Müsavat qurultaya necə gedir? TƏRS BAXIŞ

Ardıcıl istefalar və partiyadaxili münaqişələr təşkilatın sıralarını sürətlə seyrəldir

Artıq bir neçə müddətdir ki, Müsavat partiyası qurultay keçirmək qərarı verib və nə qədər qəribə görünsə də, qurultaya qədər təşkilat sıralarından bir neçə dəfə səsli-küylü istefalar baş verib. Hətta partiyanın yaranmasında, siyasi cameəyə daxil olmasında kifayət qədər zəhmətləri olan aparıcı funksionerlər belə, hazırkı başqan Arif Hacılının təsirindən qurtulmaq üçün, Müsavat sıralarını tərk ediblər. Buna misal kimi, başqanın müavinləri Elman Fəttahı, Tofiq Yaqublunu, Yadigar Sadıqovu və sairlərini göstərmək olar. Əgər nəzərə alsaq ki, Müsavatın əvvəlki qurultayından sonra Vurğun Əyyub, Qubad İbadoğlu, Səxavət Əlisoy, Tural Abbaslı kimi insanlar da etirazlı şəkildə partiyadan istefa veriblər, bu zaman aydın görünür ki, növbəti gedişlər qaçılmazdır.

Arif Hacılı partiyanın quruculuğunda əməkləri keçənlərin qarşısını ona görə almır ki, növbəti qurultayda ona qarşı heç bir rəqib olmasın

Lakin bütün bunlara rəğmən, məhz sabiq başqan İsa Qəmbərin təkidi ilə, yəni saxtakarlıq yolları ilə başqan seçilən Arif Hacılı baş verənlərə etinasız yanaşır, demək olar ki, təşkilatın nüvəsini təşkil edən şəxslərin istefalarına heç bir reaksiya vermir. Sanki o, elə bunu gözləyirmiş...

Digər tərəfdən, sirr deyil ki, A.Hacılı partiyanın quruculuğunda əməkləri keçənlərin qarşısını ona görə almır ki, növbəti qurultayda ona qarşı heç bir rəqib olmasın. Hətta namizədlər olsa belə, onların namizədlikləri formal olaraq görünsün. Misal üçün, Hacılı qruplaşmasının daxilində yer alan Gülağa Aslanlı və başqaları qurultayda başqanlığa namizəd kimi irəli sürülə bilərlər, ancaq onlar ya namizədliklərini A.Hacılının xeyrinə geri götürəcək, ya da qəsdən uduzacaqlar. Necə deyərlər, gözdən pərdə asmaq üçün.

Müsavatın qurultaya qədər tamamilə parçalanmasını da istisna etmək olmaz

Bu arada, elə G.Aslanlı mətbuata açıqlamasında deyib ki, qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılıb və komitə qurultayın keçirilməsi üçün lazım olan tədbirləri həyata keçirməlidir. Onun sözlərinə görə, sədrlik üçün namizədlərin irəli sürülməsinə start verilməsə də, yerlərdə konfranslar keçiriləndən sonra qurultayın zamanı, məkanı bəlli olacaq.

Beləliklə, G.Aslanlı ümumiyyətlə, yeni heç nə deməyib və sadəcə qurultayın keçiriləcəyi barədə danışıb. Bu isə həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, A.Hacılı əlində olan bütün rıçaqlarını işə salaraq, yenidən başqan seçilmək iddiasındadır. Hətta bunun üçün baş verəcək növbəti istefaları gözə alıb. O cümlədən, sabiq başqan İ.Qəmbərin baş verənləri susqunluqla izləməsi maraq doğurur. Daha dəqiq desək, eks-başqan da A.Hacılının başqan postunu əlində saxlamasının tərəfdarı olaraq çıxış edir. Bu amil isə partiya daxilində real parçalanmalara səbəb olur. Hər halda, Müsavatın qurultaya qədər tamamilə parçalanmasını da istisna etmək olmaz.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31