120 dövlətin rəhbəri tərəfindən Sarkisyana tərs şillə
Azərbaycanın günü-gündən artan gücü onun dünya ölkələri sırasında nüfuzunun daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Artıq ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurların siyahısı genişlənməkdə davam edir.
20 Sentyabr 2016 14:26 SiyasətMünaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və BMT TŞ-nın qətnamələri əsasında həll edilməlidir
Azərbaycanın günü-gündən artan gücü onun dünya ölkələri sırasında nüfuzunun daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Artıq ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurların siyahısı genişlənməkdə davam edir. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əldə etdiyi uğurları tədqirəlayiq hesab etmək olar. Bu günlərdə Azərbaycan öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha bir uğura imza atıb. Belə ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının "İnkişaf naminə sülh, suverenlik və həmrəylik" devizi altında 13-18 sentyabr 2016-cı ildə Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin Yekun sənədi qəbul olunub. Yekun sənədə Ermənistan-Azərbaycan münaqişəsi, Dövlət və Hökumət Başçılarının 18-ci Sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi və BMT-nin Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı ildə Bakıda keçirilmiş 7-ci Qlobal Forumu ilə əlaqədar bəndlər daxil edilib.
Məlumat üçün qeyd edək ki, Qoşulmama Hərəkatının Marqarita Yekun Sənədinin layihəsində Azərbaycanın maraqlarını təmin edəcək bir sıra məqamlar əksini tapıb. Belə ki, sənəddə göstərilir ki, "Dövlət və Hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə etdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq etdilər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırdılar". Bu isə o deməkdir ki, Qoşulmama Hərəkatına daxil olan 120 dövlət birmənalı şəkildə təsdiq edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü və BMT TŞ-nın qətnamələri əsasında həll edilməlidir. Yəni, həmin dövlətlər Azərbaycanın ərazi bütövlüyünü, eləcə də beynəlxalq səviyyədə təsdiq olunmuş sərhədlərini tanıyır. Üstəlik BMT TŞ-nın münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin indiyədək icra olunmamasından təəssüf hissi keçirir. Xatırladaq ki, ölkəmiz müstəqillik əldə etdikdən dərhal sonra Ermənistan beynəlxalq hüququn fundamental norma və prinsiplərini açıq-aşkar pozaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20%-ni işğal edib, bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Nəticədə nə Ermənistanda, nə də Azərbaycanın işğal edilmiş ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmayıb. BMT Təşlükəsizlik Şurasının Ermənistanın təcavüzkar siyasətini pisləyən və Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icra edilmədiyi bir şəraitdə beynəlxalq ictimaiyyətin birmənalı mövqeyi oluqca önəmlidir. Bu baxımdan Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı Yekun Sənədi xüsusi əhəmiyyətə malikdir. Yeri gəlmişkən onu da qeyd edək ki, sözügedən sənəd Qoşulmama Hərəkatına üzv dövlətlərin zorakılıq, işğal, etnik təmizləmə və qaçqın və məcburi köçkünlərin insan hüquqlarının kobud şəkildə pozulması hallarına qarşı qəti mövqeyini əks etdirir. Sənəddə daha sonra ildirilir: "Dövlət və Hökumət başçıları Azərbaycan Respublikasının 2019-cu ildə Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət başçılarının 18-ci Sammitinə ev sahibliyi etməklə bağlı təklifini alqışladılar. Bu təklif Qoşulmama Hərəkatının Avropa regionundan olan üzv dövlətləri tərəfindən təsdiq olundu və təsbit üçün 17-18 sentyabr 2016-cı ildə Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilən 17-ci Qoşulmama Hərəkatı Sammitinə təqdim edildi". Məlumat üçün qeyd edək ki, Azərbaycan 3 ildən sonra daha bir möhtəşəm quruma- Qoşulmama Hərəkatına sədrlik edəcək. Daha dəqiq 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət başçılarının 19-cu Sammiti keçiriləcək. Bununla Avropa qitəsi Azərbaycanın təşəbbüsü ilə 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. Qoşulmama Hərəkatının Venesuela Zirvə Toplantısında Azərbaycanla əlaqədar qəbul edilmiş qərarda göstərilir ki, "Dövlət və Hökumət başçıları BMT Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı ildə Bakıda keçirilmiş 7-ci Qlobal Forumunu və bu Qlobal Forumda BMT-nin üzv dövlətləri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakını alqışladılar". Bu isə o deməkdir ki, artıq beynəlxalq təşkilatlar və həmin təşkilatlarda təmsil olunan çoxsaylı dövlətlər yaxşı bilirlər ki, Azərbaycan xalqlar arasında inkişaf etməkdə olan mədəniyyətlərarası dialoq, tolerantlıq və qarşılıqlı anlaşmaya da xüsusi əhəmiyyət verir. Məhz bu səbədən də 25-27 aprel 2016-cı ildə Azərbaycan BMT Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna ev sahibliyi etmişdir. Ölkəmizin bu istiqamətdə fəaliyyətinin davamlı olacağı şübhə doğurmur. Belə ki, Azərbaycan 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Azərbaycan bununla beynəlxalq ictimaiyyətə bir daha sübut edir ki, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də ondan kənarda mədəniyyətlər və dinlər arasında qarşılıqlı harmoniyanın təşviqinə davamlı xidməti dövlət siyasəti kimi müəyyən edib.
Nurlan