Milli Məclis 2018-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqlədi
29 İyun 2018 16:15 SiyasətSamir Şərifov: "Gəlirlərimiz artanda, o artımın hamısını xərcləməməliyik"
Milli Məclisin iyunun 29-da keçirilən növbədənkənar sessiyasının son iclasında 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Millət vəkili, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, Azərbaycan iqtisadiyyatı 3.2 dəfə artıb. Ölkənin valyuta ehtiyatları Ümumi Daxili Məhsula bərabər səviyyədədir: "Əldə olunan uğurlar ölkə rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. "Dövlət Neft Fondunun gəlirləri 5.2 milyard dollar artıb. Gömrük Komitəsində proqnozlar uğurla icra edilib"-deyə Z.Səmədzadə qeyd edib. Deputatın fikrincə, Maliyyə Nazirliyi və Mərkəzi Bank arasında əməkdaşlıq genişləndirilməlidir ki, ölkənin maliyyə sistemi daha da təkmilləşsin: "Əgər qurumlar arasında birgə əməkdaşlıq həyata keçirilərsə, uğurlarımız daha da çox olar". Qanun layihəsi barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirib ki, 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri 22,11 mlrd. manat, xərcləri isə 23,061 mlrd. manat məbləğində nəzərdə tutulur. Nazir qeyd edib ki, büdcənin gəlirlər hissəsi Ümumi Daxili Məhsulun (ÜDM) 29,6%-ni təşkil etməklə 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1,983 mlrd. manat və yaxud 9,9%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 5 593,3 mln. manat və yaxud 33,9% çoxdur: "Yenidən baxılma ilə dövlət büdcəsinin xərclərinin 2,014 mlrd. manat artırılması nəzərdə tutulur. Bu da təsdiq olunmuş proqnoza əsasən, 9,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 466,5 mln. manat və yaxud 31,1% çoxdur. Artımdan sonra dövlət büdcəsinin xərclərinin cari ilin sonuna gözlənilən ÜDM-in 30,9%-inə bərabər olacaq ki, bu da təsdiq edilmiş göstəricidən 0,6 faiz bəndi, 2017-ci ilin faktiki icra göstəricisindən 5,8 faiz bəndi çoxdur. 2018-ci ilin yenidən baxılan dövlət büdcəsinin kəsiri təsdiq edilmiş göstəriciyə nisbətən 31 mln. manat artırılaraq 951 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin sonuna gözlənilən ÜDM-nin 1,3%-nə bərabər olacaq. Kəsirin bu artımı dövlət büdcəsinin 2018-ci il 1 yanvar tarixinə mövcud olan vahid xəzinə hesabının qalığı hesabına örtüləcək". Nazir qeyd edib ki, bu ilin beş ayında neftin orta qiyməti 71,1 dollar/barel olub, hazırda 78 dollar/bareldən çoxdur. 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barrelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 dollar artırılaraq 55 dollara çatdırılması nəzərdə tutulur. Bunun müqabilində cari ilin sonunadək ARDNF-nə əlavə olaraq gözlənilən 5 mlrd. 600 mln. manat daxilolmaların 1 mlrd. 750 mln. manatının dövlət büdcəsinə transfert edilməsi, gömrük inzibatçılığının gücləndirilməsi və digər islahat tədbirlərinin keçirilməsi hesabına Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsində nəzərdə tutulan gəlir proqnozunun 725 mln. manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirlərinin 35 mln. manat artırılması, 2018-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 31 mln. manat istifadə olunması nəzərdə tutulur. Nazir əlavə edib ki, Azərbaycanın dövlət büdcəsi siyasəti kontur-tsiklik olmalıdır:"Bizim sərəncamımızda kifayət qədər ehtyatlar olmalıdır ki, bu siyasəti həyata keçirək". Onun sözlərinə görə, "2017-ci il dövlət büdcəsi haqqında" qanununun tətbiqinin mahiyyəti ondan ibarətdir ki, bu qanunun tətbiqi ilə maliyyə intizamı yaradılır: "Qanunun tətbiqi zamanı xərclərin yuxarı həddində uzun və orta müddətli limitlər tətbiq olunur. Digər tərəfdən, bizim üçün vacib olan meyar gəlirlərin dəyişkənliyidir. Bunun üçün qanunun tətbiqi ilə gəlirlərin dəyişkənliyindən qoruyucu mexanizmlər işə salınır. Bu o deməkdir ki, bizim büdcə siyasətimiz kontur-tsiklik olmalıdır. Yəni bizim gəlirlərimiz artanda, o artımın hamısını xərcləməməliyik. Gəlirlərimiz azalanda isə bizim sərəncamımızda kifayət qədər ehtiyat olmalıdır ki, kontur-tsiklik siyasəti həyata keçirə bilək".
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, Azərbaycanda bir sıra amillər əlavə dəyər vergisi (ƏDV) üzrə büdcə proqnozunun yerinə yetirilməsinə mənfi təsir edir. Onun sözlərinə görə, ƏDV-nin malların idxal əməliyyatları üzrə artması, ölkə ərazisində malların (işlərin, xidmətlərin) təqdim edilməsi əməliyyatları üzrə isə azalması meyli vergi orqanları üzrə təsdiq olunmuş müvafiq proqnozların icra olunmaması risklərini artırır: "Ümumiyyətlə, ölkə üzrə istehlakın davamlı artımı şəraitində 2016-cı ildən etibarən dövlət büdcəsinə təmin olunan ƏDV-nin gömrük orqanları üzrə artması, vergi orqanları üzrə isə azalması dinamikası ƏDV üzrə vahid inzibatçılıq modelinin tətbiqini zəruri edir".
Ardınca millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirələrini davam etdiriblər. Əvvəlcə Azərbaycan Milli Məclisinin deputatının mandatının Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən ləğvinin mübahisələndirilməsinə dair iddia üzrə icraatın müəyyənləşdirilməsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verərək bildirib ki, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə İnzibati Prosessual Məcəlləyə yeni VIII-I Fəslinin (Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair iddia üzrə icraat) əlavə edilməsi təklif olunur. Fəsilə aid 130-1 maddəsində Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında MSK qərarının mübahisələndirilməsinə dair iddia üzrə icraatın xüsusiyyətləri göstərilir: Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında MSK qərarının mübahisləndəriilməsinə dair iddia ərizəsi apellyasiya instansiyası məhkəməsinə həmin qərar rəsmi dərc edildiyi gündən 10 gün müddətinə verilir. Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında MSK qərarının mübahisləndəriilməsinə dair iddia ərizəsinə məhkəmə tərəfindən 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin və MSK nümayəndəsinin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verə bilər. Ali Məhkəmə şikayətə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb qərar qəbul etməlidir. Layihə səsə qoyularaq qəbul olunub. Sonra Azərbaycana daxil olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı ilə bağlı müddətin dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə Miqrasiya Məcəlləsinin 21-ci(Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə dəyişiklik edilməsi ilə bağlı layihə təqdim olunub. Layihəyə əsasən, artıq Azərbaycanda 10 gündən yox, 15 gündən artıq müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Qanun layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova bildirib ki, son vaxtlar ölkəyə gələn bir sıra əcnəbilərin milli dəyərlərə zidd hərəkətləri, əsasən də yerli xanımlara qarşı davranışları ciddi narahatlıq doğurur: "Ona görə də, yaxşı olardı ki, biz bu davranışa görə ilk halda cərimə tətbiq ediriksə, təkrar olunduğu halda, həmin əcnəbini ölkə hüdudlarından kənara çıxaraq. Düşünürəm ki, bu, müvafiq problemin aradan qalxmasına yardım edəcək". Milli Məclis həmçinin yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə dəyişiklik edib. Belə ki, "Yol hərəkəti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, nisbətən yüksək sürət rejimi (80 km/saat və artıq) olan yolları qaydalardan kənar yerlərdə keçən piyadalar üçün cərimə 20 manatdan 40 manata artırılıb. Milli Məclisin iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər də müzakirəyə çıxarılıb. Dəyişiklik barədə maliyyə naziri Samir Şərifov məlumat verib. O deyib ki, dəyişiklikliyə əsasən, idxal zamanı aksiz vergisindən azad olunan spirtli içkilərin həcmi 2 dəfə, siqaretin həcmi isə 3 dəfə azaldılır. Bununla da fiziki şəxslər fərdi istehlak üçün 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər. Bundan əvvəl 3 litr spirtli içkinin, 600 ədəd siqaretin fərdi istehlak üçün Azərbaycan ərazisinə gətirilməsi aksizdən azad idi. Dəyişiklik səsə qoyularaq qəbul olunub. Bununla da Milli Məclisinin növbədənkənar sessiyası dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Alim