Qarşıdakı aylarda erməni təxribatı arta bilər
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mövcud vəziyyət heç də qaneedici görünmür. Ermənistan tərəfinin ənənəvi olaraq nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe, danışıqlar prosesinə mane olmaq cəhdi yenə də açıq-aşkar özünü büruzə verir. Təssüflər olsun ki, hər zamankı kimi bu dəfə də beynəlxalq birlik, xüsusilə Dağlıq Qatabağ probleminin həllini öz üzərinə götürən ATƏT-on Minsk Qrupu işğalçı ölkənin bu şıltaqlığına göz yumur, ona qarşı hər hansı bir təzyiq vasitəsindən istifadə etmir.
8 Sentyabr 2016 14:00 SiyasətKTMT-yə rəhbərliyin Ermənistana keçməsi belə deməyə əsas verir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mövcud vəziyyət heç də qaneedici görünmür. Ermənistan tərəfinin ənənəvi olaraq nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe, danışıqlar prosesinə mane olmaq cəhdi yenə də açıq-aşkar özünü büruzə verir. Təssüflər olsun ki, hər zamankı kimi bu dəfə də beynəlxalq birlik, xüsusilə Dağlıq Qatabağ probleminin həllini öz üzərinə götürən ATƏT-on Minsk Qrupu işğalçı ölkənin bu şıltaqlığına göz yumur, ona qarşı hər hansı bir təzyiq vasitəsindən istifadə etmir.
Hazırda bir məqam da özünü büruzə verməkdədir. Sanki Ermənistan nəyisə, hansısa situasiyanın yetişməsini gözləyir. Elə bu səbəbdən də problemin həlli istiqamətində aparılan danışıqlar prosesini yubatmağa çalışır. Ekspertlər hesab edirlər ki, Ermənistan səbirsizliklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı baş katib dəyişikliyini gözləyir.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyir ki, sentyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katib seçiləcək: "İndiki baş katib Nikolay Bordyujanın sözlərinə görə, yeni baş katib Ermənistandan olacaq. Belə anlaşılır ki, həmin namizədin kimliyi ətrafında qapalı müzakirələr gedir". Politoloq bildirib ki, Nikolay Bordyuja İrəvanı su yoluna döndərmişdi və Ermənistanın mövqeyini dəstəkləyir: "Zaman-zaman bizi narahat edən açıqlamalar verirdi. Buna baxmayaraq, Bordyuja Rusiyanın təmsilçisi idi və tam özfəaliyyətlə məşğul ola bilməzdi. Yəni Kremlin istəyi əleyhinə Azərbaycanı hədəf götürə bilməzdi. Onun üçün müəyyən qırmızı cizgilər var idi. İndi isə baş katib erməni olacaq və aydındır ki, öz ölkəsinin maraqlarından çıxış edəcək". Elxan Şahinoğlunun qənaətincə, baş katibi erməni olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gələcəkdə istənilən təxribat gözləmək mümkündür: "Yeganə ümid Azərbaycanın tərəfdaşları olan Belarus və Qazaxıstanadır. Bu iki dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri olaraq erməni baş katibi mümkün təxribatlardan çəkindirməlidirlər. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı üzvlüyünün məqsədi digər üzv dövlətləri Azərbaycanla qarşı-qarşıya qoymaqdır. Ancaq hələ ki, özündən başqa digər üzv dövlətlər Azərbaycanla münasibətləri gərginləşdirmirlər, tam əksinə aprel döyüşlərində qurum neytrallığını qorudu. Başqa cür ola da bilməzdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın təhlükəsizliyinə cavabdehdir, Azərbaycanın isə Ermənistana hücum etmək planı yoxdur, Dağlıq Qarabağ və ətraf rayonları azad etməyə çalışır. Dağlıq Qarabağ və ətraf rayonlar isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yurisdiksiyası xaricindədir".
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formal bir ittifaqdır. Onun sözlərinə görə, post sovet məkanı respublikalarını hərbi müstəvidə
partnyor olmağını göstərmək üçün yaranmış bir qurumdur: "İlk gündən kağız üstündə olan təşkilat kimi tanınır. Eyni zamanda bu təşkilat bütövlükdə Rusiyanın nəzarətindədir. Baş katib vəzifəsi isə texniki vəzifədir. Ora daxil olan dövlətlərin bərabərhüquqlu təsisçi olmağını göstərmək üçün zaman-zaman rotasiya olunur. Ermənistan istəsə belə bu təşkilatən mövcud imkanlarından istifadə edə bilməz. Çünki KTMT bütün rıçaqları Rusiyanın əlindədir. Digər tərəfdən bu təşkilata daxil olan dövlətlər Qarabağ konfliktində Azərbaycanı ədalətli tərəf kimi görür və ərazi bütövlüyümüzü tanıyırlar".
Politoloq Əli Qənbərli isə qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hazırki beynəlxalq münasibətlər şəraitində təsir baxımından əhəmiyyətli rol oynamır: "Regional müstəvidə müəyyən təsirləri vardır. O da, hər hansı bir üzv ölkədə təlimlər keçirməklə kifayətlənir.Təşkilatın struktur, kadr məsələlərinə gəlincə isə qeyd etmək lazımdır ki, bu təşkilat birbaşa olaraq, Rusiyanın təşəbbüsü ilə yaranıb. Hansı millətin nümayəndəsinin təşkilat çərçivəsində birinci olmasının önəmi o qədər də böyük deyil. Növbəti rəhbərliyə Ermənistandan nümayəndə seçilməsi məsələsi də sadəcə olaraq nizamnamə məsələsidir. Yəni, buna heç bir üstünlük kimi yanaşmaq olmaz". Politoloq deyib ki, təşkilatda əsas söz sahibi yenə də Rusiya olacaq: "Düşünmürəm ki, bundan sonra təşkilatın Azərbaycana qarşı mövqeyi dəyişə bilər. Burada başlıca qüvvə Rusiyadır və Azərbaycan Rusiya ilə müxtəlif məsələlərdə tərəfdaşdır".
Süleyman İsmayılbəyli