Müstəqil xarici siyasətin bariz nümunəsi
Amerika Prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə verdiyi açıqlama siyasi arenalarda müzakirə predmeti olaraq qalmaqdadır. Müsəlman dövlətlərin ciddi narazılığı ilə qarşılanan sözügedən açıqlamaya cavab reaksiyası özünü çox gözlətmədi.
22 Dekabr 2017 18:14 SiyasətBeynəlxalq məsələlərin həllində Azərbaycanın öz mövqeyi var
Amerika Prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə verdiyi açıqlama siyasi arenalarda müzakirə predmeti olaraq qalmaqdadır. Müsəlman dövlətlərin ciddi narazılığı ilə qarşılanan sözügedən açıqlamaya cavab reaksiyası özünü çox gözlətmədi. Belə ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ankaranın təşəbbüsü ilə İstanbulda keçirdiyi sammitdə mühüm bir sənəd qəbul etdi. Təşkilat üzvləri Donald Trampın qərarını kəskin qınayaraq, öz etirazlarını bildiriblər. İƏT-ə üzv dövlətləri beynəlxalq ictimaiyyət Şərqi Qüdsü Fələstin Dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa çağırdılar. Sənəddə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarının hüquqi baxımdan düzgün olmadığı bildirilib: "Bu qərar Fələstin xalqının tarixi, hüquqi, təbii və milli haqlarına bir hücum, bütün sülh cəhdlərinin baltalanması, radikallığı, terrorizmi sürətləndirəcək təhrikedici ünsür, beynəlxalq sülhü və təhlükəsizliyi hədəf alan bir tədiddir. Qüdsü-Şərifin statusunu dəyişdirmək məqsədi daşıyan təhlükəli qərar hökmsüz və qanundan kənardır". Bəyanatda ABŞ prezidentinin qərarının BMT Təhlükəsizlik Şurasının 1980 və 2016-cı ildə qəbul edilən qətnamələrinə zidd olduğu bildirildi.
Ardınca BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib. Bu isə onu göstərir ki, ABŞ-ın müxtəlif rəsmi daitələrinin siyasi maraqlarının müdafiəsi məqsədilə verdikləri ultimatumlar belə işə yaramadı. Daha dəqiq, ABŞ-ın dünyanın yeni xəritəsini çızmaq planı fiaskoya uğramış oldu. Xatırladaq ki, bir müddət öncə BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuz hesab edilmiş və 14 üzv ölkə qətnaməni təsdiq etmişdi. Lakin ABŞ yenə də öz mövqeyində qətiyyətlik nümayiş etdirərək qətnaməyə veto qoymuşdu. ABŞ prezidenti Donald Tramp Baş Assambleyanın qərarından əvvəl ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi. Lakin bütün ciddi cəhdlərə baxmayaraq Baş Assambleyada müzakirələr zamanı 128 üzv ölkə ABŞ-ın qərarını rədd edən qətnamənin lehinə səs verib. 9 ölkə əleyhinə, 35 ölkə isə bitərəf mövqedə olub.
Qərarla razılaşmayan ABŞ BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmamsı haqqında qətnamə layihəsinin əleyhinə səs verən, bitərəf qalan və səsvermədə iştirak etməyən dövlətlərin nümayəndələrinə xüsusi ziyafət verəcəyini bəyan edib. Siyasi ekspertlər isə hesab edirlər ki, BMT-nin qərarı beynəlxalq hüquq olsa da, təzyiq rıçaqlarına malik deyil. Buna baxmayaraq dünya birliyi Qüdsi İsrailin paytaxtı kimi tanımır və tanımayacaq. ABŞ -İsrail tandemi Qüds məsələsində BMT-də uğursuzluğa düçar olsa da, heç də qərarlarından vaz keçməyəcək. ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa da, dünya birliyi İsrailin paytaxtı kimi tanımayınca legitimlik qazanmayacaq. Çünki, BMT-də səs vermə ilə Təl-Əviv İsrailin paytaxtı kimi tanınıb.
Məsələnin bizim üçün maraqlı olan tərəfi Azərbaycanın mövqeyinin nədən ibarət olmasıdır. Qeyd edək ki, Azərbaycan sözügedən məsələ ilə bağlı mövqeyində əvvəldən prinspiallıq nümayiş etdirib. Azərbaycan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunub və məsələ ilə bağlı konkret mövqe nümayiş etdirib. Bəzi müsəlman dövlətlərinin dəyişkən siyasi xətt sərgilədiyi məqamda belə Azərbaycan haqq səsini ucaltmış oldu. Azərbaycan prezidenti İlham Əliyev Zirvə toplantısında bildirdi ki, ABŞ-ın qərarı Fələstin-İsrail münaqişəsinin ədalətli həllinə mənfi təsir edə bilər. Beləliklə Azərbaycan öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq, beynəlxalq hüquq norma və prinsiplərinin tələbələrinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib. Azərbaycanda bu qətnamənin də lehinə səs verməklə müsəlman dünyasının yanında olduğunu sübut etdi. İsraillə strateji tərəfdaşlığımıza baxmayaraq, ABŞ prezidentinin təhdidedici mesajlarına rəğmən Türkiyəni bu savaşda tək qoymadı. Qüds məsələsinə Azərbaycan Qarabağ münaqişəsindən irəli gələrək, BMT-nin qətnamələrini rəhbər tutdu. Bu isə Azərbaycanın nəinki regional, eləcə də beynəlxalq münaqişələrin həllində öz prinspial mövqeyinin olmasına dəlalət edir.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın atdığı konkret addımlarla dəfələrlə müsəlman ölkələrini həmrəyliyə dəvət etməsinə baxmayaraq, həmin dövlətlərin bir çoxu biganə mövqe sərgiləməkdə davam edirlər. Əksər müsəlman dövlətlər İslam həmrəyliyi məsələsində riyakarlıq siyasətində bulunmaqdan belə çəkinmirlər. Üstəlik, bəzi türkdilli dövlətlər, o cümlədən Türkmənistan isə ümumiyyətlə türkdilli dövlətlərin ortaq maraqları, İslam həmrəyliyi prinsiplərinə biganə mövqe nümayiş etdirirlər. Buna rəğmən Azərbaycan İslam dünyasının var gücü ilə möhkəmlənməsinə, milli və dini tolerantlığını daha da genişlənməsinə çalışır. Bundan ötrü konkret addımlar atır, ardıcıl və prinsipial siyasətini davam etdirməklə əhəmiyətli töhvələr verir. Məhz bunun nəticəsidir ki, Bakıda keçirilmiş "2017 - İslam Həmrəyliyi İli" dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfrans yüksək səviyyəli auditoriya toplamışdı. Dünyanın müxtəlif ölkələri, beynəlxalq təşkilatlardan daxil olan təbrik məktubları Azərbaycanın yürütdüyü siyasətə verilən qiymətin bariz göstəricisidir. Bu kimi mühüm beynəlxalq məsələlərin həllində Azərbaycanın nümayiş etdirdiyi mövqe beynəlxalq hüququn aliliyinə hörmətin, sülhün və təhlükəsizliyin, tolerantlığın möhkəmlənməsinə əməli töhfənin bariz nümunəsidir.
Alim