Kamal Abdulla: “Bakı Forumunun iştirakçı ölkələrinin sırası genişləndiriləcək”
V Bakı Humanitar Forumu çərçivəsində “Müxtəlif mədəni təcrübələrin tolerant birgəyaşayış siyasətinin formalaşmasında və multikulturalizm ideyalarının həyata keçirilməsində dünya dinlərinin tarixi rolu” mövzusunda tədbir keçirilib.
30 Sentyabr 2016 18:32 SiyasətV Bakı Humanitar Forumu çərçivəsində "Müxtəlif mədəni təcrübələrin tolerant birgəyaşayış siyasətinin formalaşmasında və multikulturalizm ideyalarının həyata keçirilməsində dünya dinlərinin tarixi rolu" mövzusunda tədbir keçirilib.
APA-nın məlumatına görə, Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı forumun əhəmiyyətindən danışıb, Azərbaycanın multikultural mədəniyyətə verdiyi dəyərin böyük olduğunu diqqətə çatdırıb. Komitə sədri bildirib ki, bu sahədə Azərbaycan nümunə və örnək rolunu oynayan ölkələrdəndir: "Azərbaycanda bütün dinlər və məzhəblər dinc və sülh şəraitində yaşaya bilir. Deməli, bunu yaymaq, təbliğ etmək mümkündür. Bunu yaymaq üçün isə bu cür forumların böyük rolu var. Bu forum yalnız multikultural, tolerant dəyərləri həll etmir. Bu, Bakı prosesidir, proses davamlı olacaq".
İclasda Bakı Avropa Yəhudiləri sinaqoqunun ravvini Şneor Seqalin "İdentikliyini itirmədən tolerantlıq və birgəyaşayış", ABŞ-ın Kaliforniya ştatının Xristian Lüteran kilsəsinin yepiskopu Xuan Karlos Mendez "Fərdi təcrübənin model kimi istifadə olunması", Dransi Məscidinin imamı və Fransa İmamları Konfransının sədri Hassen Şalqumi "İslam və digər dinlərə qarşı tolerantlıq", Moskva Patriarxlarının xarici kilsə əlaqələri şöbəsinin dinlərarası məsələlər üzrə katibi Dmitri Safonov "Keçmiş Sovet İttifaqı ərazisində ənənəvi dinlərin sülhməramlı rolu: tarixdə və bu gün", Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşein "Müasir dünyada Azərbaycan multikulturalizmi modeli", Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete "Azərbaycan katolik kilsəsinin gündəlik həyatı: multikulturalizm nəzəriyyəsi təcrübədə", Azərbaycandakı Gürcü Yəhudiləri dini icmasının sədri Abiq Çaruxçev "Gürcü yəhudiləri və Azərbaycan multikulturalizmi", Hindistan İsam Mədəniyyəti Mərkəzinin direktoru Zikrur Rəhman "Hindistan: Multukulturalizm beşiyi" mövzusunda çıxış ediblər.
Yazıçı Oljas Süleymenov tədbirdə tolerantlığın əhəmiyyətindən, dünyada sülh ideyasının bərqərar olunmasındakı rolundan danışıb.
Dövlət müşaviri Kamal Abdulla qeyd edib ki, gələcəkdə Bakı Forumunun iştirakçı ölkələrinin sırası daha da genişləndiriləcək: "Mərhəmət, şəfqət hisslərini insanların bir-birinə ötürməsi hansısa Bəyannamə ilə həll olunmur. Ümid edirəm ki, bu forum insanlar arasındakı münasibətlərin doğmalaşmasına öz töhfəsini verəcək. Gələcəkdə bu foruma qoşulan ölkələrin sayının daha da artacağına inandığımı bildirirəm. Bütün iştirakçı ölkələrin təmsilçilərinə, Azərbaycana təşrif gətirən alimlərə, din xadimlərinə təşəkkür edirəm ki, öz fikirlərini bizimlə bölüşdülər, müzakirələrə qoşuldular".
Tədbir bununla da işini yekunlaşdırıb.