“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur”
YAP Siyasi Şurası və Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Universitetində “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda mühazirə söyləyib.
11 Dekabr 2017 19:58 SiyasətYAP Siyasi Şurası və Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Universitetində "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur" mövzusunda mühazirə söyləyib.
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurası və Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Universitetində "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur" mövzusunda mühazirə söyləyib. Mühazirədən öncə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov tələbələri salamlayaraq "İki sahil" qəzetinin baş redaktoru ilə görüşün mühüm əlamətdar günlər ərəfəsinə təsadüf etdiyini bildirib.
2018-ci idə Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinin qeyd olunacağını qeyd edən prorektor söyləyib ki, ölkəmiz bu illər ərzində keşməkeşli yollardan keçərək indiki inkişaf səviyyəsinə gəlib çatıb.
Sonra çıxış edən Vüqar Rəhimzadə Azərbaycan dövlətinin inkişaf tarixindən söz açaraq bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz 26 il müddətində ortaya 100 il müstəqillik tarixinə malik olan ölkələrdən daha yüksək təcrübə qoya bilib. 1990-ci illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr haqqında danışan baş redaktor söyləyib ki, ölkəmiz XX əsrin 90-cı illərinin əvvəllərində xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı: "O zaman insanlar çörəklə sınağa çəkilirdi. Məhz həmin dövrdə siyasi və silahlı qruplaşmaların fəaliyyəti nəticəsində ölkəmizdə özbaşınalıq, hakimiyyətsizlik hökm sürürdü. O dövrdə iqtidarda olan vəzifə hərislərinin yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz ağır vəziyyətə düşmüşdü. Vətəndaş müharibəsi başlamışdı. Ümumilikdə Azərbaycanın dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. Müstəqillik haqqında Akt qəbul olunmasına baxmayaraq müstəqilliyin atributlarından söhbət gedə bilməzdi. Yalnız xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan bütün bu bəlalardan qurtula bildi. İqtisadi inkişafın təməl prinsipləri yarandı, uğurlu neft müqavilələri imzalandı, vahid ordu quruculuğu formalaşdırıldı, ictimai-siyasi sabitlik yarandı. Əgər o zaman ictimai sabitlik təmin olunmasaydı bu gün siyasi sabitlikdən danışa bilməzdik".
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra neft müqavilələrinin imzalanması Azərbaycanın bugünkü güclü iqtisadiyyatının təməlini qoydu: "Məhz ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafının əsası qoyuldu. Bundan sonra ölkədə mükəmməl qanunvericilik bazası formalaşdırıldı, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu sahəsində uğurlu addımlar atıldı, insan hüquq və azadlıqlarının daha mükəmməl təminatı istiqamətində mühüm islahatlar həyata keçirildi. Bir sözlə ifadə etsək deyə bilərik ki, bu gün Azərbaycan uğurla inkişaf edir və bu uğurun arxasında Ulu Öndərin uzaqgörən və düşünülmüş inkişaf strategiyası dayanır."
Bu gün müstəqil, qüdrətli Azərbaycan dünyanın demək olar bütün beynəlxalq təşkilatlarının tam hüquqlu üzvüdür. Azərbaycan dünya siyasətində qətiyyətli mövqeyi malikdir. Azərbaycanda atılan bütün addımlar, verilən bütün qərarlar insan amilinə söykənir. Vətəndaşlarımızın daha yaxşı yaşaması üçün lazımi addımlar atılır. Bu aparılan dövlət siyasətinin aparıcı ana xəttini təşkil edir.
"İki sahil" qəzetinin baş redaktoru qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda söz və mətbuat azadlığından danışmaq qeyri-mümkün idi: "1998-ci ildə Ümummilli Liderin müvafiq Fərmanı ilə mətbuat üzərindən senzura götürüldü. Bununla da azad mətbuatın inkişafına əngəl yaradan süni maneələr aradan qaldırıldı. Həmçinin KİV-in maddi-texniki bazası möhkəmləndirildi, mətbuat işçiləri ilə mütəmadi görüşlərin ənənəsi yaradıldı. Bu diqqət və qayğının nəticəsi olaraq ulu öndər Heydər Əliyev 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görüldü. Heydər Əliyev ideyalarının layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün ölkəmizdə söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilir. Möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə KİV-in İnkişafına dövlət dəstəyi konsepsiyasının təsdiqlənməsi, bu sənədə uyğun olaraq cənab Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bir daha bunu təsdiqləyir. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzalanan davamlı sərəncamlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Jurnalistlərin mənzil-məişət problemləri önə çəkildi. İlk Sərəncam 2010-cu ildə Milli Mətbuatımızın 135 illiyi ərəfəsində imzalandı. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Milli mətbuatın 138 illiyində həmin binanın açılışı oldu. 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina jurnalistlərin istifadəsinə verildi. Ev alan jurnalistlər arasında heç bir ayrı-seçkiliyin qoyulmaması, yəni siyasi mövqeyindən asılı olmayaraq, bütün media nümayəndələrinin bu qayğıdan bəhrələnməsi dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının bariz nümunələrindən biri idi. Bu il iyulun 20-də isə jurnalistlər üçün tikilmiş növbəti 256 mənzilli binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxış edən cənab Prezident İlham Əliyev bir sıra mühüm tezisləri diqqətə çatdırdı. "Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır" deyən möhtərəm Prezidentimiz bir daha jurnalistlərə diqqət və qayğı ilə yanaşdığını xüsusi olaraq vurğuladı."
Mətbuat Şurası İdarə Heyətinin üzvü əlavə edib ki, bu il Azərbaycan üçün kifayət qədər mühüm tarixi məqamlarla yadda qalacaq: "Beynəlxalq birliyin diqqət mərkəzində olan "Yeni əsrin müqaviləsi"nin imzalanması, üstəlik bu günlərdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi və digər Azərbaycanımız üçün çox böyük əhəmiyyəti olan tarixi hadisələr bunun bariz nümunəsidir. Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçərək Türkiyənin Qars şəhərinə gedən, beləliklə Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirən bu dəmir yolu xətti ölkəmizə böyük siyasi və iqtisadi dividentlər gətirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı çox böyük tarixi hadisədir. Yadınızdadırsa, 2005-ci ildə BTC-nin Azərbaycan hissəsinin açılışında BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə, 2007-ci ildə isə dəmir yolu xəttinin tikintisinə başlanması ilə əlaqədar saziş imzalandı. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Bakı-Tbilisi-Qars layihəsinin reallaşmasında məhz Azərbaycanın böyük rolu olub. Bu amil isə bir daha onu göstərir ki, Azərbaycan regional və qlobal əhəmiyyətli layihələrin əsas iştirakçısı və təşəbbüskarıdır. Bu layihənin reallaşması Azərbaycan, Türkiyə və Gürcüstanın birliyinin yüksək səviyyədə olduğunu göstərir: "Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində çıxış edən möhtərəm Prezidentimiz İlham Əliyev bir sıra mühüm məqamlara aydınlıq gətirdi. Ölkəmizin başçısı bildirdi ki, çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Lakin üç ölkə sübut etdi ki, bu, mümkündür. Azərbaycanın güclü iradəsi, qarşılıqlı dəstək, inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun sübutudur. Cənab Prezidentimiz regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyənin bundan sonra da daim bir yerdə olacaqlarına, bir-birini dəstəkləyəcəklərinə əminliyini ifadə etdi. Hesab edirəm ki, bu əməkdaşlıq region və dünya üçün təhlükəsizlik, sülh və inkişaf vəd edir."
YAP Siyasi Şurasının üzvü çıxışının sonunda tələbələrin diqqətinə bu günlərdə partiyanın 25 yaşının qeyd edildiyini çatdırıb: "Bugünkü görüşümüzün Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ərəfəsində baş tutması çox mühümdür. Çünki, YAP öz qətiyyətli mövqeyi ilə xalqa xidmət nümunəsini ortaya qoyur. Partiyamızın özünəməxsus dəyərləri, xalqımız, dövlətimiz üçün böyük töhfələri var. YAP Azərbaycanın həyatına siyasi mədəniyyət gətirdi. Mən bütün partiya üzvlərini yubiley münasibətilə ürəkdən təbrik edirəm".
Bir sözlə, bu gün müasir, qüdrətli Azərbaycan dövləti dünya birliyində öz layiqli yerini tutmaqdadır. Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin Heydər Əliyev ideyalarına söykənərək Azərbaycanımızı daha yüksək zirvələri fəth etməsi üçün uğurlu siyasət aparır. Biz də dövlət başçımız cənab İlham Əliyevin həyata keçirdiyi bu işlərə var gücümüzlə dəstək olmalıyıq, vətəndaşlıq mövqeyi nümayiş etdirməliyik.
Mühazirə diskussiya şəklində davam edib.