Millətə və dövlətə qənim kəsilənlər…
Azərbaycan müxalifətinin referendumöncəsi keçirmək istədiyi “aksiyalar” bu düşərgədə əməlli-başlı qalmaqala səbəb olub. Daha doğrusu, “mitinq siyasəti” müxalifətdə təmsil olunanların bir-birini “vurması” üçün göydəndüşmə fürsətə çevrilib.
20 Sentyabr 2016 12:58 SiyasətMaddi maraqlarının təmin olunması üçün xarici dairələrə satılıblar
Azərbaycan müxalifətinin referendumöncəsi keçirmək istədiyi "aksiyalar" bu düşərgədə əməlli-başlı qalmaqala səbəb olub. Daha doğrusu, "mitinq siyasəti" müxalifətdə təmsil olunanların bir-birini "vurması" üçün göydəndüşmə fürsətə çevrilib. Əslində bu taktika onsuz da yox olan müxalifətin can vermə məqamıdır ki, düşərgədə təmsil olunanlar bilərəkdən bu yolu seçiblər. Daha doğrusu, müxalifət çox gözəl anlayır ki, referendumdan sonra ölkədə aparılacaq islahatlar xalqın iqtidara inamını daha da artıracaq, dövlətə inamı daha möhkəmləndirəcək. Odur ki, referendumqabağı bütün imkanlardan yararlanmağa çalışırlar ki, maksimum qazanc əldə etsinlər. Təbii ki, burada söhbət siyasi kapitaldan deyil, maddi maraq və şəxsi ambisiyaların təmin olunmasından gedir ki, artıq radikal müxalifət bu yöndə fəaliyyətə start verib. İndi radikal müxalifətin qarşısında duran əsas məsələ kimin daha mütəşəkkil və kütləvi şəkildə aksiya keçirmək imkanının təqdim olunmasından ibarətdir. Burada "təqdim olunması" ifadəsini təsadüfi işlətmədim, çünki, müxalifət xarici havadarlarını inandırmaq üçün keçirdiyi tədbirlərin kütləviliyini əks etdirən sənədlər ortaya qoymalıdır. Lakin fakt ondan ibarətdir ki, mitinqin kütləviliyini təmin edə bilməyən Milli Şura və AXCP yenə də bunun səbəbini iqtidarda axtarır. Hansı ki, baş tutan mitinqlər rəsmi dövlət qurumları ilə razılaşdırılmış olub, üstəlik hüquq-mühafizə orqanları aksiya iştirakçılarının təhlükəsizliyini təmin edib. Belə halda ümid müxalif siyasi təşkilatların bir-birini didməsinə qalır. Baş verən proseslərin Azərbaycan dövləti və xalqı üçün təhlükəsi ondan ibarətdir ki, xarici qüvvələrin təsiri altına düşmüş bu kəsimlər nəyin bahasına olursa-olsun dövləti gözdən salmağa çalışırlar. Bunun üçün bütün mümkün üsullardan istifadə edir, istənilən anti-Azərbaycan dairələrinin sifarişlərini yerinə yetirməyə hazır olduqlarını bəyan edirlər. Görütü ondan ibarətdir ki, Azərbaycanın müstəqilliyindən əziyyət çəkən radikal müxalifət dövlətin kiminsə boyunduruğu altında yaşamasına hər cür yardım etməyə hazırdır. Gün kimi aydındır ki, bu qurumda təmsil olunanlar Azərbaycan qanunlarının əleyhinə gedərək, Azərbaycanın dövlətçiliyini, müstəqilliyini sarsıtmaq üçün, Azərbaycanda mövcud olan sabitliyi, əmin-amanlığı pozmaq üçün xarici dairələrdən göstəriş alırlar. Bu dairələrin isə xarici səfirliklər. və beynəlxalq qurumlardan ibarət olması sirr deyil.
Baş verən proseslərin təhlili deməyə əsas verir ki, radikal müxalifət maddi marağının təmin olunması üçün hətta bu düşərgədə təmsil olunanları zərbə altında qoymaqdan belə çəkinmir. Təsəvvür edin ki, Müsavat Partiyası mitinq təyin edir, Milli Şura bundan yararlanmaq və qabağa düşmək üçün aksiyanı həmin vaxtdan bir günə önə salır. Son məlumata görə, Milli Şura sentyabrın 24-də mitinq keçirmək fikrindən vaz keçib. Belə çıxır ki, Milli Şura Müsavatın nə vaxt mitinq keçirmək istəyindən xəbərsiz olub. Milli Şura hətta özünü xarici havadarlarının tənəsindən sığortalamaq üçün bu qərarı iqtidarın maneəçilik törətməsi ilə əlaqələndirməyə çalışıb. Artıq Milli Şuranın referendum ərəfəsi üçüncü mitinqi müxalifətin iki cinahının, Milli Şura və Müsavat Partiyasının tərəfdarları arasında sosial şəbəkələrdə polemikalara səbəb olub.
***
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, Azərbaycanda müxalifətin zəif olmasında iqtidarı günahlandırmaq və bunu hakimiyyətin minusu kimi də qəbul etmək səhv fikirdir. Azərbaycanda bu gün müxalifət ona görə zəifdir ki, hakimiyyət çox yaxşı işləyir". Partiya funksioneri bildirib ki, müxalifətin zəifliyini iqtidarla bağlamaq düzgün deyil. Deputat hesab edir ki, ölkədə ciddi sosial problemlər mövcud olanda müxalifət daha güclü olur: "Bu gün müxalifətin zəifliyini hakimiyyətin basqısı ilə əlaqələndirmək səhv fikirdir. Ölkədə sosial problemlər həll olunmayanda, ölkə iqtisadi cəhətdən zəifləyəndə, dövlət başqa ölkələrin təsiri altına düşəndə müxalifət güclü olur. Dünya tarixinə baxsaq, görərik ki, bu günə qədər Hindistanda, Pakistanda, keçmiş sovet məkanında, Şərqi və Qərbi Avropada belə, iqtidar ölkənin taleyüklü məsələlərini öz çiyinlərinə götürməyəndə müxalifət bunu tələb edir və çox güclü olur". Siyavuş Novruzov düşünür ki, 1990-cı illərdəki Azərbaycan hakimiyyəti müxalifətə uduzdu: "Azərbaycanda müxalifət yalnız 1990-cı illərdə, milli azadlıq hərəkatı zamanı meydanlarda güclü olub. O zaman Azərbaycandakı mövcud hakim siyasi rejim, hakimiyyət müxalifətin qarşısında dayana bilmədi, tab gətirmədi. Bu gün Azərbaycanda ölkənin bütün taleyüklü məsələ və problemlərini mövcud iqtidar öz üzərinə götürüb və bunları çox uğurla həll edir. Ölkə prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf etməkdədir. Bu gün Azərbaycan iqtisadiyyatı dünyanın ən inkişaf etmiş ölkələri ilə rəqabət apara biləcək səviyyədədir. Azərbaycanda ictimai-siyasi sabitik mövcuddur, sosial problemlər qaldırılır və öz həllini tapır. Təbii ki, bütün problemləri bir gündə həll etmək mümkün deyil. Bu gün Azərbaycan xalqı iqtidara etibar edir, inanır və bütün problemlər də öz həllini tapacaq". Deputat bildirib ki, Azərbaycanda olan icbari tibbi müayinə dünyanın heç bir ölkəsində yoxdur: "Bu gün Azərbaycanda məcburi tibbi müayinə sistemi var. Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Azərbaycanda dövlər ildə 2 dəfə insanları məcbur edir ki, get, tibbi yoxlamadan keç və görək ki, sənin nə xəstəliyin, nə dərdin var. Bu, dünyada heç yerində görünməyib. Hətta ABŞ və Norveçdə belə, əhalinin məcburi və icbari şəkildə tibbi yoxlanış yoxdur. Bu ölkələrdə heç kimi məcbur edə bilmərsən ki, get tibbi müayinədən keç. Çünki Avropanın inkişaf etmiş ölkələrində tibbi yoxlanışlar ödənişlidir, Azərbaycanda isə pulsuzdur. Azərbaycanda xalqın qədrini bilmək bununla ölçülür. Əvvəllər insanlar rayonlara şikayətə Bakıya gəlirdilər. Amma artıq bu gün ölkə başçısı nazirləri rayonlara xalqın yanına göndərir. Buna görə də Azərbaycanda müxalifət yoxdur. Əsas səbəb budur. Burada hakimiyyətdə günah axtarmaq və ya iqtidarı günahlandırmaq səhvdir. Azərbaycan hakimiyyəti və dövləti bu gün sosial və vacib əhəmiyyətli problemləri həll etdiyinə görə müxalifət yoxdur". Sonda qeyd edək ki, Milli Şura kimi qurumlar ötən illər ərzində heç nəyə nail olmadıqları kimi, bundan sonra da heç nəyə nail ola bilməyəcəklər. Çünki, qurumda təmsil olunanlar artıq etimadı itirmiş insanlardır. Onların keçirdiyi mitinqlər də, orada səsləndirilən fikirlər də çoxdan oxunmuş bayatılardır. Bu qeyri-milli toplum özünün bütün fəaliyyəti ilə sübut edir ki, bunlar nəyəsə nail olmaq üçün təkcə hakimiyyətə qarşı müxalif deyil, dövlətçiliyimizə, millətimizə, müstəqilliyimizə qarşı da müxalifdirlər.
Alim