Dövlət və vətəndaş münasibətlərində yeni mərhələyə keçid
Sentyabrın 26-da ölkədə keçiriləcək ümumxalq səsverməsinə sayılı günlər qalır. Referendumun təbliğat-təşviqat mərhələsi çərçivəsində müxtəlif təşəbbüs qrupları tərəfindən keçirilən görüşlərdə ölkənin Ana qanununa ediləcək dəyişikliklərin dövlətçilik, milli maraqlar, eləcə də ölkəmizin gələcək inkişafı, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması baxımından əhəmiyyəti seçicilərin diqqətinə çatdırılıb.
21 Sentyabr 2016 13:20 SiyasətSentyabrın 26-da ölkədə keçiriləcək ümumxalq səsverməsinə sayılı günlər qalır. Referendumun təbliğat-təşviqat mərhələsi çərçivəsində müxtəlif təşəbbüs qrupları tərəfindən keçirilən görüşlərdə ölkənin Ana qanununa ediləcək dəyişikliklərin dövlətçilik, milli maraqlar, eləcə də ölkəmizin gələcək inkişafı, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması baxımından əhəmiyyəti seçicilərin diqqətinə çatdırılıb.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov konstitusiyaya ediləcək əlavə və dəyişiklikləri şərh edərkən "OLAYLAR"-a bildirib ki, konstitusiyaya təklif edilən əlavə və düzəlişlər insan və vətəndaş hüquq və azadlıqlarının möhkəmləndirilməsi ilə yanaşı, dövlət və vətəndaş münasibətlərində də yeni mərhələyə keçid rolunu oynayır. Onun sözlərinə nəzərdə tutulan hər bir dəyişiklik mühüm əhəmiyyət kəsb edir: "Konstitusiyaya təklif olunan 27-ci dəyişikliyə diqqət yetirək. Təklif edilən 27-ci dəyişiklik 121-ci Maddə ilə bağlıdır. Bu maddə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər" adlanır. 121-ci maddə 2 hissədən ibarətdir. Referendum Aktının layihəsində təklif olunan düzəlişlərə əsasən, 121-ci maddənin mətni aşağıdakı redaksiyada verilir: "Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir". Bu dəyişikliklərin önəmi ondan ibarətdir ki, həmin düzəlişlə seçkili və ya təyinatlı vəzifələr üçün nəzərdə tutulmuş yaş senzi ləğv olunur. Yaş senzinin qoyulması həm xalqın namizəd seçimi imkanlarını, həm də fərdin seçilmək hüququnu məhdudlaşdırır. Bəzi dövlətlərin, misal üçün, Fransanın Konstitusiyasında ümumiyyətlə, heç bir vəzifə üçün yaş senzi müəyyən edilməyib. Ona görə də, bu düzəliş insan haqları və demokratik prinsiplərin genişləndirilməsinə xidmət edir. Yaxud konstitusiyaya təklif olunan 25-ci dəyişiklik. Referendum Aktının layihəsində təklif olunan düzəlişlərə əsasən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir. Yəni brinci vitse-prezident dövlət başçısından sonra ikinci şəxs olacaq. Təbii ki, ona müəyyən təminatların verilməsi zəruridir. Çünki, burada söhbət dövlətin ikinci vacib postundan gedir. Dövlətin ikinci şəxslərinə yüksək səviyyədə, bəzən birinci şəxsə yaxın təminatların veriməsi bütün dünyada yayılmış praktikadır". Əhməd Şahidov bildirib ki, Referendum Aktının layihəsində təklif olunan düzəlişlərdə Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı da əksini tapır: "Belə ki, səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun
barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər. Bu dəyişikliklərin önəmi ondan ibarətdir ki, müəyyən qrup dövlət məmurlarına immunitet (toxunulmazlıq) hüququ öz funksiyalarını daha effektiv yerinə yetirə bilmələri üçün lazımdır. Konstitusiyaya yeni əlavə edilən bu maddə vitse-prezidentlərə toxunulmazlıq təminatının verilməsini təklif edir. Göründüyü kimi, vitse-prezidentlər üçün nəzərdə tutulan toxunulmazlıq hüququ Milli Məclis üzvlərinin və Baş nazirin toxunulmazlıqları ilə eyni səviyyədədir. Son illərdə dünyada və qonşu ölkələrdə baş verən hadisələr göstərir ki, fors-major vəziyyətlərdən heç kim sığortalanmayıb. Belə hallar yaşandıqda ölkədə sabitliyi qorumaq üçün ilk növbədə icra hakimiyyətinin fəaliyyətində heç bir dayanma olmamalıdır. Başqa sözlə, bu dəyişiklik hakimiyyətin icraçı qolunun müasir dövrün çağırışlarına uyğunlaşdırılmasına xidmət edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir. Ümumiyyətlə, Azərbaycan üçün yeni olan vitse-prezidentlik institutunun yaradılması idarəçilik sisteminin təkmilləşdirilməsi məqsədi daşıyır. Bu, həmçinin ölkədə icra hakimiyyəti vertikalının gücləndirilməsi və möhkəmləndirilməsi, siyasi sistemin dayanıqlığının daha da artırılması zərurətindən irəli gəlir. Vitse-prezidentlik institutunun təsis edilməsi eyni zamanda, iqtisadi islahatların dairəsinin genişləndirilməsinə də xidmət edəcək. Bu ilin aprel ayında cəbhə xəttində baş verən hadisələr də göstərdi ki, belə institutun yaradılması zərurəti mövcuddur. Çünki, hansısa fors-major hal baş verərsə, ölkədə prezident hakimiyyətinin fəaliyyətinin davamlığı təmin olunacaq". Hüquq müdafiəçisi prezidentlik müddətinin 5 ildən 7 ilə qədər artırılmasının sda əhəmiyyətli olduğunu deyib. Qeyd edib ki, belə bir dəyişiklik həm siyasi, həm də iqtsadi baxımdan səmərəlidir: "Azərbaycanda hər 5 ildə 3 seçki keçirilir. Ona görə də, bu sıxlığı azaltmaq üçün, Prezidentin səlahiyyət müddətinin 7 ilə qaldırılması məntiqlidir. Bu praktika digər ölkələrdə də var - məsələn, İtaliya, Finlandiya, Avstriya, İsrail, İrlandiya, Rusiya, Meksika və digər ölkələrdə prezidentin səlahiyyət müddəti 5 ildən çoxdur. Onu da nəzərə almaq lazımdır ki, istənilən ölkədə seçki ərəfəsində ictimai-siyasi vəziyyət daha həssas olur, sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr adətən bu yöndə planlarını seçki ərəfəsində reallaşdırırlar. Ona görə, dünyada və bölgədə mövcud olan indiki şəraitdə seçkilərin çoxluğu hər bir ölkədə sabitliyin pozulması risklərini də artırır. Prezidentlik müddətinin artırılması isə əsas diqqətin iqtisadi inkişaf, sosial rifah ilə bağlı dövlət proqramlarına yönəldilməsinə imkan verəcək. Prezidentin səlahiyyət müddətinin ölkədəki demokratik vəziyyətə və demoktratik institutların fəaliyətinə təsiri yoxdur. Növbədənkənar prezident seçkiləri elan etmək məsələsinə gəlincə, bu, o deməkdir ki, prezidentin səlahiyyət müddəti uzadıldığına görə ona etimad votumu üçün müraciət imkanı da nəzərdə tutulur".
Süleyman İsmayılbəyli