Ermənistan cəbhədə təxribatlar törətməklə danışıqları prosesini iflic edir

Son günlər cəbhə xəttində yaşanan xoşagəlməz olaylar, erməni təxribatının davam etməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbiçisinin şəhid olması Cenevrə danışıqlarının faydasız olduğunu bir daha ortaya qoydu. Daha dəqiq desək son olaylar Ermənistanın Cenevrə danışıqlarına görüntü yaratmaq məqsədilə qatıldığı və aqressiyasının hələ də davam etdiyi reallığını bir daha sübuta yetirdi.

Bu isə 2016-cı il aprel ssenarisnin təkrarlanmasını qaçılmaz edir

Son günlər cəbhə xəttində yaşanan xoşagəlməz olaylar, erməni təxribatının davam etməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbiçisinin şəhid olması Cenevrə danışıqlarının faydasız olduğunu bir daha ortaya qoydu. Daha dəqiq desək son olaylar Ermənistanın Cenevrə danışıqlarına görüntü yaratmaq məqsədilə qatıldığı və aqressiyasının hələ də davam etdiyi reallığını bir daha sübuta yetirdi. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən bir neçə dəqiqə sonra İsveçrədəki Ermənistan səfirliyində erməni toplumunun nümayəndələri ilə görüşdə Sərkisyanın ölkəsinin aqressiv mövqeyini ortaya qoyduğunu nəzərə alsaq, o zaman cəbhədə yaşanan son olayların gözlənilən olduğunu söyləmək yerinə düşər. Faktiki olaraq hazırda ortada olan mənzərə və real vəziyyət ondan ibarətdir ki, Ermənistan öz aqressiv hərəkətləri ilə bir daha danışıqlar prosesinə mane olduğunu sübuta yetirdi və Cenevrədə növbəti görüşlər üçün əldə edilmiş razılaşmanı pozdu. Elə Çağdaş Strateji Araşdırma Mərkəzinijn rəhbəri, siyasi şərhçi Seymur Süleymanov da bu qənaətdədir. O, bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünün nəticələri  bir neçə vacib məqama aydınlıq gətirsə də, bunlardan ən vacibi rəsmi Bakının yanaşması əsasında substantiv danışıqlarını müqəddəratı ilə bağlıdır. Onun sözlərinə görə, birmənalı deyilməli olsa, müəyyən şəkildə qeyd olunmalıdır ki, danışıqlara substantivlik qətiyyən xas deyil və rəsmi İrəvanın siyasi prosesi iflic vəziyyətə salma cəhdləri davam edir: "Bir neçə ay əvvəl erməni silahlı qüvvələri xarici işlər nazirlərinin görüşü ərəfəsində Füzuli rayonunun Alxanlı kəndini gülləbaran edib insanlığa qarşı növbəti cinayətini törədərək 2 yaşlı uşağı, onun nənəsini qətlə yetirdikdən sonra prezident İlham Əliyev bəyanatla çıxış etdi. Onun "ermənilər vəziyyəti qarışdırmaqla nazirlərin görüşünü pozmaq və siyasi prosesi ümumiyyətlə dayandırmaq istədilər, biz isə buna imkan vermədik" açıqlaması tərəflərin anlaşmasını səciyyələndirib göstərdi ki, Sərkisyan administrasiyası özünün dağıdıcı məramından dönmək fikrində deyil və prosesdə imitasiya xatirinə iştrak edir. Rəsmi Bakının substantiv danışıqlar aparma tələbi isə konkret rejimin olmasına hesablanıb ki, bu da anlaşılandır. Söhbət təmasların davamlılıqla getməsini, ardıcıllıq prinsipinə söykənməyi, nəhayət, cari və əsaslı gündəliyin işlənməsini nəzərdə tutur. Əgər belə metodika olmayacaqsa, onda proses nəinki illərlə, hətta onilliklərə davam edə bilər və nəticədən danışma ümumiyyətlə yersiz olar. Cenevrə, daha doğrusu, onun ardınca Sərkisyanın İsveçrə erməni icması qarşısında açıqladığı mövqe bir daha təsdiqlədi ki, İrəvan hazırda daha çox Qarabağ böhranına deyil, özünün daxili keçid probleminə köklənib. Bu Azərbaycanın maraqlarına qismən toxunan məsələdir, lakin Ermənistanın siyasi prosesi heçə endirmə cəhdləri vəziyyəti kritik xəttə yaxınlaşdırdığına görə məsələ qəlizləşir və bu 2016-cı il aprel ssenarisnin təkrarlanmasını qaçılmaz edir". Mərkəz rəhbəri hesab edir ki, bunu ermənilərdən başqa ATƏT-in Minsk qrupunun həmsədrləri də anlayıb tədarüklərini görməkdə davam edirlər: "Lakin onların səy və məramı hansı dərəcədə mövcud duruma mütənasibdir? Məsələ də məhz bundadır. "Söz və vədləri daha düzgün, reallığı adekvat ifadə edən hərəkətlərdir" mətləbindən çıxış etməyə gəlinsə, iki məqama diqqət yetirmək son dərəcə vacib görünür. Həmsədr ölkələrin ikisi bu ərəfədə, guya sülh prosesinə öz töhfəsini vermək istəyi ilə çox orijinal gedişlərə üstünlük verdilər. Müvəqqəti sülhün sabit hal almasını daim vurğulayan Rusiya Ermənistan üçün 100 milyon dollarlıq kredit xətti açıb qabarıq şəkildə özünün nə dərəcədə obyektiv və neytral olduğunu bir daha diqqətə gətirdi. Söz yox ki, bu məmləkət indi neft bazarında baş verən qiymət defoltu ilə bağlı ixracatda diversifikasiya əməliyyatlarını gücləndirir və silah satışı onun valyuta ehtiyatlarını bir qədər doldurur. Lakin, nəzərə alınsa ki, Ermənistan üçün açılan kredit xətlərinin bir o qədər də böyük komersiya əhəmiyyəti yoxdur və eyni zamanda sözügedən əməliyyatın geosiyasi tərkibi iqtisadi qatını xeyli üstələyir, istər-istəməz bir qənaət özünü biruzə verir. Moskva həmsədr qismində özünü son dərəcə anlaşılmaz və motivasiyalı aparıb müttəfiqinə strateji hədiyyələr verir. Bu Azərbaycan maraqlarını inkar etməklə bölgədəki balansın işğalçı dövlətin xeyrinə dəyişməsinə qulluq edir". Seymur Süleymanov qeyd edib ki, rəsmi Bakı heç vaxt bu tərz ədalətsiz gedişlərlə barışa bilməz və münaqişədə  zərərçəkmiş tərəf kimi təsirli əks tədbirlərin görülməsini reallaşıdrmaqda azaddır: "İkincisi, həmsədr dövlət Amerika Minsk qrupundakı ABŞ-ın sabiq diplomatları Keri Kavano və Ceyms Uorlik başda olmaqla Amerika Helsinki Komissiyasının sədrliyi ilə birlikdə, eləcə də ermənipərəst lobbinin aparıcı simaları daxil olmaqla "xüsusi dinləmələr" formatında bir yığıncaq keçirdi. Orda özünün bədnam rolu ilə məşhurluq qazanmış ANKA-nın da (Amerikanın erməni komitəsi) rəhbər nümayəndələri iştrak edib. Söhbətin gedişatı yenə də Ermənistanın mövqeyinin müdafiəsinə tuşlanmaqla Azərbaycanın maraqlarını yersiz və əhəmiyyətsiz edib. Rəsmi dairələrin (Koqresin) nümayəndələri iştrak etdiyi yığıncaqda xüsusi ilə qeyd olunub ki, guya, Azərbaycanın hədsiz silahlanması tək Ermənistan üçün deyil, həm də bölgə üçün təhdidlər törədir və genişmiqyaslı hərbi kampaniya başladığı təqdirdə digər məmləkətlərin odlu prosesə qatılma ehtimalı xeyli artır. Nəhayət, dinləmə iştrakçılarının fikrincə Qarabağ münaqişəsinin fiziki coşması Cənubi Qafqazda dəhşətli humanitar fəlakətin yaranması ilə nəticələnə bilər deyə, onlar rəsmi Bakıya təzyiq göstərilməsini məqbul sayıblar. Sanki erməni işğalı ucbatından bölgədə 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün heç yox imiş. Fransa bu tərz utanc gətirən əməllərə qol qoymasa da, onun da rəyi, şübhəsiz, ermənipərəstdir və prinsipial mövqe bildirmək lazım gəldikdə, şübhəsiz, Paris işğalçı Ermənistanın ayağını tabtalamayacaq və bunun da səbəbləri gün kimi aydındır. Bunların fonunda İspaniyanın yaşadığı Kataloniya böhranın gedişatını nəzərə aldıqda bir qənaət özü ilə hesablaşmağı qaçılmaz edir. Rəsmi Brüssel, nəhayət,  münaqişə ilə bağlı mövqeyini açıqlayıb. Avropa İttifaqı birmənalı bildirib ki, Kataloniya problemi İspaniyanın daxili işidir və onun həllində vasitəçilərin iştrakı qətiyyən yersizdir. Söz yox ki, bu yanaşma Avropa İttifaqına daxil olan bütün məmləkətlərin vahid rəyini əks etdirir. Bu haqda rəsmi açıqlama səsləndirmiş Avropa Komissiyasının sədri Donald Tusk xüsusi ilə bildirib ki, problem İspaniya qanunvericiliyi çərçivəsində həllini tapmalıdır. Bu özü özlüyündə çox vacib presedentdir və örnək kimi qüvvəyə minməlidir.  Onun dondurulmuş münaqişələrin alqoritminin tapılımasında da rolu və yeri  əvəzsiz ola bilər. Qarabağ böhranı Avropa təsisatları tərəfindən BMT-nin mandatı əsasında 30 ilə yaxındır ki həll olunur, lakin irəliləyiş sıfır səviyyəsindədir. Əgər rəsmi Bakı Minsk qrupunun xidmətlərindən məlum səbəblərə görə imtina etsə, problemin Azərbaycan qanunvericilik çərçivəsində həll edilməsi üçün tələb olunan hüquqi baza mövcuddur. Bu haqda tək düşünmək deyil, əməli addımlar atmağa dəyər. Həm də bu istiqamətdə ediləcək işlər utanc gətirən ikili standartlar təcrübəsinin də aradan qaldırılması üçün əvəzsiz rol oynaya bilər. Buna böyük ehtiyac var".

Füzuli           

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31