Parlamentdə Dağlıq Qarabağ Komitəsinin yaradılması yenidən gündəmdə
Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesində yenidən passivlik müşahidə edilməkdədir. Əgər aprel döyüşlərindən sonra danışıqlar prosesində bir canlanma yaranmışdısa, hazırda işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi prosesin ləngiməsinə səbəb olub.
3 Oktyabr 2016 14:19 SiyasətFərəc Quliyev: "Dağlıq Qarabağla bağlı fəaliyyətin müəyyən strukturlarla əlaqələndirilməsi baxımından bu komitənin formalaşdırılması yerinə düşər"
Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesində yenidən passivlik müşahidə edilməkdədir. Əgər aprel döyüşlərindən sonra danışıqlar prosesində bir canlanma yaranmışdısa, hazırda işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi prosesin ləngiməsinə səbəb olub. Təssüflər olsun ki, Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürən həmsədr ölkələr, eləcə də digər maraqlı dövlət və qurumlar da Ermənistanın pozuculuq siyasətinə qarşı heç bir tədbir görmürlər. Bu qeyri-müəyyənlik və problemin həllində yaranmış passivlik Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olur. Elə bu səbəbdəndir ki, müntəzəm olaraq sözügedən problemin geniş auditoriyalarda, rəsmi qurumlar səviyyəsində, hətta Azərbaycanın qanunverici orqanında müzakirəsi təklif olunur. Elə Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev də bu qənaətdədir. Millət vəkili Dağlıq Qarabağ məsələsi ilə bağlı olaraq Milli Məclisdə müzakirələr aparılmasını, dinləmənin keçirilməsini təklif edib. O, bildirib ki, bir çox dövlətlərin parlamentində bu məsələlərlə bağlı müzakirələr aparılır, xarici deputatların iştirakı ilə dinləmələr keçirilir, amma Azərbaycanda hələ də Dağlıq Qarabağ problemi ilə bağlı dinləmə keçirilməyib: "Milli Məclisdə Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin iştirakı ilə qapalı şəkildə bir dinləmənin aparılmasını vacib hesab edirəm və həm də bir xüsusi komitənin, parlamentin özünün Dağlıq Qarabağ komitəsinin yaradılmasını təklif edirəm. Dağlıq Qarabağla bağlı fəaliyyətin müəyyən strukturlarla əlaqələndirilməsi, müəyyən danışıqlarda bu komitənin nümayəndələrinn iştirakını təmin eləmək baxımından da belə bir komitənin formalaşdırılması düşünürəm ki, yerinə düşər. Əgər bu təkliflər həyata keçərsə hesab edirəm ki, faydalı olar".
Millət vəkili əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində iqtisadi təkliflər paketlərinin və xüsusən problemli kreditlərin parlamentdə müzakirə edilməsini, qeyri-neft sektorunun inkişafı ilə bağlı verilmiş qərarların icrasına nəzarətin artırılmasını da vacib hesab edib: "Hamımızın hər gün rastlaşdığımız mühüm məsələlərdən biri də sosial-iqtisadi problemlərlə bağlı müraciətlərdir. Cənab Prezidentin qeyri-neft sektorunun inkişafı hesabına iqtisadi artımın stimullaşdırılması ilə bağlı atdığı çox mühim addımlar, verdiyi sərəncamlar, ayırdığı vəsaitlər və görülən işlər vardır. Amma razılaşın ki, bir çox nazirliklər, bəzi yerli icra strukturlarının bunu yüksək səviyyədə həyata keçirməyinə baxmayaraq, müəyyən nazirliklərdə və yerli icra strukturlarında bu məsələlərə çox biganə yanaşma vardır. Hesab edirəm ki, adını çəkdiyim sahə ilə bağlı yəni, qeyri neft sektorunun inkişafına bağlı olan iqtisadi artımın stimullaşdırılması ilə əlaqədar prezidentin islahatlar paketinin həyata keçirilməsinin nə vəziyyətdə olduğunu müəyyən etmək üçün müvafiq strukturlarla, nazirliklərlə birlikdə bir dinləmələr eləməyimiz lazımdır. Bütün deputatların da yerlərdə aldığı şikayətlər, həmçinin rastlaşdığı neqativ hallar vardır. Onları birbaşa səsləndirmək lazımdır. Sosial-iqtisadi məsələlərlə bağlı xeyli təkliflər paketi var. Mən izləyirdim, deputatlar yay dönəmində də mətbuatda çox gözəl təkliflərlə çıxış edirdilər. Ona görə münasibdir ki, iqtisadi paketin həyata keçirilməsi üçün təkliflər dinlənilsin. Bu təkcə prezidentin işi deyil". Fərəc Quliyev qeyd edib ki, Milli Məclis də qəbul elədiyi qanunlar ilə , bu məsələlərə nəzarətlə bağlı çox ciddi dəstək verməlidir: "Həmin bu blokda qeyd edilən müzakirələr zamanı xüsusən problemli kreditlərlə bağlı müzakirələr aparmaq vacibdir. Hesab edirəm, hər kəs razılaşar ki, bu məsələ camaatı narahat edir. Ümumiyyətlə, iqtisadi sektorla bağlı məsələlərin müzakirə olunması məsləhətdir və yaxşı olar ki, dövlət borclanmasının qarşısının alınması və büdcə kəsirinin həcminin azaldılması məqsədilə fiskal sahədə iqtisadi siyasətlə bağlı Maliyyə Nazirliyi və başqa strukturlar məlumatlar versin. Çünki həm manatın məzənnəsi ilə bağlı olaraq, həm də neft gəlirləri və neftin qiyməti ilə bağlı təlatümlər təbii ki, beynəlxalq səviyyədə gözlənilir. Bununla bağlı bütün məsələlərin müzakirələri məncə vacibdir".
Süleyman