67 ildən sonra bir ilkə imza atıldı
Bu günlərdə Türkiyədə Türk dünyası, xüsusilə Azərbaycan üçün mühüm əhəmiyyətə malik bir hadisə baş verib. Belə ki, Bakının erməni-bolşevik birləşmələrindən təmizlənməsində misilsiz xidmətləri olan Türk generalı Nuru Paşa üçün 67 ildən sonra ilk dəfə cənazə namazı qılınıb və onun məzarı abadlaşdırılıb. Bu məqsədlə qardaş ölkədə keçirilən izdihamlı mərasimdə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Məlumat üçün qeyd edək ki, İstanbulun Ədirnəqapı məzarlığında Nuru Paşanın (Nuri Killigil) və 27 iş yoldaşının dəfn edildiyi məzarlar xeyriyyəçi iş adamı Zəki Yılmaz tərəfindən bərpa edilib. Əvvəlcə, Nuru Paşa üçün cənazə namazı qılınıb.
30 Sentyabr 2016 12:39 SiyasətQənirə Paşayeva: "İstər Bakıdakı şəhidlik, istərsə də Nuru Paşanın buradakı məzarı bizim üçün çox dəyərlidir"
"Biz bu dəyərlərə müştərək şəkildə sahib çıxsaq, gələcəyə birgə addımlayacağıq"
Bu günlərdə Türkiyədə Türk dünyası, xüsusilə Azərbaycan üçün mühüm əhəmiyyətə malik bir hadisə baş verib. Belə ki, Bakının erməni-bolşevik birləşmələrindən təmizlənməsində misilsiz xidmətləri olan Türk generalı Nuru Paşa üçün 67 ildən sonra ilk dəfə cənazə namazı qılınıb və onun məzarı abadlaşdırılıb. Bu məqsədlə qardaş ölkədə keçirilən izdihamlı mərasimdə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Məlumat üçün qeyd edək ki, İstanbulun Ədirnəqapı məzarlığında Nuru Paşanın (Nuri Killigil) və 27 iş yoldaşının dəfn edildiyi məzarlar xeyriyyəçi iş adamı Zəki Yılmaz tərəfindən bərpa edilib. Əvvəlcə, Nuru Paşa üçün cənazə namazı qılınıb. Türkiyədən və Kiligil ailəsinin vətəni olan Kastamonu vilayətinin Bozkurt qəsəbəsindən, eləcə də Bakıdakı şəhidlikdən götürülmüş torpaqlar Nuru Paşanın məzarına səpilib.
Anım mərasimində çıxış edən İstanbul Metropol Bələdiyyəsi muzeylər və kitabxanalar müdiri Ramazan Mindər deyib ki, "Türklük öz tarixinin önəmli günlərindən birini yaşayır: "Qafaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarının yenidən qurulması və keçirdiyimiz bu mərasim iki ölkə arasındakı qardaşlıq duyğularının daha da güclənməsinə xidmət edəcək. Biz müştərək keçmişimizi öyrəndikcə orada bu günümüz üçün lap çox ortaq nöqtələr tapacaq, bir-birimizə daha çox sarılaraq gələcəyə doğru daha inamlı şəkildə irəliləyəcəyik". Şərqin ilk cümhuriyyətinin ilk hökumətinin baş naziri Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Kərim Məhmətzadə isə deyib ki, nəslimiz Gəncəni qəhrəmancasına müdafiə etmiş Cavad xanın sülaləsindən gəlir: "Anamın doğma əmisi Fətəli xan ilk milli hökumətimizin baş naziri olub. 3 hökuməti əmim qurub. Milli dövlətimiz işğalçılar tərəfindən süquta uğradılandan sonra əmimi ermənilər Tiflisdə qətlə yetiriblər. Nuru Paşa ilə babam Hüseynqulu xanın yaxın əlaqələri olub, uşaq olanda babamın evində toplandıqlarını xatırlayıram. Nuru Paşanın Yıldız səmtində iqamətgahı vardı, babam da onlara tez-tez gedərdi. Mərhum anamın Nuru Paşa barədə çox xatirəsi vardı. Nuru Paşanın əsgərləri Gəncəyə gedəndə onları babamın komandalığı altındakı zabitlər qarşılayıb. Bakının azad edilməsində Nuru Paşanın ordusuna babamın komandanlığı altındakı əsgər və zabitlər dəstək verib. Bu, bizim üçün şərəfli tarixdir, duyğulanıram.Bu mərasimə gələnlərə ürəkdən təşəkkür edirəm".
"Nuri Killigil" kitabının müəllifi Atilla Oral əsərin üzərində 17 il çalışdığını, Nuru Paşanın həyatının yeni səhifələrini açdıqca onun nə qədər böyük adam olduğunu gördüyünü bildirib. Atilla Oral, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın simvollarından birinin Nuri Killigil olduğunu vurğulayıb. Atilla Oral qeyd edib ki,hazırda üzərində işlədiyi yeni kitabında Nuru Paşanın Qafqaz İslam Ordusunun komutanı kimi Azərbaycandakı fəaliyyətinə daha geniş yer ayıracaq.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov da Nuru Paşanın tarixi rolundan danışıb, onun hər iki ölkənin tarixində önəmli yer tutduğunu vurğulayıb: "Bir neçə il əvvələdək Nuru Paşanın fəaliyyəti ilə bağlı toplumda çox az məlumatlar var idi. Neçə illərdir ki, Azərbaycan və Türkiyə cəmiyyətinin aktiv təbəqəsi olaraq apardığımız fəaliyyətlər nəticəsində hər iki ölkədə Qafqaz İslam Ordusunun komutanı Nuru Paşa haqqında tam dolğun məlumatlar formalaşıb. Artıq bu əfsanə qəhramanı hər kəs tanıyır və onun adının əbədiləşdirilməsini istəyirlər. Biz tariximizə nəzər salanda görürük ki, erməni-daşnak birləşmələrindən xalqımızın xilas olunmasında Nuru Paşanın əvəzsiz xidmətləri olub. Biz erməni vandalizmindən xilas olduğumuza görə həm də onlara borcluyuq və onun adının əbədiləşdirilməsi gələcək nəsillərə örnək olmaq üçün əsl nümunə olardı". Millət vəkili Qənirə Paşayeva isə Bakıdakı Türk şəhidliyindən danışıb. O bildirib ki, Azərbaycan müstəqil olandan sonra ulu öndər Heydər Əliyev Bakıda Türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün şəhidlik tikdirib: "İstər Bakıdakı şəhidlik, istərsə də Nuru Paşanın buradakı məzarı bizim üçün çox dəyərlidir. Biz bu dəyərlərə müştərək şəkildə sahib çıxsaq, gələcəyə birgə addımlayacağıq. Birlikdə olsaq, öhdəsindən gələ bilməyəcəyimiz heç bir iş olmayacağı kimi, bizi məğlub edəcək heç bir qüvvə də olmayacaq". Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənvər Əroğan Killigil ailəsinin tarixi barədə məlumat verəndən sonra babasının və ulu əmisinin adlarını daima ən yüksəkdə tutmaqdan şərəf duyduqlarını vurğulayıb. Arzu Ənvər Əroğan, bundan sonrakı mərhələdə babasının və ulu əmisinin Türkiyədə daha yaxşı tanıdılması üçün çalışmağa davam edəcəklərini vurğulayıb. İş adamı Zəki Yılmaz isə bu işi sevərək gördüyünü, adının açıqlanmasını belə istəmədiyini bildirib. Tədbirdə Türkiyə və Azərbaycanın ictimai xadimləri, aydınları ilə yanaşı Türk dünyasının bir çox QHT və ziyalıları da qatılıb.
Qeyd edək ki, sözügedən tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri-Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayılov, "Şərq" qəzetinin baş redaktoru, araşdırmaşı-yazar Akif Aşırlı, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin başkanı Səfər Karakoyunlu böyük mütəfəkkir və Turançı Əli bəy Hüseynzadənin 95 yaşlı qızı Feyzaver Alpsarı ziyarət ediblər. Görüş zamanı Azərbaycandan ziyarətçilərinin olmasını atasına göstərilmiş böyük diqqət olduğunu qeyd edən Feyzaver Alpsarı bildirib ki, Əli bəy Hüseynzadəyə aid olan bütün əsərləri və şəxsi əşyalarını Azərbaycana hədiyyə edib:"Bu otaqda gördükləriniz atamın əsərlərinin sadəcə fotokopiləridir. Bütün orjinal sənədləri Azərbaycan dövlətinə hədiyyə etmişəm". Görüşdə ATXƏM sədri İlham İsmayılov Feyzaver Alpsarını Azərbaycana dəvət edib. Feyzaver Alpsarı səhhəti ilə bağlı problem olduğunu, lakin həkimlərin icazə verəcəyi təqdirdə belə bir səfərin reallaşmasından da çox məmnun olacağını bildirib.
Süleyman