Rusiyanın Cənubi Qafqazla bağlı yeni planları
Müntəzəm olaraq Rusiya rəsmilərinin dilindən Azərbaycan barədə səslənən müəyyən fikirlər, yaxud onların Azərbaycanı hansısa ölkələrlə eyniləşdirmək cəhdləri haqlı olaraq cəmiyyətdə Rusiyanın rəsmi dairələrinə qarşı narazılıq yaradır, kəskin reaksiyaya səbəb olur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, son vaxtlar Azərbaycanla bağlı heç də xoş olmayan ifadələr, fikirlər Rusiyanın iki rəsmi şəxsi tərəfindən daha çox səslənir.
30 Oktyabr 2017 15:23 SiyasətKreml regionda Qərbi necə üstələmək istəyir?
Müntəzəm olaraq Rusiya rəsmilərinin dilindən Azərbaycan barədə səslənən müəyyən fikirlər, yaxud onların Azərbaycanı hansısa ölkələrlə eyniləşdirmək cəhdləri haqlı olaraq cəmiyyətdə Rusiyanın rəsmi dairələrinə qarşı narazılıq yaradır, kəskin reaksiyaya səbəb olur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, son vaxtlar Azərbaycanla bağlı heç də xoş olmayan ifadələr, fikirlər Rusiyanın iki rəsmi şəxsi tərəfindən daha çox səslənir. Biri Rusiya Federasyasının xarici işlər naziri Sergey Lavrov, digəri isə Rusiya Dövlət Dumasının üzvü, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskidir. Bu günlədə Rusiya xarici siyasət idarəsinin rəhbəri Xarici İşlər Nazirliyi yanında Rusiya Federasiyası subyektlərinin başçıları Şurasının iclasında çıxışı zamanı da Azərbaycanı unutmayıb. Sergey Lavrov həmişəkindən fərqli olaraq Azərbaycanı bu dəfə müsbət mənada bir neçə dəfə xatırlayıb. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Rusiya xarici işlər nazirinin çıxışında 3 fikir diqqətimi çəkdi və bu fikirlərin ikisində Azərbaycanın adı birbaşa, digərində dolayı yolla çəkilib: "Lavrovun birinci fikri belədir: "Regionların xətti ilə Azərbaycanla münasibətlərimiz inkişaf edir". Sergey Lavrov bu cümləni o mənada işlədib ki, bu ilin sentyabr ayında Rusiyanın Stavropol şəhərində keçirilən VIII Rusiya-Azərbaycan regionlararası forumunu iki dövlət arasında beş ikitərəfli sənəd imzalanıb. "Ümumilikdə Rusiyanın regionlarında 650-yə yaxın azərbaycanlı tərəfdaşlarımızla birgə müəssisə fəaliyyət göstərir" - bu cümlə də Lavrova məxsusdur. Lavrovun ikinci fikri belədir: "Azərbaycan və İrandan olan investorlar Həştərxan vilayətində "Lotos" xüsusi iqtisadi zonada zavodların inşa edilməsində fəal iştirak edirlər". Lavrov bu cümləni isə o mənada işlədib ki, Rusiya regionlarının Xəzəryanı ölkələrlə dialoqunun geniş ticarət-iqtisadi əlaqələrə əsaslanır. Bəli, rəsmi Bakı Lavrovun da qeyd etdiyi Rusiyanın iki bölgəsində - Stavropolda və Həştərxanda xüsusi layihələr icra edir, investisiyalar yatırır, tikinti işləri aparır. Rusiyanın başqa bölgələri də Azərbaycanın onlara yatırım qoymasını arzulayırlar, hətta bu məqsədlə Dağıstan və Çeçenistan rəhbərləri bir neçə dəfə Bakıya təşrif buyurmuşdular. Ancaq rəsmi Bakı əməkdaşlıq üçün Rusiyanın nisbətən sakit və stabil bölgələrini seçib və bununla da hələlik kifayətlənib". Politoloq deyib ki, rəsmi Bakının Rusiyanın bölgələrlə əməkdaşlığının siyasi məqsədi də var. Onun sözlərinə görə, Bakının ümidi Kremlin bu əməkdaşlığın Rusiyanın bölgələri üçün faydalı olduğunu görməsi və bunun fonunda Ermənistanla münasibətlərinə göz gəzdirməsi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə ədalətli yanaşmasıdır: "Təəssüf ki, Rusiyanın bölgələrinə edilən yatırımlar Kremin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etməyib. Rusiya əvvəlkitək Ermənistanı silahlandırmaqla məşğuldur. Lavrovun çıxışı zamanı üçüncü fikri də diqqət çəkir: "Rusiyanın qeyri-kommersiya təşkilatları MDB məkanında Avrasiya inteqrasiyası ideyasının təşviqinə yardım etməlidir". Bu o deməkdir ki, Rusiya ABŞ-ın və Avropanın qeyri-kommersiya təşkilatlarının Azərbaycanda boşalan yerlərini doldurmaq istəyir. Lavrov bunu heç gizlətmir: "Qeyri-kommersiya təşkilatlarının xətti ilə qonşu ölkələrlə, MDB və Avrasiya İqtisadi Birliyi dövlətləri ilə daha fəal işləməyi vacib hesab edirəm. Məlumdur ki, vətəndaş cəmiyyəti xətti ilə dialoq əlaqələrimizin möhkəmlənməsi baxımından vacib məsələdir". Beləliklə, Kreml Azərbaycan kimi ölkələrdə Rusiyanın qeyri-kommersiya strukturlarının filiallarının mövcudluğunu genişləndirmək istəyir. Yəni əgər əvvəllər Azərbaycandakı qeyri-hökumət təşkilatlarına Qərbin müxtəlif fondları dəstək verirdilərsə, indi bu işi Rusiya görmək istəyir. Azərbaycan üçün bundan qorxulu gedişat ola bilməz. Çünki, Rusiyanın dövlətə bağlı qeyri-kommersiya təşkilatları yerlərdə o təşkilatlara dəstək verəcəklər ki, həmin təşkilatlar Rusiyanın müdafiə etdiyi dəyərləri bölüşsünlər. Krımın ilhaqını, Donbas separatçılarına dəstəyi və ya Abxaziya və Cənubi Osetiyanın tanınmasını necə dəstəkləmək olar? Bu Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Ona görə də necə ki, Azərbaycanda Qərb fondlarının müxtəlif ittihamlarla fəaliyyətlərinə son qoyuldu, eləcə də Lavrovun yeni ideyasının Azərbaycanda gerçəkləşməsinə icazə vermək olmaz".
Məhəmməd