Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün dalana dirənmiş vəziyyətdədir
Aprel döyüşlərindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatik hərəkətlilik artsa da, görünən odur ki, hələlik problemin həllinə nail olmaq mümkünsüzdür. Səbəb isə yenə də Ermənistanın ortaya qoyduğu qeyri-konstruktiv mövqedir. Xüsusilə, son günlər işğalçı ölkə rəhbərliyinin sərgilədiyi mövqe, yenidən işğal altında olan ərazilərə səfər etməsi, Şuşa şəhərində bir neçə obyektin açılış mərasiminə qatılması onu deməyə əsas verir ki, Ermənistan problemin sülh yolu ilə həllinə maraqlı deyil.
5 Sentyabr 2016 12:39 SiyasətArzu Nağıyev: "Ermənistan tərəfi müxtəlif yalan arqumentlər gətirərək prosesi ləngitməklə məşğuldur"
"Sərkisyan və onun komandası öz hakimiyyətlərinin ömrünü uzatmaq üçün bir sıra siyasi gedişlər edirlər"
Aprel döyüşlərindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatik hərəkətlilik artsa da, görünən odur ki, hələlik problemin həllinə nail olmaq mümkünsüzdür. Səbəb isə yenə də Ermənistanın ortaya qoyduğu qeyri-konstruktiv mövqedir. Xüsusilə, son günlər işğalçı ölkə rəhbərliyinin sərgilədiyi mövqe, yenidən işğal altında olan ərazilərə səfər etməsi, Şuşa şəhərində bir neçə obyektin açılış mərasiminə qatılması onu deməyə əsas verir ki, Ermənistan problemin sülh yolu ilə həllinə maraqlı deyil. Bəs, belə olan halda Azərbaycan hansı addımı atmalıdır? Ümumiyyətlə, Ermənistanın qeyri-konstruktiv mövqeyi və sülh prosesindən qaçması cəbhədə yenidən gərginliyin artması, hərbi əməliyyatların başlamasına yol aça bilərmi? Bu və digər suallarla siyasi ekspert, politoloq Arzu Nağıyevə müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Arzu Nağıyev Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yubanmasının səbəblərinə də aydınlıq gətirib.
-Arzu müəllim, Dağlıq Qarabağ probleminin həlli istiqamətində mövcud situasiyanı necə dəyərləndirirsiniz?
-Dağlıq Qarabağ münaqişəsinin həlli demək olar ki. bu gün dalana dirənmiş bir vəziyyətdədir. Azərbaycan tərəfi bütün beynəlxalq qanunvericilklərə uyğun olaraq öz şərtlərini təqdim edib. Aprel döyüşlərindən sonra keçirilən istər Vyana, istərsə də Sankt-Peterburq görüşlərində də bu haqda bildirib. Buna baxmayaraq Ermənistan tərəfi müxtəlif yalan arqumentlər gətirərək prosesi ləngitməklə məşğuldur, beynəlxalq normalara məhəl qoymur və təbii ki, Serj Sərkisyan və onun komandası öz hakimiyyətlərinin ömrünü uzatmaq üçün bir sıra siyasi gedişlər edirlər. Buna misal kimi son mitinqlər və digər siyasi şouları göstərmək kifayətdir. -Sizcə prezidentlərin görüşünün yubanmasının başlıca səbəbi nədir?
-Düşünürəm ki, Prezidentlərin görüşündə ən maraqlı tərəf ATƏT -in Minsk Qrupunun həmsədrləridir. Onlar öz hesabatları xatirinə və ya veriləcək deklorativ bəyanatlar üçün çalışırlar. Demək olar ki, son görüşlərdə bütün variantlar müzakirə edilib və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin həlli, daha doğrusu
ilk növbədə Ermənistan işğalçı ordusunun ərazilərimizi tərk etməsi məsələsi konkret qoyulub. Lakin bütün bunlar danışıqlardan o yana keçmir və nəticə olaraq Azərbaycan tərəfinin görüş naminə görüş keçirməsi heç də məqsədəuyğun deyil. Əsas səbəb kimi məhz bunu göstərmək olar.
-Bu arada Serk Sərkisyanın Qarabağa gəlməsi Ermənistanın problemin sülh yolu ilə həllinı hazır olmadığından xəbər vermirmi?
-Serj Sərkisyan mütəmadi olaraq Dağlıq Qarabağa səfərlər edir və separatçılarla məsləhətləşmələr aparır. Bu görüşlərdə bir neşə məqam var. İlk növbədə Sərkisyan Dağlıq Qarabağa müstəqillik söz verib yerinə yetirə bilmədiyi üçün günahlarını yumağa çalışır. Digər tərəfdən başa düşüləndir ki, məhz səhra komandiri olan bu şəxs, məhz münaqişə üzərindən öz qaniçən dəstəsi ilə Ermənistanda hakimiyyəti zəbt edib və istənilən vaxt aradan götürülə biləcəyini başa düşür. Bu səbəbdən mütəmadi olaraq yarınmaq üçün işğal olunan ərazilərə gəlir. Serj Sərkisyandan asılı olsa idi çoxdan sülhə gedərdi. Özü də bilir ki, o, söz sahibi deyil. Buna görə də məcburiyyət qarşısında səfərlərini davam etdirir.
-Ermənistanın bu mövqeyi cəbhədə yenidən gərginliyin artmasına səbəb olarmı?
-Ermənistan hansı mövqedə olmasından asılı olmayaraq Rusiyasız heç bir qərar qəbul edə bilməz. Yəni danışıqları pozmaq üçün hansısa xırda təxribatlara əl ata bilər. Lakin genişmiqyaslı əməliyyatlar keçirmək iqtidarında və gücündə deyil. Son aprel hadisələrindən sonra bunu daha dərindən dərk edən Ermənistan rəhbərliyinin bu gün güvənc yeri ancaq Rusiyadır. Rusiya da təbii ki, müharibənin yenidən alovlanmasının marağında deyil. Çünki beynəlxalq ictimaiyyət bunu başa düşməyəcəkdir. Eyni zamanda Rusiya münaqişə alovunun söndürülməsində ən maraqlı tərəf olmalıdır.
-Sizcə, konkret olaraq hazırkı situasiyada Ermənistanın başlıca məqsədi nədən ibarətdir?
-Düşünürəm ki, konkret məqsəd Rusiyanın təlimatlarına uyğun hərəkət etməkdir. Daha doğrusu, məqsəd Sərkisyan hakimiyyətini nəyin bahasına olursa olsun saxlamaqdır. Bunun da əsas yolu münaqişənin həllinin uzadılmasıdır. Eyni zamanda ATƏT-n Minsk qrupunun həmsədri olan Birləşmiş Ştatlarda noyabrda seçkilər keçirilməlidir və siyasi kursun nədən ibarət olacağı da mühüm amildir. Bundan başqa Rusiya-Türkiyə münasibətləri də münaqişəyə təsir edəcək məsələdir. Bir sözlə gözləmə mövqeyi Azərbaycanı qane etməsə də, Ermənistan bundan yararlanmağa çalışır. Lakin bütün bunlara baxmayarq dünya ictimaiyyəti
böyük iqtisadi layihələri həyata keçirmək üçün regionda təhlükəsizliyin təmin edilməsini tələb edirlər. Region üçün isə ən böyük təhlkə məhz Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir.
S.İsmayılbəyli