyd edək ki, Tehran rejimi sanksiyaların nəticəsində ağır duruma düşüb və rejim daxilində mühafizəkarlarla islahatçıların qarşıdurması gərginləşib. Ali dini rəhbərə bağlı olan qruplar hökuməti ölkənin iqtisadi böhrana düşməsində günahlandırır və onu istefaya səsləyir". Məhəmməd Əsədullazadənin sözlərinə görə, görünür ötən il dekabr ayında baş verən sosial etirazlardan hakimiyyət dərs çıxarmayıb: "Ölkənin əsas maliyyə imkanları, iqtisadi inkişafa deyil, xarici hərbi əməliyyatlara yönləndirilir. Tehranda baş verən etirazlar sanksiyaların təsirindən ağırlaşan sosial vəziyyətlə əlaqədardır. İran xalqı, artıq indiki rejimi iqtisadi inkişafın qarşısını alan mane kimi görür, və cəmiyyət xaricdə aparılan müharibənin İrana aidiyyatı olmadığının qənaətindədir. Tehranda etiraz nümayişlərində şüarlara diqqət etsək, bunu açıq formada görə bilərik".

Politoloq deyib ki, Birləşmiş Ştatların sanksiyalarına tədricən Avropa İttifaqının qoşulması və nəhayət bu ilin noyabrın 4-ə kimi İrandan neft idxalına məhdudiyyətin tətbiq olunması ölkədə sosial partlama, inqilabla nəticələnə bilər: "İndiki etirazlar növbəti kütləvi aksiyalar üçün başlanğıcdı. Birləşmiş Ştatların sanksiyalar tətbiq etməkdə əsas məqsədi daxili etirazları rejim əleyhinə yönləndirməklə, inqilabla sistemi dəyişməkdir. Bununla, İranın Yaxın Şərqdə hərbi fəaliyyətinə son verib, özünə loyal hakmiyyət formalaşdırmaqdır. Hazırda İranda daxili siyasi vəziyyət gərginləşir. Parlament Ali dini rəhbərin göstərişi ilə Ruhani hökumətinə qarşı impiçmenti həyata keçirə bilər. İslahatçılara müxalifət olan mühafizəkarlar mötədil siyasətçi Ruhanini devirib, hakimiyyəti ələ almağı planlayır. Onlar hazırkı iqtisadi problemi və etirazları Ruhanin səriştəsiz siyasətində görürlər. Göründüyü kimi İranda sosial-iqtisadi və siyasi gərginlik inkişaf edir. Bunun yaxın zamanlarda daha da vüsət alacağı gözlənilir. İran artıq siyasi sabitsizliyə qədəm qoyur.
Əgər, İranda hakimiyyətə mühafizəkarlar gələrsə, Azərbaycanla siyasi-iqtisadi əlaqləri korlaya bilərlər. Mahmud Əhmədi Necat dövründə olduğu kimi münasibətlər soyuya bilər. Bundan əlavə Xəzərin statusu ilə əlaqədar razılaşdırılmış müqavilədən İran çıxa bilər. Bununla da Xəzərin hüquqi statusunun müəyyən olunması, təxirə salınar".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31