Oqtay Əsədov Latviya Seyminin sədrini qəbul edib
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
4 Oktyabr 2016 13:36 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Olaylar" xəbər verir ki, spiker əmin olduğunu bildirib ki, Latviya Seymi sədrinin Azərbaycana ilk səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərəcək. Sədr dövlət başçılarının qarşılıqlı səfərlərini və aparılan danışıqların əhəmiyyətini vurğulayaraq, bu günədək ölkələrimiz arasında 34 sənəd imzalandığını və 8 sənəd üzərində iş davam etdiyini dedi. Bildirildi ki, günbəgün güclənən siyasi əlaqələrimiz iqtisadi sahədə də fəallığın artırılmasını tələb edir: "Biz Avropa Parlamentində Azərbaycanı dəstəklədiyinə görə latviyalı deputatlara öz minnətdarlığımızı bildiririk. Qeyd etmək istəyirik ki, aparılan gərgin işin və danışıqların nəticəsində Avropa Parlamenti ilə Milli Məclis arasındakı anlaşılmazlıq aradan qaldırılmış, Parlament Əməkdaşlıq Komitəsi və Avronest PA çərçivəsində münasibətlərimizin bərpası üçün əməli addımlar atılmışdır". Söhbətdə Dağlıq Qarabağ problemindən söz açan sədr bu məsələdə Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bir daha vurğulayıb: "Avropa İttifaqının 14 ölkəsi və ABŞ-ın 22 ştatı Xocalı soyqırımı ilə əlaqədar müvafiq qərarlar qəbul etmişdir. Biz ötən ilin fevralında Latviya Seyminin 53 deputatının Xocalı soyqırımı ilə bağlı imzaladığı bəyanatı Azərbaycan xalqı ilə həmrəylik kimi dəyərləndiririk. Ümidvarıq ki, gələcəkdə Latviya Parlamentinin bu haqda ayrıca qərarı olacaqdır".