Bakıda İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Konfransı keçirilib
Oktyabrın 3-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Konfransı keçirilib. Konfransın açılışında çıxış edən İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov deyib ki, İslam ölkələrinin jurnalistlərini bir araya gətirən qurumun yaradılmasına ehtiyac var.
3 Oktyabr 2016 14:10 SiyasətƏli Həsənov:"Müsəlman ölkələrinin vahid internet resurslarının yaradılmasına ciddi ehtiyac var"
Oktyabrın 3-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Konfransı keçirilib. Konfransın açılışında çıxış edən İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov deyib ki, İslam ölkələrinin jurnalistlərini bir araya gətirən qurumun yaradılmasına ehtiyac var. Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılmasının dəstəklənməsini zəruri sayıb və bu konfransın bu Assosiasiyanın yaradılması niyyəti ilə keçirildiyini nəzərə çatdırıb: "İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin jurnalistlərini birləşdirəcək və informasiya sahəsində vahid platforma kimi çıxış edəcək qurumun yaradılması bir neçə ildir ki, ən müxtəlif səviyyələrdə müzakirə olunur. Sevindirici haldır ki, artıq bu təşəbbüs reallaşdırılması üçün praktiki addımlar atılır və qarşıdan gələn dövrdə onun həm də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən ciddi şəkildə dəstəklənəcəyinə ümid edirik". Ə. Həsənov bildirib ki, beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinin uğurlu birlik modeli kimi artıq özünü təsdiq edib, üzv dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin, siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsinə, İslam həmrəyliyinin güclənməsinə və xalqların mənafelərinin qorunması işinə mühüm töhfələr verib: "İƏT həm də ölkələrimizi narahat edən mürəkkəb qlobal və geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq, müşahidə olunan təhdid və təzyiqlərə qarşı vahid mövqe formalaşdırmaq üçün olduqca vacib platformadır. Təqdirəlayiq hal kimi qeyd edilməlidir ki, bu sahədə kifayət qədər böyük təcrübə toplanıb. Hazırda dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif neqativ proseslər, digər tərəfdən isə barışığı, sülh və əmin-amanlığı təcəssüm etdirən İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə bilməz. Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr, o cümlədən Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada hərbi əməliyyatlar, Ermənistanın Azərbaycana hərbi təcavüzü və Dağlıq Qarabağ münaqişəsi, digər bu kimi problemlər İslam aləmində davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, stabil inkişafa maneə yaradan, habelə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən ciddi faktorlardır. Təəssüflə qeyd etməliyik ki, Qərbin islamofob dairələri və transmilli mediası müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edir. Nəticə etibarilə maddi və mənəvi zənginliyə malik olan müsəlman ölkələri, tolerant və multikultural xarakteri ilə seçilən müsəlman xalqları, həm də sülh və barışıq dini olan İslam dini haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür yaradılır. İslamı terrorla eyniləşdirmək, hər bir müsəlmanı potensial terrorçu obrazında təqdim etmək, İslam dəyərlərini ümumbəşəri dəyərlərdən ayıraraq yad və zərərli element kimi qələmə vermək cəhdləri haqlı olaraq bütün İslam aləmində ciddi etirazlar doğurur". Ə. Həsənov Ermənistanın 20 ildən artıqdır ki, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığını xatırladıb: "Azərbaycanın tarixi torpaqlarında bütün infrastrukturla yanaşı, milli, mədəni və dini abidələr, məscidlər də dağıdılıb. Həmin ərazilərin işğaldan azad olunması ilə bağlı BMT, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul edilib. Təəssüf ki, bütün bunların konkret nəticəsi olmayıb. Ermənistan nəinki beynəlxalq qanunları, nüfuzlu təşkilatların qərarlarını qulaqardına vurur, öz haqsız mövqeyini əsaslandırmaq üçün işğalçı siyasətinə dini rəng verərək İslam dəyərlərini gözdən salmağa, xristian həmrəyliyi faktorundan, Qərbin islamofob dairələrinin, aparıcı media resurslarının imkanlarından yararlanmağa çalışır və bəzi hallarda buna nail olur. Əminliklə demək olar ki, oxşar problemləri olan digər müsəlman ölkələr də mütəmadi olaraq belə hallarla rastlaşırlar. Bu faktlar islam həmrəyliyinin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir. Vahid informasiya məkanının, transmilli medianın mövcud olduğu müasir dövrdə informasiya mübadiləsi dövlətlərarası əlaqələrin inkişafında mühüm amilə çevrilib, beynəlxalq ictimai fikrin formalaşması və ifadə olunmasını təmin edən təsirli vasitə olub. Odur ki, çevik informasiya siyasətinin formalaşdırılması, qlobal şəbəkədə tələb olunan fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsi, ölkələrin informasiya təhlükəsizliyinin təmin edilməsi hər bir dövlət, o cümlədən islam ölkələri üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdir". Ə. Həsənov qeyd edib ki, 2012-ci ildə Qabonun paytaxtı Libervill şəhərində, 2014-cü ildə isə Tehranda İran İslam Respublikasının paytaxtı Tehranda İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 9-cu və 10-cu toplantılarında informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə ciddi qərarlar qəbul olunub: "Hesab edirik ki, İslam ölkələrinin informasiya vasitələrində obyektivliyin və həmrəyliyin təmin edilməsi, bu məqsədlə KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi, birgə media təsisatlarının yaradılması və onların məqsədyönlü fəaliyyətinin təşkili, müsəlman dünyasının maraqları naminə dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, aktual mövzularla bağlı forum və konfransların təşkili və digər bu kimi tədbirlər hazırda öz aktuallığını getdikcə artırır. İKT-yə üzv ölkələrin KİV-ləri arasında obyektiv informasiya mübadiləsinin genişləndirilməsi, virtual dünya məkanında birgə fəaliyyətin koordinasiyası, vahid internet resurslarının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var. Azərbaycan Respublikası dünyada İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə həmişə öz töhfəsini verib və verəcək. Hesab edirik ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan lV İslam Həmrəyliyi Oyunları da ümumi mənafelərimizə xidmət edəcək. Artıq Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanıb. Çalışacağıq ki, IV İslam Həmrəyliyi Oyunları həm də bütün İslam dünyasının zəngin potensialının, müsəlman ölkələri arasında dostluq və həmrəyliyin təcəssümü kimi bütün dünyanın diqqətini özünə cəlb etsin. İnanırıq ki, bu, bütün müsəlman ölkələrinin media nümayəndələri üçün də əlverişli fürsət olacaq. Bu amili, habelə müsəlman ölkələri arasında informasiya mübadiləsinin səviyyəsinin yüksəldilməsi, İslam həmrəyliyinə kənar və neqativ xarakterli təsirlərin aradan qaldırılması, İslam dininin, müsəlman dünyasının yüksək mənəvi dəyərlərinin daha effektli təbliği və digər məsələlərin uğurla həllini təmin etmək üçün yeni yaradılmış İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası dəstəklənməli, onun məqsədyönlü fəaliyyətinə hərtərəfli yardım göstərilməlidir. Bu gün İƏT-ə üzv ölkələrin səfirlərinin, jurnalistlərinin konfransda iştirakını bu təşəbbüsə dəstəyin ifadəsi kimi başa düşmək olar. Bir daha ümid edirik ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin növbəti toplantısında bu təşəbbüs fəal müzakirə olunacaq və jurnalist assosiasiyasının səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq qərarlar qəbul ediləcək".
Sonra Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed Al-Had İslam dininin həmrəylik dini olduğunu bildirib: "Başqalarına islamın ali məqsədlərinə ziyan yetirməyə imkan verməməliyik. Bəzən İslama məxsus olmayan dəyərləri ona aid etməyə cəhd edirlər". Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Musaid Biin İbrahim Vl-Sulaim isə ölkəsinin müsəlmanların problemlərinin həlli üçün heç vaxt səylərini əsirgəmədiyini söyləyib: "Bakıda İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının birinci konfransına uğurlar arzulayıram". İranın Azərbaycandakı səfirinin müavini Davud Çərmi qeyd edib ki, İranın Assosiasiyanın yaradılmasını dəstəkləyir: "İnanıram ki, bu Assosiasiya İslam aləmini dünyada düzgün təmsil edəcək, islamofobiyanın qarşısının alınmasına xidmət edəcək. Yaxın Şərq dünyəvi dinlərin beşiyidir. Hazırda burada dinlərarası ziddiyyət cücərərək inkişaf edir. KİV-lərə gəlincə, çox zaman görürük ki, sosial şəbəkələr KİV-lərin məlumat yayma sahəsində inhisarına son qoyub. Bu da müəyyən pozucu fəaliyyətlərə yol açır. KİV-lər bu gün keçid dövrünü yaşayır. Ona görə də xoş məramı nümayiş etdirmək zamanı çatıb. KİV-lər bu sahədə mühüm rola malikdir. Müsəlman ölkələrinin bəzilərinin ərazilərinin işğal edilməsi, Suriyada, Yəməndə qətliamların törədilməsinə son qoyulmalıdır, bu sahədə cəhdlərin qarşısı vaxtında alınmalıdır. İran zorakılıq və ekstremizmə qarşı birgə fəaliyyət təklif edir". Türkiyənin Azərbaycandakı müvəqqəti işlər vəkili Meral Barlas isə KİV-lərin məsuliyyətli olmasını zəruri sayıb: "Türkiyə və Azərbaycan mediası arasında sıx əlaqə var. Günümüzdə birtərəfli yayıma üstünlük verən Qərb mediası var. Dağlıq Qarabağ, Kipr kimi problemlər də beynəlxalq ictimaiyyətə yanlış şəkildə çatdırılır. Bu baxımdan müvafiq platformaların yaradılmasını dəstəkləyirik. Konfransa uğurlar arzulayıram". İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bəy Fananie KİV-in demokratiyanın onurğa sütunu olduğunu vurğulayıb: "İslamla bağlı mənfi səpkidə bir çox fikirlər səsləndirilir. Xüsusən Qərb ölkələri İndoneziyaya baxanda, İslamın alternativ formasını görürlər. İndoneziya dünyanın müsəlmanlar yaşayan ən böyük məmləkətidir, yeni və demokratik dəyərlər sistemində yaşayır. Biz İslamın ölkələrə yardım və töhfə verdiyini görürük. Bu gün İndoneziya dünyanın 20 ən nəhəng ölkəsi sırasındadır, Çin və Hindistandan sonra ən sürətli inkişafa malik ölkədir. Yaxın vaxtlarda İndoneziya Böyük Britaniya və Kanadanı ümumdaxili məhsulun həcminə görə keçəcək. İndoneziya və Azərbaycan bir-birini dəstəkləyir. İndoneziya radikalizm səylərini neytrallaşdıraraq mülayim mövqedən çıxış edir. Cənubi Qafqazın ən böyük iqtisadi sistemi olan Azərbaycanla İndoneziya arasında əlaqələri inkişaf etdirməliyik". İranqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil Əl-Şübeyli isə terroru dəstəkləyən ölkələrin dünyada İslam haqqında rəyi dəyişdirdiyini vurğulayıb: "İslam tolerantlığı təbliğ edir. Azərbaycan da tolerant bir ölkədir və Roma Papası Fransiskin səfəri bunun nümunəsidir. İnformasiya məsələsinə xüsusi diqqət yetirməliyik. İnformasiya mədəniyyətin təbliğində əsas rol oynayır".
Sonra İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov: "İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaranma zərurəti, məqsəd və vəzifələri", "İrşad" Dini Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev "Dünyada İslamafob meyillərin artması və islam ölkələrinə tətbiq edilən ikili standartlara qarşı mübarizədə jurnalistlərin rolu" mövzusunda məruzə ilə çıxış ediblər. Xarici jurnalistlərin təqdimatında Dağlıq Qarabağa həsr olunmuş kitabların təqdimatından sonra İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Bakı Konfransının iştirakçıları Bəyanat qəbul ediblər.
Alim