Bakı-Təl-Əviv münasibətlərində yeni mərhələ
Son illər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, ölkəmizin bilavasitə iştirakı və təşəbbüsü ilə mühüm strateji layihələrin həyata keçirilməsi Bakıya olan marağı daha da artırıb. Məhz bu marağın göstəricisidir ki, nüfuzlu dünya dövlətləri Azərbaycanla ikitərəfli əməkdaşlığa can atır, maraq göstərirlər.
15 Sentyabr 2016 13:01 SiyasətMəhəmməd Əsədullazadə: "Ermənistanla müharibə şəraitində olan ölkəmiz üçün İsrailin hərbi imkanlarından yararlanmaq mütləqdi və hərbi arsenalımızın yüksək döyüş qabiliyyətinin formalaşmasında mühüm rol oynayır"
Əli Qənbərli: "İsrail baş nazirinin Azərbaycana gözlənilən səfəri iki ölkə arasında yeni əməkdaşlıq imkanlarının yaranması baxımından önəmli ola bilər"
Son illər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, ölkəmizin bilavasitə iştirakı və təşəbbüsü ilə mühüm strateji layihələrin həyata keçirilməsi Bakıya olan marağı daha da artırıb. Məhz bu marağın göstəricisidir ki, nüfuzlu dünya dövlətləri Azərbaycanla ikitərəfli əməkdaşlığa can atır, maraq göstərirlər. Bu baxımdan son illər ərzində İsraillə Azərbaycan arasında inkişaf edən əlaqələri xüsusi qeyd etmək yerinə düşər. Artan qarşılıqlı səfərlər, siyasi əlaqələrin yüksələn xətlə inkişaf etməsi Bakı-Təl-Əviv münasibətlərinin yeni bir mərhələnin başladığından xəbər verir. Yaxın vaxtlarda İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana baş tutacaq səfəri də Bakı-Təl-Əviv əlaqələrinin inkişafına öz müsbət təsirini göstərəcək. Hər halda siyasi şəhrçilər, müstəqil ekspertlər bu qənaətdədirlər.
***
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, İsrail baş nazirinin ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir: "İsrailin baş naziri Binyamin Netanyahunun Azərbaycana rəsmi səfəri gözlənilir.İsraillə ölkəmizin siyasi-iqtisadi, hərbi əlaqələrinin yüksək səviyyədə olması, bu səfərin gerçəkləşməsində mühüm rol oynayır. İsrail Azərbaycana müasir hərbi silahlar, hərbi avadanlıqlar və reaktiv raket sistemləri, ən əsası aprel döyüşlərində erməniləri qorxuya salan kamikadze pilotsuz aparatlar verməklə Azərbaycanın hərbi sənayesinin inkişafına dəstək veribdir". Politoloq bildirib ki, bu yaxınlarda israilli generalın Bakıda bəyanat verərək, Təl-Əvivin yeni silahlarını Bakıya gətirəcəyini qeyd etməsi ,Ermənistanda həyacana səbəb olub: "Verilən silahlar müqabilində Azərbaycan bunun qarşılığında İsraili neftlə təmin etməkdədir". Məhəmməd Əsədullazadə hesab edir ki, İsrail baş nazirinin səfəri çərçivəsində müzakirə olunacaq əsas mövzulardan biri, rəsmi Təl-Əvivlə birlikdə yeni hərbi sənayenin ölkəmizdə qurulması və böyük həcmdə silahlar istehsal edərək Azərbaycanın silah ixracatından böyük gəlirlər götürmək planıdır: "İsrail bu, kimi sahələrdə Azərbaycanla əlaqələrdə maraqlıdır. Həmçinin İsraillə əlaqələrin yüksək səviyyədə olması, dünyada böyük təsir imkanlarına malik yəhudi lobbisinin dəstəyini qazanmaq baxımından da önəmlidir. Azərbaycanın xarici diplomatiyasının inkişaf etdirilməsi, əlaqlərin qurulmasında bu, lobbinin yardımları
kifayət qədər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan İsraillə əlaqələrə dövlət səviyyəsində Türkiyə qədər önəm verir. Lakin İsrailin BMT -də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələnin səsverməsi zamanı bitərəf qalması bizi məyus etdi. Ancaq, görünür burada Birləşmiş Ştatların müəyyən təsiri görünməkdədir . Bu,sahədə İsraillə ciddi danışıqların aparılması lazımdır". Mərkəz rəhbərinin sözlərinə görə, Ermənistanla müharibə şəraitində olan ölkəmiz üçün İsrailin hərbi imkanlarından yararlanmaq mütləqdi və hərbi arsenalımızın yüksək döyüş qabiliyyətinin formalaşmasında mühüm rol oynayır: "Yəqin ki, İsrailin baş nazirinin səfərindən sonra İranın Azərbaycana müəyyən mesajları olacaq. Böyük ehtmal ki, İran prezidenti İsrail baş naziri Benyamin Netanyahunun səfəridən sonra çoxdan arzuladığı Ermənistan səfərini reallaşdırar". Politoloq onu da deyib ki, İsrailin baş naziri Benyamin Netanyahunun ölkəmizə səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edəcək: "Bu iki əməkdaşlıq hər hansı bir ölkəyə qarşı yönəlməyib".
Politoloq Əli Qənbərlinin sözlərinə görə, İsrail Azərbaycan münasibətlərinin tarixinə nəzər saldıqda bu münasibətlərin daim, müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyinin şahidi olarıq: "Əlbəttə ki, burada ortaq maraqların böyük əhəmiyyəti vardır. İsraillə Azərbaycan arasında su təsərrüfatı, telekommunikasiya, turizm, neft, qaz və müdafiə sahələrində əməkdaşlıq vardır". Politoloq onu da qeyd edib ki, Azərbaycan tarixən yəhudilərin yaşadığı yerlərdən biri olub: "Avropanın ən böyük yəhudi sinaqoqunun Bakıda yerləşməsi, eyni zamanda Azərbaycanın bir sıra yerlərində yəhudi yaşayış məskənləri iki ölkə arasında mədəni əlaqələrin olduğuna və xalqların qarşılıqlı yaşam tərzinə işarədir. Hazırki, beynəlxalq münasibətlər şəraitində Azərbaycan və İsrail arasındakı münasibətlərin inkişafı hər iki ölkə üçün əhəmiyyətlidir. Müxtəlif vaxtlarda iki ölkənin yüksək vəzifəli şəxslərinin səfərləri bu əlaqələrin hazırki inkişafı üçün əlverişli zəmin yaradıb. İsrail baş nazirinin Azərbaycana gözlənilən səfəri iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlığın müzakirəsi və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından önəmli ola bilər. Eyni zamanda bu səfərin Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistana bir mesaj ola biləcəyini düşünürəm. Çünki, səfər çərçivəsində bir sıra məsələlərin müzakirəsi ilə yanaşı hərbi sahədə də, əməkdaşlıq məsələlərinin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıla bilər. Ümumilikdə, səfərin hər iki ölkə üçün səmərəli ola biləcəyinə inanıram".
Süleyman