Konstitusiya dəyişiklikləri milli təhlükəsizliyə töhvə verəcək

Sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan ümumxalq səsverməsinə çıxarılan məsələlər sırasında milli təhlükəsizliklə bağlı məqamlar da yer alıb.

Milli təhlükəsizliyi təhdid edən birliklərin yaranmasına qadağa qoyulacaq

Sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan ümumxalq səsverməsinə çıxarılan məsələlər sırasında milli təhlükəsizliklə bağlı məqamlar da yer alıb. Konstitusiya dəyişikliklərinə əsasən, ölkənin milli təhlükəsizliyini təhdid edə biləcək birliklərin yaranmasına konstitusion qadağa qoyulacaq. Sözssüz ki, konstitusiyada ediləcək bu dəyişiklik qanunsuz, xarici qüvvələrin təsiri altına düşmüş birliklərin fəaliyyətinə son qoyacaq. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Aqiyə Naxçıvanlı qeyd edib ki, inkişaf və sabitlik təhlükəsizlikdən ayrıca təsəvvür edilə bilməz. Bu mənada, milli təhlükəsizliyin təmin olunmasına töhfələr verəcək adekvat tədbirlər xüsusi önəm daşıyır. Məhz Referendum Aktının layihəsində də bu məsələlər öz əksini tapıb. Məsələn, 58-ci maddənin IV hissəsinin birinci cümləsinin "Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır" redaksiyada verilməsi təklif edilib. Bu və digər nümunələr islahatlar sırasında təhlükəsizliyin təmin olunmasına xidmət edən tədbirlərin reallaşdırılmasının da zəruri yer tutduğunu göstərir: "Ümumiyyətlə, bu gün Azərbaycan dövləti sabitliyi, təhlükəsizliyi ən yüksək səviyyədə qorumağı bacarır və hər bir vətəndaşının təhlükəsizliyinin qarantıdır. Bütövlükdə isə, Azərbaycan beynəlxalq miqyasda sabitlik adası kimi səciyyələndirilir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün öz iqtisadi-siyasi stabilliyinə, inkişaf tempinə görə istər qonşu dövlətlərdən, istərsə də region ölkələrindən seçilir. O baxımdan ki, həm siyasi müstəvidə qazanılan uğurlar, həm də iqtisadi sferada əldə olunan nailiyyətlər ölkənin müəyyənləşdirilmiş inkişaf strategiyası əsasında addımlamaqda davam etməsinə şərait yaradır, təhlükəsizlik və sabitliyə xidmət edir. Sadalananlar ölkəmizin tam sabit olduğunu, ictimai-siyasi sabitliyin milli inkişafa, dövlətin gücünün artmasına mühüm töhfələr verdiyini aşkar edir. Bu stabilliyin və inkişafın əsasında isə Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən siyasi kurs dayanır". Onun bildirdiyinə görə, Referendum Aktının layihəsində əksini tapan mühüm məsələlərdən biri məhkəmələrlə bağlıdır. Təklif olunan dəyişikliklərə görə, 60-cı maddədə bu bəndlər yer alır- "Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər". Millət vəkili qeyd edib ki, hakimiyyətin üç müstəqil qolundan biri nəzarətedici hakimiyyət, yəni məhkəmə institutudur və məhkəmələrin ədalətli olması bu institutun həm ictimai nüfuzunu artırır, həm də cəmiyyətdəki münasibətlərin məhz ədalət prinsipi əsasında tənzimlənməsini təmin edir. Referendum Aktının layihəsində qeyd edilib ki, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşsınlar və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Bu, məhkəmə hakimiyyətinin daha operativ, effektiv və ədalətli olmasını təmin edəcək maddələrdən biridir və bu cür yanaşma məhkəmə-hüquq sistemində yeni keyfiyyət dəyişikliyi yaradacaq. Deputatın sözlərinə görə, Referendum Aktının layihəsində əksini tapan məsələlərdən biri də Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlıdır. Layihədə qeyd edilib ki, Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır: "Müharibə şəraitində olan, ərazisinin 20 faizinin işğal altında olduğu bir ölkə üçün hakimiyyətin vahid bir mərkəzdə formalaşması olduqca vacib məsələlərdən biridir. Prezidentə bu səlahiyyətin verilməsi prezidentlik institutunu daha da möhkəmləndirməklə ölkənin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək. Digər bir mühüm məqam isə Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə iştirakı ilə bağlı olunan dəyişiklikdir. 85-ci maddənin I hissəsində "yaşı 25-dən aşağı olmayan" sözləri" seçkilərdə iştirak etmək hüququna malik olan" sözləri ilə əvəz edilməsi, həmçinin 100-cü maddədən "Yaşı otuz beşdən aşağı olmayan" sözləri çıxarılması təklif olunar. Bu o deməkdir ki, yeni müddəalarda seçkili orqanlarda və idarəetmədə təmsil olunmaq üçün yaş məhdudiyyəti ümumiyyətlə aradan qaldırılır. Bu zərurət ondan irəli gəlir ki, hazırda uzun illərin dövlət qayğısı sayəsində ölkəmizdə yeni intellektual gənc nəsil yetişib. Onların potensialından milli və dövlət maraqları üçün istifadə olunması dövrün aktual tələblərindən biridir. Ona görə də bu milli potensialdan səmərəli istifadə üçün hüquqi bazanın yenilənməsinə ehtiyac var idi. Təəssüf ki, bu dəyişikliklər bir sıra maraqlı qüvvələr tərəfindən qeyri-rasional və həqiqətdən uzaq formada şərh olunur və bununla da ictimai rəyi çaşdırmağa çalışırlar. Azərbaycan demokratik bir ölkədir. Azərbaycan Respublikasının Prezidentini də, Milli Məclisin üzvlərini də Azərbaycan xalqı seçir. Sabah 18 yaşında olan və qanunun müvafiq tələblərinə cavab verən istənilən Azərbaycan Respublikası vətəndaşı ona tanınan bu konstitusion hüquqdan istifadə edib öz namizədliyini rəli sürə bilər. Amma nəticədə onun seçilib seçilməyəcəyinə demokratik əsaslarda keçirilən seçkilər zamanı seçicilər, xalqımız qərar verəcək. Əgər, seçicilər sə verəcəksə, o da parlamentdə təmsil olunacaq. Ona görə də bu məsələ ətrafında manipulyasiya etməyə lüzum yoxdur".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31