“Roma Papasının müsəlman Azərbaycana səfəri…”
Ötən həftə sonu Bakı mühüm bir qonağı qarşıladı. Belə ki, Roma Papası Fransisk Azərbaycana qısamüddətli səfərə gəldi. Məlumat üçün qeyd edək ki, Azərbaycan XX əsrin 90-cı illərində müstəqilliyini elan etdikdən sonra ikinci dəfədir ki, katoliklərin lideri Bakıya səfər edir. Birinci dəfə Roma Papası İohan Pavel ümummilli lider Heydər Əliyevin zamanında Azərbaycana səfər edib. Bu dəfə isə Papa Fransisk Azərbaycana gələrək Bakıda bir sıra mühüm görüşlərdə iştirak etdi. Bəs görəsən Roma Papasının Azərbaycana səfərinin əhəmiyyəti nədən ibarətdir və bu səfərdən gözləntilər nədən ibarətdir?
3 Oktyabr 2016 14:12 SiyasətElxan Şahinoğlu: "Ölkəmizin dini və etnik toleratanlıq nümunəsi olduğunu göstərir"
"İlham Əliyevin multikulturalizmə söykənən - dini dözümlülük siyasəti Roma Papasının da diqqətini çəkib"
Ötən həftə sonu Bakı mühüm bir qonağı qarşıladı. Belə ki, Roma Papası Fransisk Azərbaycana qısamüddətli səfərə gəldi. Məlumat üçün qeyd edək ki, Azərbaycan XX əsrin 90-cı illərində müstəqilliyini elan etdikdən sonra ikinci dəfədir ki, katoliklərin lideri Bakıya səfər edir. Birinci dəfə Roma Papası İohan Pavel ümummilli lider Heydər Əliyevin zamanında Azərbaycana səfər edib. Bu dəfə isə Papa Fransisk Azərbaycana gələrək Bakıda bir sıra mühüm görüşlərdə iştirak etdi. Bəs görəsən Roma Papasının Azərbaycana səfərinin əhəmiyyəti nədən ibarətdir və bu səfərdən gözləntilər nədən ibarətdir?
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyir ki, Papa Fransisk Bakıda olarkən bir sıra mühüm fikirlər səsləndirdi ki, bunlar da müəyyən mənada Azərbaycanın xeyrinə olan məsələlərdir: "Roma Papası Fransisk Azərbaycana birgünlük səfərə Gürcüstandan gəldi. İyunun 24-də isə o, Ermənistanda səfərdə olmuşdu. Roma Papası Ermənistana səfəri zamanı İrəvandakı "soyqırım" abidəsini ziyarət etməklə yanaşı "erməni soyqırımı olub" ifadəsini işlətmişdi. Bu açıqlama Türkiyədə narazılıqla qarşılandı. Onu da nəzərə almaq lazımdır ki, Vatikan "erməni soyqırımını" əvvəlki illərdə tanıyıb. Roma Papasının İrəvandakı çıxışı zamanı işlətdiyi bir ifadə isə Azərbaycanda narazılıqla qarşılanmışdı. Vatikan başçısı İrəvanda belə bir cümlə işlətmişdi: "Azərbaycana gedərkən orada Ermənistanda gördüyüm həqiqətlər barədə danışacağam və deyəcəyəm ki, kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur". Elxan Şahinoğlu bildirib ki, Roma Papası Bakıda olarkən heç də ermənilərə verdiyi vədi yerinə yetirmədi: "Çünki, o Bakıdakı çıxışlarının heç birində "kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur" ifadəsini işlətmədi. Əskinə Roma Papası Bakıdakı çıxışlarında iman, sülh və ədalətdən danışdı". Politoloq deyir ki, Roma Papasının Bakıda Heydər Əliyev Mərkəzindəki çıxışını isə iki hissəyə bölmək olar: "Birinci hissədəki mesajı: "Azərbaycan təkkonfesiyalı ölkə deyil. Azərbaycanda dini azadlıqlar tam təmin edilib". İkinci hissədəki mesajı: "Azərbaycanda ilk dəqiqələrdən anladım ki, nə qədər insan qanlı münaqişədən əziyyət çəkir. Arzu edirəm ki, beynəlxalq ictimaiyyət bunu daimi diqqətdə saxlasın və yardım göstərsin. İstərdim ki, bölgədə sülh bərqərar olsun. Arzu edirəm ki, həll variantı tapılsın, Tanrının yardımı ilə dialoq və danışıqlar vasitəsi ilə Qafqaz regionunda münaqişələr həllini tapsın. Qərblə Qərbin qovşağında sülh bərqərar olsun. İstərdik ki, bu qapı hər zaman sülhün üzünə açıq olsun". Elxan Şahinoğlunun sözlərinə görə, birinci mesaj Azərbaycan prezidentinin yürütdüyü siyasətin Vatikan tərəfindən dəstəyini tərənnüm etdirir: "İlham Əliyevin multikulturalizmə söykənən - dini dözümlülük siyasəti Roma Papasının da diqqətini çəkib. İkinci mesajda isə Roma Papası Dağlıq Qarabağ münaqişəsindən ümumi sözlərlə danışır. Ondan əvvəl danışan İlham Əliyev diqqəti Azərbaycan torpaqlarının işğalı faktına yönəldir. Ancaq Roma Papası çıxışında "Dağlıq Qarabağ" və "ərazi bütövlüyü" ifadələrini işlətmir. Bununla Vatikan başçısı Azərbaycanla Ermənistan arasındakı qarşıdurmada kimsənin tərəfini tutmaq istəmədiyini göstərir və fikrini ümumi sözlərlə ifadə edir. Bu isə Azərbaycan ictimaiyyətində müsbət qarşılana bilməz. Buna baxmayaraq, rəsmi Bakı Vatikanla münasibətlərə əhəmiyyət verir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu Vatikan başçısının Azərbaycana ikinci səfəridir. Birinci səfər 2002-ci ildə reallaşmışdı. Vatikan başçıları adətən əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfərlər etmirlər. Azərbaycan isə istisnadır. Azərbaycanda katoliklərin sayı bir neçə yüz nəfərdir. Buna baxmayaraq, Roma Papasının müsəlman Azərbaycana səfəri Azərbaycanın dini və etnik toleratanlıq nümunəsi olduğunu göstərir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu Vatikanın bəzi muzeylərinin təmirinə maliyyə ayırır. Bu isə Roma Papası tərəfindən yüksək qiymətləndirilir. Azərbaycandan başqa hansısa digər müsəlman ölkəsinin Vatikanın müzeylərinin təmirinə maliyyə yardımı ayırması nümunəsi yoxdur". Mərkəz rəhbəri hesab edir ki, bu dəstəkdə rəsmi Bakının siyasi məqsədi də var. Elxan Şahinoğlunun sözlərinə görə, bu yardımla rəsmi Bakı həm Azərbaycanın dini tolerant ölkə olduğunu nümayiş etdirir, həm də dünyada böyük nüfuza malik olan Vatikanın ərazi bütövlüyü prinsipinə diqqət ayırmasına çalışır: "Artıq birinci məsələdə müsbət nəticə var".
Süleyman