Azərbaycandan daha bir nümunə

Sentyabrın 26-da Azərbaycan seçiciləri həm ölkənin, həm də özlərinin gələcək həyatlarını müsbətə doğru dəyişəcək daha bir seçkidə aktiv iştirak edərək öz mövqelərini ortaya qoydular. Söhbət sentyabrın 26-da ölkə üzrə keçirilən ümumxalq səsverməsi-referendumdan gedir.

Konstitusiya dəyişikliklərinə xalq öz münasibətini bildirdi

Sentyabrın 26-da Azərbaycan seçiciləri həm ölkənin, həm də özlərinin gələcək həyatlarını müsbətə doğru dəyişəcək daha bir seçkidə aktiv iştirak edərək öz mövqelərini ortaya qoydular. Söhbət sentyabrın 26-da ölkə üzrə keçirilən ümumxalq səsverməsi-referendumdan gedir. Məlumat üçün qeyd edək ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrin 12-də keçirilən ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi əsas qanunlarından sayılır. Bununla belə zamanın tələbindən irəli gələrək, eyni zamanda bir sıra mühüm hüquqi normalara konstitusion status vermək üçün 2002-ci il avqustun 24-də ümumxalq səsverməsi-referendum keçirilib, Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31dəyişiklik və əlavələr olunub. Məlumat üçün bildirək ki, həmin referendum nəticəsində proporsional seçki sistemi ləğv edilib, müstəsna hallarda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin Milli Məclisin sədrinə deyil, Baş nazirə keçməsi proseduru təsdiqlənib, prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu ilə hesablanması qaydası müəyyənləşib, eyni zamanda hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsi, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiya məhkəməsinə verilməsi, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması və s. kimi prinsipial məsələlər hüquqi həllini tapıb. 2009-cu il martın 18-də ümumxalq səsverməsinə çıxarılan Referendum Aktının layihəsində isə 29 maddə üzrə 41 dəyişiklik və əlavənin edilməsi təklif olunmuşdu. Bu dəyişikliklərdən 17-si maddələrə yeni hissələrin və ya bəndlərin əlavə edilməsi, 7-si maddələrdə sözlərin əvəz edilməsi, 7-si maddələrə yeni sözün və ya sözlərin əlavə olunması, 6-sı maddələrə yeni cümlələrin əlavə olunması, 2-si maddələrin yeni redaksiyada verilməsi, 1-i isə maddədən sözün çıxarılması ilə bağlı idi. Ümumiyyətlə, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan ötən müddət ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması, xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində mütərəqqi addımlar atılıb. Lakin dünya düzənində cərəryan edən proseslər, yeni inkişaf tendensiyaları və onların meydana çıxardığı tələblər, ən əsası isə 2009-cu ildə həyata keçirilmiş konstitusiya islahatından sonra Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş köklü dəyişikliklər növbəti dəfə ölkəmizin Əsas Qanuna bəzi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirib. Elə bu tələbat və zərurəti yaxından dərk edən ölkə vətəndaşları da sentyabrın 26-da Azərbaycan Konstitusiyasına əlavə və

dəyişiklıklər məqsədilə keçirilən ümumxalq səsverməsi, referendumda aktiv iştirak ediblər. Səsvermə müddətində müşahidə apardığımız bir neçə seçki məntəqəsində bunun əyani şahidi olduq.

29 saylı Səbail seçki dairəsinin bir neçə məntəqəsində apardığımız müşahidələr belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, 30 seçki məntəqəsinin mövcud olduğu 29 saylı Səbail seçki dairəsi üzrə ümumilikdə 38727 seçici var. Səsvermə müddətində 16, 17, 18, 19 saylı seçki məntəqlərində müşahidə edilən seçici fəallığı vətəndaşların nizamlı olaraq seçki məntəqələrinə baş çəkməsi səsvermə prosesinin uğurla baş tutduğundan xəbər verirdi. Hər bir seçki məntəqəsində Referendum Aktı layihəsi asılıb ki, səsverməyə gələn seçicilər prosesdən öncə konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bir daha tanış olmaq imkanı əldə edirlər. Həmçinin məntəqə seçki komissiyalarının hər birində seçici siyahıları da asılıb. Hər bir seçici məntəqədə müvafiq prosedurlardan keçdikdən sonra səsvermə otağına daxil olaraq öz seçimini edir. Onu da qeyd etmək yerinə düşər ki, səsvermə prosesində şəffaflığın təmin olunması məqsədilə bir sıra seçki məntəqələrində veb-kameralar da quraşdırılıb. Seçki dairəsinə daxil olan bir neçə seçki məntəqəsində səsvermənin gedişini yerli və müxtəlif ölkələri təmsil edən beynəlxalq müşahidəçilər, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri də izləyiblər".

29 saylı Sabil seçki dairəsinin 16 saylı seçki məntəqəsində də səhər saatlarından seçici fəallığı müşahidə edilib. Məntəqə seçki komissiyasının sədri Fərhad İsmayılov bildirib ki, məntəqə ərazisində seçici siyahıları üzrə 1407 seçici var. Səsvermə prosesinin obyektiv və şəffaf şəkildə təmin olduğunu deyən məntəqə sədri istər yerli, istərsə də xarici kütləvi informasiya vasitələrinin seçki prosesini normal müşahidə etməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb: "Həmçinin səsvermə prosesini yerli müşahidəçilər də yaxından izləyirlər. Təxminən 10 nəfərə yaxın yerli müşahidəçi səsvermə prosesini müşahidə edir. Onların içərisində həm hakim Yeni Azərbaycan Partiyası, həm də müxalifət partiyalarından olan nümayəndələr var. Eyni zamanda müstəqil müşahidəçilər də seçki prosesini yaxından izləyirlər. Ümumiyyətlə, məntəqədə ümumxalq səsverməsi demokratik və şəffaf şəraitdə davam edir". Fərhad İsmayılov onu da qeyd edib ki, komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqədə hər cür şərait yaradılıb. Daşınan seçki qutularına gəlincə 16 saylı seçki məntəqəsində daşınan seçki qutularından istifadə edilmədiyini diqqətə çatdırıb. Fərhad İsmayılov hər hansı bir seçicidən bu barədə müraciət olmadığı üçün məntəqəyə daşınan seçki qutuları ayrılmayıb:

18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə isə 32 məntəqə mövcuddur. Ümumilikdə bu seçki dairəsində olan seçicilərin sayı 42963 nəfər təşkil edir. Müşahidə apardığımız 30 saylı məntəqədə üzrə isə 1410 nəfər seçici var. Ümumilikdə, 18 saylı Nərimanov-Nizami seçki dairəsinə daxil olan seçki məntəqlərində də səsvermə prosesinin şəffaf və ədalətli keçməsi üçün hər bir şərait

yaradılıb. Buradakı seçki məntəqələrinin də əksəriyyətində veb-kameralar var və səsvermə prosesinə gələn seçicilər heç bir müdaxilə görmədən, kənar təsirlərlə üzləşmədən öz səsvermə hüquqlarından istifadə edirlər. 30 saylı seçki məntəqəsində səsvermə prosesini müşahidə edən Novruz İsmayılov deyib ki, heç bir qanun pozuntusu, seçicilərə müdaxilə hallarına rast gəlinməyib: "Mən özüm hakim Yeni Azərbaycan Partiyasından müşahidəçiyəm. Mənimlə bərabər müxalifət partiyalarından olan müşahidəçilər də səsvermə prosesini yaxından izləyirlər. "Şəxsən mənim müşahidə apardığım seçki məntəqəsində seçki prosesini izləyən hər bir müşahidəçi etioraf edə bilər ki, səsvermə prosesi kifayət qədər obyektiv, şəffaf və ədalətli keçirilir. Həmçinin digər seçki məntəqələri üzrə də eyni sözü demək olar. Səsvermə prosesində heç bir kənar müdaxilə, seçiciyə təsir elementləri ola bilməz və belə bir hal qeydə alınmayıb". Novruz İsmayılov seçki məntəqəsində bütün texniki prosedurların yüksək səviyyədə həll olunduğunu, seçicilər üçün hər bir şərait yaradıldığını deyib: "Seçki məntəqəsinin girişinə Referenbdum Aktının layihəsi asılıb. Səs verməyə gələn hər bir seçici əvvəlcə konstitusiyaya ediləcək əlavə və dəyişikliklər tanış ola bilir. Həmçinin məntəqənin girişində seçiciların ad və soyadını özündə əks etdirən lövhə də vurulub. Heç bir kənar müdaxilə olmadan seçicilər məntəqəyə gələrək öz seçimlərini edir, ümumxalq səsverməsində yaxından iştirak edirlər".

Ümumilikdə, ölkənin mənzərəsinə və konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı baş tutan ümumxalq səsverməsinin gedişinə nəzər yetirdikdə aydın şəkildə onu müşahidə etmək mümkündür ki, həm ayrı-ayrı dövlətlər, həm də xarici mətbuat Azərbaycanda keçirilən ümumxalq səsverməsinə böyük diqqət göstərib. Hər halda xarici televiziya kanalları, mətbuatda, internetdə verilən materiallarda sentyabrın 26-da keçirilən referendumun yüksək qiymətləndirilməsi belə deməyə əsas verir. Bir sözlə tam əminliklə deyə bilərik ki, 2016-cı il sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum demokratik, şəffaf və seçicilərin yüksək fəallığı şəraitində keçirilib. Beynəlxalq və yerli müşahidəçilər də məhz seçicilərin yüksək fəallığını xüsusi qeyd ediblər. Bundan başqa referendumun qanunauyğun və yüksək səviyyəli təşkili, Mərkəzi Seçki Komissiyasının, Seçki İnformasiya Mərkəzinin, dairə və məntəqə komissiyalarının fəaliyyəti barədə müsbət fikirlərin bildirilməsi prosesin beynəlxalq standartlara uyğun təşkil olunduğunu, səsvermənin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntusuna rast gəlinmədiyini söyləməyə əsas verir. Elə səsvermə müddəti ərzində müşahidə missiyalarının kütləvi informasiya vasitələrinə verdikləri açıqlamalar, təşkil etdikləri mətbuat konfranslarından bunu aydın görmək mümkündür. Əksər beynəlxalq müşahidəçilər 26 sentyabr referendumunun demokratik və beynəlxalq standartlara keçirildiyini təsdiq ediblər. Bununla da xaricdən idarə olunan "5-ci kolon"un faktları təhrif etməklə seçkilərin guya saxtalaşdırıldığı barədə ictimai rəy formalaşdırmağa yönəlik daha bir cəhdi uğursuzluğa düçar olub. Nəticə etibarilə heç bir əsası olmayan qərəzli xəbərlər, dezinformasiyalar, irəli sürülən iddiaların heç bir öz təsdiqini tapmayıb.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31