Azərbaycan dünyadakı mövcud humanitar problemlərin aradan qaldırılmasına ən çox töhfə verən ölkələrdəndir
Bu günlərdə Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi edir. Belə ki, Bakıda sayca beşinci Beynəlxalq Humanitar Forum keçirilir. 2010-cu ildən ənənəvi olaraq keçirilən bu forumda müzakirə edilən məsələlər əsasən müasir dünyamızı narahat edən problemlər olur.
30 Sentyabr 2016 12:55 SiyasətBahar Muradova: "Azərbaycanın ədalətli mövqeyinin müdafiə olunması üçün parlamentarilərə müraciət olunacaq".
Bu günlərdə Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi edir. Belə ki, Bakıda sayca beşinci Beynəlxalq Humanitar Forum keçirilir. 2010-cu ildən ənənəvi olaraq keçirilən bu forumda müzakirə edilən məsələlər əsasən müasir dünyamızı narahat edən problemlər olur. Foruma hər il Azərbaycanın evsahibliyi etməsi də mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, Dağlıq Qarabağ probleminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından forum önəmli hadisə kimi dəyərləndirilir. Elə Milli Məclisin vitse-spikeri Bahar Muradova da bu qənaətdədir. O, bildirib ki, Azərbaycan bu kimi tədbirlərə evsahibliyi etməklə dünyanın diqqətini hər zaman özünə cəlb edir: "Bu bir faktdır ki, Azərbaycan ildən-ilə, gündən-günə dünya ictimaiyyətinin diqqətini özünə cəlb edən mühüm tədbirlərə evsahibliyi edir. Bunun da bir çox səbəbləri var. İlk növbədə ona görə ki, Azərbaycan dünyadakı mövcud ictimai-siyasi vəziyyətə və humanitar duruma öz baxışı ilə seçilən ölkədir. Azərbaycan təkcə vəziyyətin gərginliyini vurğulamır, eyni zamanda bu gərginliyi aradan qaldıran addımlar atılması üçün təşkilatçı, təşəbbüskar rolunda çıxış edir. Təsadüfi deyil ki, bu gün artıq Azərbaycanda V Beynəlxalq Humanitar Forum keçirilir və getdikcə daha çox ölkədən daha çox sayda insanlar həmin forumda iştirak edirlər. Bu gün dünyanı narahat edən humanitar, sosial, hərbi-siyasi, iqtisadi problemlərin müzakirə olunması üçün çox gözəl bir imkan qazanılır. Eyni zamanda bu tədbirin Azərbaycanda keçirilməsinin də bir özünəməxsusluğu var. Çünki Azərbaycan belə bir tədbirə evsahibliyi etmək üçün bütün imkanlara malikdir. Azərbaycan özü humanitar fəlakətlə üz-üzə qalmış olsa belə, dünyadakı mövcud humanitar problemlərin aradan qaldırılmasına ən çox töhfə verən ölkələrdən biridir. Ona görə də düşünürəm ki, bu forum zamanı dünyanı narahat edən bir çox məsələlər iştirakçıların müzakirə predmetinə çevriləcək". Bahar Muradova qeyd edib ki, Dağlıq Qarabağ problemi də forum iştirakçılarının əsas müzakirə edəcəyi məsələlərdən biri olacaq: "Çünki Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev forumdakı çıxışının bir hissəsini Azərbaycanın üzləşdiyi təcavüz faktına həsr etdi və hər zaman olduğu kimi bu dəfə də iştirakçılara problem ətrafındakı vəziyyətə dair müfəssəl məlumat verdi. Həmçinin dövlət başçısı mövcud vəziyyətin qəbuledilməzliyini bir daha onların diqqətinə çatdırdı. Status-kvonun uzanmasının qəbuledilməz olduğu bir daha diqqətə çatdırıldı. Prezident nəinki Dağlıq Qarabağ problemi, eləcə də dünyada mövcud olan bu cür münaqişələrin aradan qaldırlmasının vacibliyini bildirdi. Təsadüfi deyil ki, iştirakçıların çıxışlarında da bu səsləndi. Güman etmək olar ki, konfliktlər, həlli uzadılmış münaqişələr, o cümlədən Dağlıq Qarabağ problemi forum iştirakçılarının fəal şəkildə müzakirə edəcəyi məsələlərdən biri olacaq ".
Vitse-spiker ATƏT Parlament Assambleyasına yeni prezidentin seçilməsi və bunun Azərbaycanla münasibətlərə mümkün təsirləri barədə də fikirlərini bildirib. Bahar Muradova ATƏT PA-nın növbəti iclaslarından birində Dağlıq Qarabağ problemi ilə bağlı məsələnin müzakirə edilib-edilməyəcəyi məsələsinə də aydınlıq gətirib: "ATƏT Parlamemt Assambleyasına kimin prezident seçilməsindən asılı olmayaraq Azərbaycanla bu təşkilatın uzun illərə söykənən münasibətləri var və biz bu münasibətlərin ardıcıl şəkildə, dinamik olaraq inkişaf etməsində maraqlıyıq. Azərbaycan ATƏT dəyərlərinə ən çox töhfə verən ölkələrdəndir. Amma, əlbəttə ki, biz ATƏT-dən, bu qurumun Parlament Assambleyasından onun bir təşkilat olaraq mandatına daxil olan məsələlərin, problemlərin həllində iştirak və gözləntilərimizlə yanaşı, bizim üzləşdiyimiz əsas problem olan Dağlıq Qarabağ problemi ilə əlaqədar ciddi addımlar gözləyirik. Ona görə də təsadüfi deyil ki, ATƏT Parlament Assambleyasının bütün tədbirlərində, sessiyalarında bu məsələ müzakirə predmeti olur və artıq nümayəndə heyəti də qurumun payız sessiyasında iştirak etmək üçün Makedoniyaya yola düşüb. Bu dəfə məhdud sayda nümayəndələrimiz sessiyada iştirakm edəcək. Amma buna baxmayaraq orada da sözügedən məsələ müzakirə predmeti olacaq. Aprel hadisələrindən sonra danışıqların gedişində müəyyən irəliləyişlərin baş verəcəyinə inam formalaşmasına baxmayaraq, ondan sonra keçən müddətdəki Ermənistanın qeyri-konstruktiv mövqeyi bir daha iştirakçıların diqqətinə çatdırılacaq və Azərbaycanın ədalətli mövqeyinin müdafiə olunması üçün parlamentarilərə müraciət olunacaq".
S.İsmayılbəyli