Həmsədrlərin ikili oyunu problemin həllinə mane olur
Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ probleminin həlli istiqamətində müşahidə edilən diplomatik hərəkətlilik ilkin mərhələdə Azərbaycanın maraqlarına uyğun görünüb, ərazi bütövlüyümüzün tezliklə təmin olunacağına ümid yaratsa da, lakin son vaxtlar bu istiqamətdə mənfi tendensiya müşahidə edilməkdədir.
14 Sentyabr 2016 12:48 SiyasətVasitəçilərin əsas məqsədi münaqişəni həll etmək yox, mövcud status-kvonu saxlamaqdır
Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ probleminin həlli istiqamətində müşahidə edilən diplomatik hərəkətlilik ilkin mərhələdə Azərbaycanın maraqlarına uyğun görünüb, ərazi bütövlüyümüzün tezliklə təmin olunacağına ümid yaratsa da, lakin son vaxtlar bu istiqamətdə mənfi tendensiya müşahidə edilməkdədir. Daha doğrusu münaqişənin həllində vasitəçiliyi öz üzərinə götürən ATƏT-in Minsk qrupunun hələ də işğalçı ilə işğala məruz qalan tərəf arasında heç bir fərq qoymaması, Ermənistana münaqişənin həlli məqsədilə təzyiq göstərilməməsi Yerevanı daha da qeyri-konstruktiv mövqe nümayiş etdirməyə sövq edir. Elə ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin bu günlərdə verdiyi açıqlama da məhz bu qəbildən hesab oluna bilər. Məlumat üçün qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu günlərdə verdiyi açıqlamada "Qarabağ məsələsinin" sülh yolu ilə həlli planının ortada olduğunu vurğulasa da, lakin həll variantı barədə söylədiyi fikirlər heç də Azərbaycanın maraqlarına uyğun sayıla bilməz. Amerikalı həmsədr Dağlıq Qarabağ probleminin həlli planının şərtlərini uzun illər boyu müzakirə etdiklərini də diqqətə çatdırıb. Uorlikin qənaətincə, məsələ elə həll olunmalıdır ki,qalib və məğlub tərəf olmasın.Yəni hər iki tərəf güzəştlərə getməlidir. Amerikalı həmsədr,həmçinin erməni və azərbaycanlıların uzun müddət burada birlikdə yaşadıqlarını,ancaq son illərdə ayrı düşdüklərini və s. də vurğulayıb: "Bizim üçün ideal həll yolu odur ki, qalib və məğlub tərəf olmasın, hər iki tərəfə sərfəli həll yolu tapılsın. Bir çox illər ərzində digər məsələlər barədə danışıqlar aparmış adam kimi deyə bilərəm ki, əgər tərəflərdən biri qurbanlara və kompromislərə getsə danışıqlar uğurlu ola bilməz. Danışıqlar o vaxt uğurlu olarkı ki, hər iki tərəf qazansın-Ermənistan və Azərbaycan sakinləri, bütün region sülh və təhlükəsizlik şəraitində yaşamaq haqqına malikdir".ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin son açıqlaması Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olub. Siyasi ekspertlər, analitiklər Uorlikin açıqlamasını şərh edərkən amerikalı həmsədrin məlum fikirlərini Azərbaycaln maraqlarına zidd hesab ediblər.
Müstəqil ekspert Rövşən Məmmədli bildirib ki, ATƏT-in Minsk qrupu və onun həmsədrləri tərəfindən yenə də ikibaşlı fikirlər səsləndirilib: "Bu dəfə dəamerikalı həmsədr Uorlikin dili ilə.Qarabağ məsələsində "qalib" və "məğlub" tərəflər axı niyə olmalıdır?. Bu torpaqlar qədim Azərbaycan torpaqlarıdır. Ermənilərdə 180 ildir Çar Rusiyasının müstəmləkəçilik siyasətinə uyğun olaraq xarici ölkələrdən buraya köçürülüb. Azərbaycan dövlətidə həmişə onların hüquqlarını layiqincə qoruyub,onları öz xalqından seçməyib. Ancaq "böyük Ermənistan" qurmaq."dənizdən-dənizə" dövlət yaratmaq xülyasında olan ermənilər separatçılıq edib,Ermənistan dövlətinin birbaşa dəstəyi və iştirakı ilə bu torpaqlarda yaşayan azərbaycanlıları öz doğma yurd-yuvalarından didərgin salıb,deportasiya ediblərsə, Dağlıq Qarabağı və onun ətrafındakı 8 rayonu (Şuşa hələ 90-cı illərdə Dağlıq Qarabağın tərkibindən qanuni yolla çıxmışdı) öz sahibinə və aboregeninə qaytarmaq nə zamandan "qalib" və "məğlub" tərəfləri yaradır.Bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur və bütün beynəlxalq birliklər də bu hüququ tanıyıb.İndi torpaqlar işğaldan azad edilir Azərbaycana qaytarılır.Bununla da itmiş ədalət bərpa olur". Rövşən Məmmədlinin sözlərinə görə, əgər Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətinin həmin ərazilərdə suverenliyini tanıyarsa və Konstitusiyamızı qəbul edərlərsə,onda onlarda Azərbaycanın digər vətəndaşları kimi orada və Azərbaycanın istədikləri digər ərazilərində yaşaya və bütün yerli idarəçilik hüquqlarına sahib ola bilərlər.Burada daha "qalib" ya "məğlub" tərəf axtarmağa ehtiyac yoxdur". Müstəqil ekspert deyib ki, ermənilər hələ 70-80 il bundan oncə əsassız olaraq,həmdə birtərəfli qaydada,imperialist qüvvələrin dəstəyi ilə "qalib" olub: "Onlar Azərbaycanın əbədi və əzəli torpaqlarında Ermənistan adlandırdıqları dövləti qurublar. Daha bundan artıq "qalib" mi olar? Yoxsa ermənilər bu Minsk qrupunun dəstəyinə güvənib yeni bir dövlət də qurmaq, yaxud müstəqilliyə bərabər hüquqlar əldə etmək istəyirlər? Yox. Nə qədər onlar bu xülyada olsalar, Qarabağ məsələsini sülh yolu ilə həll etmək mümkün olmayacaq.Uorliklər və onlar kimi düşünənlər qoy bilsinlər ki, bu cür siyasət aparsalar o halda sözü onlar yox, Azərbaycan ordusu deyəcək və sözün həqiqi mənasında Qarabağa, Zəngəzura əbədi sülh gətirəcək. Qoy Minsk üçlüyü öz xəbis niyyətlərindən kənara çəkilsinlər. Onda "uzun müddət biri-birindən ayrı düşmüş" ermənilərlə azərbaycanlılar Azərbaycan dövlətinin tərkibində yenə bir araya gəlib dinc mühitdə,sülh şəraitində və dostcasına, bir-birinə hörmət şəraitində birgə yaşayarlar. Əvvəlki münasibətlərdə yenidən qurular. Əgər Rusiya, Amerika, Qərb bu məsələyə burnunu soxmasaydı, heç ermənilərlə azərbaycanlılar arasında bu düşmənçilikdə yaranmayacaqdı".
Politoloq Məhəmməd Əsədullazadə də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin son açıqlamasını tənqid edib. O, bildirib ki, həmsədrlərin ən ciddi xətası işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymamalarıdır. Məhəmməd Əsədullazadə təssüf hissi ilə qeyd edib ki, bir çox beynəlxalq təşkilatlar da eyni mövqeni ortaya qoyur: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 20-ildən artıq həll olunmamasının səbəbi işğalçıya və işğala məruz qalanı eyni tutmaqdı . Qarabağ danışıqları bu, aspektdə davam edəcəksə, bundan sonra iyirmi ildə gözləyəcəyik?". Politoloq hesab edir ki, Birləşmiş Ştatlar problemdən uzaq, Rusiya isə status-kvonun qorunmasına çalışır.
S. İsmayılbəyli