Milli dövlətlərə qarşı savaş açan Soros
Sovetlərin dağılması ərəfəsi və ondan sonra meydana gələn terminlərdən biri də “açıq cəmiyyət” anlayışı oldu. O zaman bir çoxları bu anlayışın nə məna kəsb etdiyi və onun arxasında kimin durduğunun fərqində olmadığından istər-istəməz “açıq cəmiyyətin” tilovuna düşüb bir növ onun əsrinə çevrildilər.
30 Oktyabr 2017 14:57 SiyasətSovetlərin dağılması ərəfəsi və ondan sonra meydana gələn terminlərdən biri də "açıq cəmiyyət" anlayışı oldu. O zaman bir çoxları bu anlayışın nə məna kəsb etdiyi və onun arxasında kimin durduğunun fərqində olmadığından istər-istəməz "açıq cəmiyyətin" tilovuna düşüb bir növ onun əsrinə çevrildilər. Ancaq "açıq cəmiyyət"in reallıqda müstəqil dövlətlərin daxili işlərinə müdaxilə, onları öz diktəsinə tabe etdirmək olduğunu aydın şəkildə dərk edənlər maksimum dərəcədə onu yaxına buraxmamağa çalışdılar. Elə o zamandan da həmin terminologiyanı cəmiyyətlərə gətirən və onun ideya müəllifi olan Corc Sorosun bu qəbildən olan dövlət və ölkələrə, onların müstəqil siyasət yürütməsinə qarşı mübarizəsi başladı. Müntəzəm olaraq malik olduğu maddi sərvətləri həmin ölkələrin müxalifət düşərgəsində təmsil olunan bəzi antimilli qüvvələrə ayıraraq bu və ya digər ölkələrdə dövlət çevrilişləri, hakimiyyət dəyişiklikləri etməyə çalışdı. Təəssüflər olsun ki, Azərbaycan da Sorosun hədəfində olan ölkələrdən idi və bu gün də ölkəmizə qarşı müntəzəm olaraq qeyd etdiyimiz oyunlar oynanılır.
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev deyir ki, "açıq cəmiyyət" anlayışı ingilis dərin dövlətinə məxsusdur. Onun sözlərinə görə, İngiltərə dərin dövlətinə məxsus ideologiyalardan biri "açıq cəmiyyət" anlayışıdır: "Mahiyyəti isə ondan ibarətdir ki, açıq cəmiyyət anlayışı tətbiq edildikdə azadlıq və demokratiyanı əsas götürən, zorakılığa qarşı tolerant olan şəffaf dövlət ortaya çıxır. Ancaq əslində burada məqsəd "şəffaflıq" adı altında insanları, ideologiya və dini qrupları qara siyahıya salmaq və onlar üzərində İngiltərə dərin dövlətinin nəzarətini təmin etməkdir. Bundan başqa, ölkələr üzərində hegemonluq qurmaq, "narıncı", "məxməri" kimi adlarla yumşaldılmağa çalışılan qiyam, üsyan və inqilablara şərait hazırlamaq, ölkələrin öz xalqlarından istifadə edərək gizli və açıq inqilablar həyata keçirmək açıq cəmiyyət ideologiyasının əsasıdır. Həmin ideologiya sülh və azadlıq görüntüsü ilə strateji ölkələrə daxil olur və daxil olduğu ölkələrdə üsyan, iqtisadi böhran, qeyri-sabitlik hakim olur". Ramiq Vəliyev bildirib ki, bunun ən dəhşətli nümunələrindən biri, təsiri hələ də davam edən ərəb baharıdır: "Türkiyədə də "Gəzi hadisələri" daxil olmaqla həyata keçirilən və ya hazırlıq mərhələsində dayandırılan hadisələrdə açıq cəmiyyət ideyası daim arxa planda idi. Açıq cəmiyyət nəzəriyyəçiləri ideologiyalarını formalaşdırarkən aldadıcı "azadlıq və demokratiya" sözlərindən istifadə edir və açıq cəmiyyət konsepsiyası azadlıq və demokratiyanın vacib şərti kimi təqdim olunur. İngiltərə dərin dövlətinin himayəsindəki beyin mərkəzləri "açıq cəmiyyət" adı altında saysız-hesabsız görüşlər keçirir, hesabatlar hazırlayırlar. İngiltərə dərin dövlətinin himayəsindəki media açıq cəmiyyət ideyasını hər fürsətdə tərifləyir. İngiltərə dərin dövlətinin tərəfdarları demək olar ki, hər fürsətdə bu sözlərdən istifadə edir və "qabaqcıl ölkə olmaq üçün açıq cəmiyyətin nə qədər əhəmiyyətli olduğunu" izah edirlər. Açıq cəmiyyətin nə demək olduğunu isə heç kim bilmir. Amma intellektual görünmək və demokratiya müdafiəçisi kimi qəbul edilmək bunu tələb etdiyi üçün dillərdən düşmür. Azadlıq və demokratiya, şübhəsiz, çox mühüm iki anlayışdır və bu anlayışlar məhz Quranda müdafiə edilən və ən mükəmməl şəkildə Quranda təsvir edilən anlayışlardır.
Ona görə bu anlayışların müdafiəçisi və qoruyucusu olmaq biz müsəlmanlar üçün ülvi vəzifədir. Buradakı izah etmək istədiyimiz məqam İngiltərə dərin dövlətinin azadlıq və demokratiya kimi iki mühüm anlayışı öz hiyləgər məqsədləri üçün istifadə etməsidir. İngiltərə dərin dövləti istəniləni etmədikdə insanları asanlıqla "demokratiya əleyhdarı", "azadlıq əleyhdarı", elm əleyhdarı" elan edir. Bu ittihamedici sözlər həmin şəxslərin asanlıqla cəmiyyətdən təcrid olunmasına, geridə qalmış və avam hesab edilməsinə səbəb olur". İctimai Birlik sədri hesab edir ki, bu strategiyanı qavramış dərin dövlət tərəfdarları qısa yoldan insanları damğalamağa üstünlük verirlər: "Təkcə insanlar deyil, bəzi ölkələrdə hökumətlər belə bu formada damğalanır. Açıq cəmiyyət ideyasını ortaya atan insan avstriyalı ingilis filosof Karl Raimund Popperdır. Popper gənclik illərində marksist fəlsəfəni qəbul edib və Avstriya Sosial Demokrat Fəhlə Partiyasına üzv olub. Bəzi dostlarının silahlı münaqişədə həlak olmasından sonra marksizmdən üz çevirdiyi bildirilir. Popper 1937-ci ildə Yeni Zelandiyaya köçüb və burada bütün dünyada tanınmasına səbəb olan "Açıq Cəmiyyət və onun düşmənləri" əsərini yazıb. 1946-cı ildə İngiltərəyə köçərək İngiltərə dərin dövlətinin xüsusi əhəmiyyət verdiyi London İqtisad Məktəbində (London School of Economics) işə başlayıb. London Universitetinin də professoru olan Popperə kraliça II Yelizaveta tərəfindən 1965-ci ildə cəngavər titulu verilib, 1982-ci ildə isə "Şərəf Dostu" ordeni ilə mükafatlandırılıb. Popperdən sonra açıq cəmiyyət ideologiyasının icraçısı kimi qarşımıza çıxan ad Corc Sorosdur. Soros, Popperin təhlükəli ideologiyasını dövrümüzə uyğunlaşdırıb və "rəngli inqilablar" adı altında dünyaya tənəzzül və parçalanma gətirən qiyamların təşkilatçısı olub".
Füzuli