Sahibkarların da hüquqları Ana Yasa ilə qorunur
Sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan ümumxalq səsverməsinə çıxarılan bir sıra məsələlər birbaşa ölkənin iqtisadi inkişafı ilə bağlıdır. Belə ki, Konstitusiyaya təklif olunan dəyişikliklərdə sahibkarlıq və xüsusi mülkiyyət barədə də bir sıra müddəalar əks olunur.
14 Sentyabr 2016 14:43 SiyasətKonstitusiya dəyişiklikləri bunu bir daha sübut edir
Sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan ümumxalq səsverməsinə çıxarılan bir sıra məsələlər birbaşa ölkənin iqtisadi inkişafı ilə bağlıdır. Belə ki, Konstitusiyaya təklif olunan dəyişikliklərdə sahibkarlıq və xüsusi mülkiyyət barədə də bir sıra müddəalar əks olunur. Ekspertlərin qənaətinə görə, məhz bu məsələlər ölkədə uzun müddətdən bəri həllini gözləyən iqtisadi problrmlərin çözülməsinə şərait yaradacaq. Milli Məclisin deputatı, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Mirzəcan Xəlilov qeyd edib ki, son illər dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik və tərəfdaş ölkələrdə milli valyutaların dəyərdən düşməsi fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılıq nümayiş etdirməsi bir daha göstərir ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti və vaxtında görülmüş qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaradıb: "Qeyd edək ki, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasətin davamı olaraq, son zamanlar Azərbaycan Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırma sistemi təkmilləşdirilib, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul edilib. Sahibkarlıq sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında Apellyasiya Şuralarının yaradılmasıdır. Bundan başqa, müvafiq qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən sahibkarların investisiya təşviqi sənədini aldıqları andan idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular 7 il müddətinə gömrük rüsumlarından azad olunub. Eyni zamanda, sahibkarlar investisiya təşviqi sənədinə əsasən 7 il müddətinə fiziki şəxslərin gəlirinin və hüquqi şəxslərin mənfəətinin 50 faizinə görə vergidən, həmçinin əmlak və torpaq vergisindən, müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə ƏDV-dən azaddır. Bütün bunlar isə ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurla davam etməsinin əyani göstəriciləridir. Onu da qeyd edim ki, sahibkarların da hüquqları Konstitusiya ilə qorunur. Əsas qanunun 13.2. maddəsinin belə bir II hissə əlavə edilməsi də buna sübutdur: "II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir". Amma onu da vurğulamaq lazımdır ki, sahibkarlar sosial məsuliyyət də daşıyırlar. Bu səbəbdən də Konstitusiyaya "xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur" kimi müddəa da daxil edilir. Məhz bu müddəa sahibkarları öz fəaliyyətlərində sosial məsələlərdə iştiraka da təşviq edir. Bütövlükdə, təkliflərin hər biri milli və dövlət maraqlarına cavab verir". Millət vəkili əlavə edib ki, insanların referendum aktına münasibəti olduqca müsbətdir: "Biz seçicilərlə görüşlərimizdə bunun əyani şahidi oluruq. Yuxarıda qeyd etdim ki, xalqımız cənab Prezidentin həyata keçirdiyi siyasəti, verdiyi qərarları birmənalı olaraq dəstəkləyir. Referendum aktı Prezident İlham Əliyevin təşəbbüsüdür və bu amil vətəndaşların konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləməsini şərtləndirir. Görüşlərimiz zamanı da insanlar bu məqamı vurğulayırlar ki, dövlət başçısı İlham Əliyevdən gələn bütün təşəbbüsləri müdafiə edirik. Onlar sentyabrın 26-da seçki məntəqələrinə gedərək referendum aktına səs verəcəklərini bildirirlər. Bununla belə, "Yeni Azərbaycan" təşviqat qrupu üzərinə düşən vəzifəni yerinə yetirərək konstitusiya islahatlarının mahiyyətini insanlara izah edir, onları referendum günü fəal olmağa çağırır. Çünki bəzi müxalifət qüvvələri bu islahatların əleyhinə təbliğat aparırlar. Düşünürəm ki, bu cəhdlər əbəsdir və heç bir nəticə verməyəcək. İnanıram ki, seçicilər yüksək səs çoxluğu ilə referendum aktını dəstəkləyəcəklər".
Alim